Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Dostu Rasim Məmmədovu yalan danışmaqda, o da onu üzə durmaqda ittiham edir

Dostu Rasim Məmmədovu yalan danışmaqda, o da onu üzə durmaqda ittiham edir

“Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə“Baku Steel Company” MMC-nin (poladəritmə zavodu) Müşahidə Şurasının sabiq sədri, iki ilə yaxındır həbsdə olan Rasim Məmmədovun dostu və iş ortağı Yusif Hənifəzadə onu yalan danışmaqda suçlayıb. O, iddia edib ki, Məmmədovun “Baku Steel Company”ni öz puluyla alması, gəlirləri “yuxarılara” çatdırması haqda öz məhkəməsində səsləndirdiyi iddialar həqiqətə uyğun deyil.

Rasim Məmmədov isə deyib ki, bu dedikləri Yusif Hənifəzadənin öz fikirləri deyil, ona belə danışmaq barədə göstəriş verilib. Onun sözlərinə görə, keçmiş dostu haqqında Dövlət Təhlükəsizliyi Xidmətində, Daxili İşlər Nazirliyində araşdırmalar gedir və bu üzdən verilən göstərişi yerinə yetirir.

Budəfəki məhkəmədə Rasim Məmmədovun vəkilləri bir sıra vəsatətlər qaldırıblar. Onlardan biri həbsdəki işadamının isveçrəli müdafiəçiləri və bu məhkəmə prosesindən kənarlandırılan vəkil Elçin Sadıqov haqda olub: “Xahiş edirik, beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq, Rasim Məmmədovun xaricdən gələn vəkilləri bu prosesə müdafiəçi qismində buraxılsın. Onların Rasim Məmmədovla konfidensial görüşməsinə imkan yaradılsın. Biz bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına, Ədliyyə Nazirliyinə, Prezident Administrasiyasına, Vəkillər Kollegiyasına və başqa qurumlara müraciət etmişik. Bəzilərindən cavab gəlib, bəzilərindən yox. Xahiş edirik, bu məsələ beynəlxalq çərçivədə həllini tapana qədər məhkəmə prosesi təxirə salınsın. Eyni zamanda, Elçin Sadıqovun da bu prosesdən kənarlaşdırılmasını qanunsuz hesab edirik, onun müdafiə prosesində buraxılmasını istəyirik”.

Məhkəmə vəsatəti təmin etməyib. Hakim bildirib ki, Elçin Sadıqovun bu prosesdə iştirakıyla bağlı artıq qərar qəbul edilib və dəyişmir. Əcnəbi vəkillərin prosesdə müdafiəçi kimi iştirakına gəlincə, hakimlər vurğulayıb ki, məhkəmənin cavabı belə olub: “Azərbaycanda yalnız bu ölkədə vəkillik fəaliyyəti həyata keçirmək səlahiyyəti olan şəxslər müdafiəçi qismində iştirak edə bilər. Bunun üçün Azərbaycanda vəkillik fəaliyyəti həyata keçirməyə səlahiyyət verən sənəd məhkəməyə təqdim olunmalıdır”.

Azərbaycan qanunlarına görə, ölkədə yalnız Vəkillər Kollegiyasının üzvü olan şəxslər vəkil kimi fəaliyyət göstərə bilər.

Müdafiə tərəfinin daha bir vəsatəti isə prosesin audio-video yazısına icazə verilməsi haqda olub. Vəkil bildirib ki, bir sıra hallarda məhkəmə iclaslarında baş verənlər protokollarda əksini tapmır, yaxud da təhrif olunur: “Prosessual Məcəllədə aydın göstərilib ki, məhkəmə iclasından sonra üç gün ərzində protokol hazırlanıb, tərəflərə tanış olmaq üçün təqdim edilməlidir. Təcrübədə isə hakimlər hökm çıxarılandan sonra verirlər protokolları. Onda da baxıb görürsən ki, nə qədər məsələlər təhrif olunub, protokolda yazılmayıb”.

Vəkillər Rasim Məmmədovun məhkəmə zalındakı şüşə kabinədən çıxarılıb, müdafiəçilərinin yanında əyləşməsinə icazə verilməsi barədə də vəsatət qaldırıblar. Onlar Avropa Məhkəməsinin “Cəfərli Azərbaycana qarşı” qərarını yada salıblar. Həmin qərarda Avropa Məhkəməsi Natiq Cəfərlinin məhkəmədə dəmir qəfəsdə saxlanmasını təqsirsizlik prezumpsiyası hüququnun pozuntusu kimi qiymətləndirib.

Bu vəsatətlərə gəlincə, hakim deyib ki, eyni məsələlər məhkəmənin hazırlıq iclasında da qaldırılmışdı və o zaman münasibət bildirilib.

