Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / Dolların sonrakı taleyi necə olacaq? – TƏHLİL

Dolların sonrakı taleyi necə olacaq? – TƏHLİL

Əslində dolların bundan sonrakı taleyinin necə olacağı ABŞ-n yeni prezidentinin sərgiləcəyi iqtisadi siyasətdən və buna uyğun ortaya qoyulacaq maliyyə siyasətindən bilavasitə asılı olacaqdır. Bu məsələlərdə isə hələlik kifayət qədər qeyri-müəyyənlik mıvcuddur. Seçkiqabağı bəyanatlarında Trampın aparacağı iqtisadi siyasətə dair səsləndirdiyi fikirlər bu gün dünya iqtisadi müstəvisində sürətlə gedən qloballaşmanın əksini nəzərdə tuturdu. Elə onun prezident kürsüsünə oturduqdan sonra imzaladığı ilk sərəncam da Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı təşkilatından öz ölkəsinin çıxmasını rəsmiləşdirdi. Trampın bu addımı bir çox ölkələrin liderlərini kifayət qədər narahat etdi. Digər tərəfdən onun ABŞ-n Federal Ehtiyat Sisteminin fəaliyətini təftiş etmək məqsədilə xüsusi qanunvericilik bazasını yaratmaq cəhdləri və bu təşkilatın ABŞ hökumətinin tərkibində dyil, özəl Mərkəzi Bank olmasını həzm edə bilməməsi, bundan sonra hadisələrin necə inkişaf edəcəyinə proqnozlaşdırmaqda çətinliklər yaradır. Bu gün Tramp 100 il bundan öncə yaradılmış Federal Ehtiyat Sistemini – ABŞ Mərkəzi Bankını ölkənin maliyyə sistemini böyük həcmdə olan borclarla yükləməkdə ittiham edir. O hesab edir ki, bu borclar Amerikanı xərçənk kimi içəridən yeyir və Federal Ehtiyat Sisteminin məmurları bunun üçün birbaşa heç bir məsuliyyət daşımırlar. Bütün bu söylədiklərimiz fonunda ABŞ dollarının bundan sonrakı dönəmlərdə Trampın sərgiləyəcəyi iqtisadi və maliyyə siyasətinə uyğun özünü necə aparacağını öncədən söyləmək çox çətindir.
Dolların məzənnəsinin bundan sonra necə olacağı ilə bağlı bu günə mövcud olan durum isə ondan ibarətdir ki, əgər ciddi bir dəyişiklik baş verməzsə, Federal Ehtiyat Sisteminin bu ilin mart ayının 15-də keçiriləcək toplantısında uçot dərəcəsi qaldırıla bilər. Çünki keçən ilin dekabr ayında FES-in uçot dərəcəsinin 0,25 dərəcə artırılaraq, bütövlükdə 0,75%-ə çatdırıldığı toplantısında, 2017-ci il ərzində onun daha 3 dəfə, hissə-hissə artırılmasına dair qərar qəbul edilmişdi. Bu səbəbdən də Amerika Birləşmiş Ştatları dollarının cari il ərzində əlavə olaraq 0,75% bahalanması gızləniləndi. Bu isə o deməkdir ki, cari ilin sonlarına yaxın faktiki olaraq ABŞ dolları üzrə uçot dərəcəsi ümumilikdə 1,5%-ə qədər yüksələcəkdir. Nəzərə alsaq ki, 2015-ci ilin oktyabr aylarının sonlarına qədər uçot dərəcəsi cəmisi 0,25% olub, onda cari ilin sonuna onun 1,5%-ə çatdırılması, iki il ərzində ABŞ dollarının 6 dəfə bahalanması demək olacaqdır. Dolların bu şəkildə bahalaşması dünyanın maliyyə müstəvisində müəyyən dəyişiklikləri qaçılmaz edəcəkdir.
Azərbaycan manatının bundan sonrakı taleyi dünya bazarlarında neftin qiymətlərinin vəziyyətindən və qeyri-neft sektorundan ixracın səviyyəsindən bilavasitə asılı olacaqdır. Son 8 ay ərzində dünya bazarlarında neftin qiymətləri müəyyən bir səviyyədə sabitləşib və onun tədrici artımı baş verir. Digər tərəfdən, hökumətin apardığı islahatlarala ölkə iqtisadiyyatının real sektorundan ixracın kifayət qədər artacağı gözlənilir. Bu iki amilin ortada olması manatın məzənnəsi ilə bağlı optimist əhval-ruhiyyə yaradır.

Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru, professor

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın