Bazar ertəsi , Sentyabr 28 2020
Ana səhifə / Kriminal / Dostların meyvə, şokolad, konyak qonaqlığı qanlı bitdi – TƏFƏRRÜAT

Dostların meyvə, şokolad, konyak qonaqlığı qanlı bitdi – TƏFƏRRÜAT

Kafedə bir-birini tanımayan iki nəfərin mübahisəsi qanlı bitib. Davaya çevrilən mübahisənin səbəbi isə onların təsadüfən çiyin-çiyinə dəyməsi olub.

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən 1990-cı il təvəllüdlü Alıyev Vahid Rəftar oğlunun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Cinayət işi hakim Eldar İsmayılovun sədrliyi ilə araşdırılıb.

İttihamda yazılır ki, Vahid Alıyev 2019-cu ilin 12 fevralında Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Cənub” kafesində əvvəllər tanımadığı Mübariz Məmmədovla mübahisə edib. Belə ki, içkili olan Vahid kafedən çıxarkən Mübarizlə çiyin-çiyinə dəyib. Bu səbəbdən onlar arasında mübahisə yaranıb. İlk mübahisəni kafedə olan digər müştərilər sakitləşdirib. Daha sonra Mübariz kafenin həyətində siqaret çəkən zaman Vahid də telefonla danışmaq üçün həyətə çıxıb. Mübahisə burada da başlayıb. Onlar əvvəlcə əlbəyaxa olublar. Daha sonra Vahid cibindən çıxardığı qatlanan bıçağın dəstəyi ilə Mübarizin baş və digər nahiyələrinə zərbələr endirib.

Elan olunmuş ittihamla Vahid özünü qismən təqsirli bilib. Deyib ki, törətdiyi əməldən peşmandır. Vahid bildirib ki, Mübarizi vurmaq niyyəti olmayıb:

“Kafedə kabinetdə oturmuşdum. Dostumla meyvə və şokoladla konyak içirdik. Sonra mən telefonla danışmaq üçün kabinetdə çıxdım. Orada əvvəlcə tanımadığım, sonradan adının Mübariz olduğunu bildiyim şəxslə çiyin-çiyinə dəydim. Biz mübahisə elədik. Digər müştərilər bizi sakitləşdirdi. Bir az sonra mən kafenin həyətinə çıxdım. Mübariz də orada telefonla danışırdı. Mübariz mənim yanıma gələrək mübahisəni davam etdirdi. Mən ona içkili olduğumu desəm də məhəl qoymadı. Mübahisə davam etdi və o məni vurmağa başladı. Mən də özümü müdafiə etmək üçün onu vurdum. Daha sonra oradan uzaqlaşdım. Bıçağı da yaxınlıqdakı qamışlığa atdım. Həyəcanlı idim, özümü itirmişdim. Səhər də gedib polisə təslim oldum”.

Vahid əməlindən peşman olduğunu, ailəsinin Mübarizlə barışıq əldə etdiyini deyib.

Məhkəmədə zərərçəkmiş Mübariz də ifadə verib. O isə ifadəsində günahkarın Vahid olduğunu, mübahisəyə və davaya səbəbkar onun olduğunu deyib.

Mübariz bildirib ki, hadisə vaxtı içkili olmayıb, söyüş söyməyib. O, ilk zərbəni Vahidin vurduğunu deyib:

“Onunla çiyin-çiyinə dəyəndə mən kənara çəkildim. Amma o, çiyninə dəydiyim üçün mənə irad tutdu. Mübahisə etməyə başladı. Bizi ətrafda olan şəxslər sakitləşdirdi. Sonra mən siqaret çəkmək üçün həyətə çıxanda Vahid də ora gəldi. Yenə də mənimlə mübahisə eləməyə başladı. Əvvəlcə əlində olan bıçaqla başımdan vurdu. Başımdan qan axanda heç nə hiss eləmədim. Sonra bildim ki, sinəmdən də bıçaq dəyib. Könəyi cırıb yarama baxdım. Evə çatanda anam təcili yardıma zəng elədi. Məni xəstəxanaya apardılar”.

Mübariz hazırda şikayət və tələbinin olmadığını, Vahidin ailəsinin ona maddi yardım etdiyini, müalicə xərclərini qarşıladığını deyib. Mübariz Vahidə yüngül cəza verilməsini istəyib.

Məhkəmədə Vahidin vəkili Elnur Salmanov müdafiə çıxışı edib.

Vəkil tərəflər arasında barışıq əldə edildiyini, müdafiə etdiyi şəxsin ilk dəfədir cinayət əməli törətdiyini və səmimi peşmançılıq hissi keçirdiyini deyib. Müdafiəçi Vahidə ən aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş edib.

Dövlət ittihamçısı çıxışında Vahid Alıyevin 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hakim elan edib ki, tərəflər arasında barışıq əldə edilib, təqsirləndirilən şəxs ilk dəfədir cinayət əməli törədir və buna görə də ona ən aşağı həddə cəza təyin etmək olar.

Hökmə əsasən Vahid Alıyev 3 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumirejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Musavat.com

Həmçinin oxuyun

İstintaq başa çatdı, ancaq biznes-ledi hələ də ərini qətlə yetirdiyini etiraf etmədi

Əri 40 yaşlı Araz Sofiyevin qətlində təqsirləndirilən “4S” şirkətinin rəhbərinin keçmiş müavini Rəna Sofiyevanın cinayət …