Daha sonra Yusif Hənifəzadə dindirilib.

Rasim Məmmədov yeyinti, israfçılıq nəticəsində “Baku Steel Company”ə 185 milyon manat ziyan vurmaqda təqsirləndirilir. O isə deyir ki, bu barədə ittihamda yazılanlar yalandı. Həm də vurğulayır ki, zavod onun özünə məxsusdur, onu öz malını mənimsəməkdə ittiham eləmək absurddur.

Hənifəzadə isə deyir ki, zavod Məmmədovun deyil, amma kimə məxsus olduğunu da açıqlamır. Onun sözlərinə görə, “Baku Steel Company”nin Məmmədovdan əvvəlki rəhbərliyi milliyyətcə yəhudi olan işadamları idi. Onların dövründə baş direktor olan Devid də “Baku Steel Company”ə “Bakcell”dən gedibmiş:
“Devidə dedim, payçıları (Maşkeyeviç və Beni) yola gətirsin, oranı alaq. Yəhudi işadamları da buradan getmək istəyirdilər. Beni 25 faizlik payını 15 milyona satdı. Maşkeyeviç satmaq istəmirdi, onu da yola gətirdi. O da özünün 25 faizlik payını satdı. 50 faiz də əvvəldən “Politon” şirkətinə satılmışdı. Necə oldusa, Rasim Müşahidə Şurasının sədri oldu”.

Hənifəzadə “Politon”un kimə məxsus olduğunu da açıqlamaq istəməyib.

Hənifəzadə deyir ki, keçmiş dostu böyük pullar qazanmağa başlayandan sonra çox dəyişib, hətta onun telefonlarına cavab verməməyə başlayıb. Onun sözlərinə görə, Məmmədov həm ölkə daxilində, həm də xaricdə müxtəlif şirkətlər yaradır, zavodlar alırdı. Onların vasitəsilə də “Baku Steel Company”ə ziyan vururdu: “O şirkətlər hamısı pulyuma vasitəsi idi. O şirkətlərə “Baku Steel”in armaturlarını ucuz verirdi, onlar da üstünə marja qoyub satırdı. Bir şirkətin dövriyyəsi şişən kimi başqasını yaradırdı. 2016-2017-ci illərdə Aktauda zavod tikirdi. “Baku Steel”in kassasında 39-40 milyon borc yaranmışdı, maaşları, işıqpulunu verə bilmirdi”.

Hənifəzadə iddia edib ki, “yuxarı”ya vermək adıyla zavodun kassasından çıxan pulları Məmmədov özünə götürüb. Onun sözlərinə görə, 2020-ci ildə buna əmin olub: “Mən zavodda idim, dedi ki, təcili 350 min lazımdır, çatmalıdır. Orada işçilər düzüb-qoşub düzəltdilər. Həmin gün düşdüm dalınca, onu izlədim, gördüm ki, evinə getdi, başqa yerə yox. Onda başa düşdüm ki, “yuxarı” deyəndə öz evini nəzərdə tuturmuş. Evi axırıncı mərtəbədə yerləşir…”

Keçmiş dostu Məmmədovu həm də “Araz” kinoteatrı məsələsində onu aldatmaqda suçlayıb. Hənifəzadə deyib ki, 2011-ci ildə kinoteatrın binasının satılması məsələsi ortaya çıxanda Məmmədov ona binanı şərik almağı təklif edib. Söz verib ki, əmlak onun adına olacaq: “3.5 milyon pul verdim. 3 ay sonra gördüm ki, atasının adına alıb”.

Məmmədov Hənifəzadənin həqiqətləri bilə-bilə yalan danışdığını bildirib, onu “qorxaq” adlandırıb. Onun sözlərinə görə, zavodun maliyyə direktoru Mübariz Səmədov əvvəllər “Bakcell”də Hənifəzadənin işçisi olub, indi də yaxın münasibətləri var. Məhz Səmədovun istintaqa təqdim etdiyi flaş-kartda “Baku Steel Company”nin nə qədər gəlirləri olduğu, nə qədər kimə verildiyi açıq şəkildə əksini tapıb: “Sən öz sözünü demirsən, sənə öyrədiləni, DTX-nın sözünü deyirsən burada. Təqsir məndədir ki, sizin kimilərlə işləmişəm. Vaxtilə mən Eldar Mahmudovdan canını qurtaranda belə danışmırdın. Sənin Mübarizinin qeydləri və təqdim etdiyi flaş-karta baxanda görünür ki, “Baku Steel Company”nin gəlirlərindən mənə cəmi 15 milyon çatıb. İndi Elçin Muradovun (işadamı) böyründəsən, Allah eləməsin, o da gəlib bura düşsə, gəlib onun da üzünə durarsan…”

“Yeni Müsavat”

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …