Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Dolların bahalaşmasında turist amili varmı?

Dolların bahalaşmasında turist amili varmı?

Azərbaycan turizmi artıq aparılan islahatlara pozitiv reaksiya verməkdədir. Bu il ölkəmizə gələn turistlərin sayı ötən illərə nisbətən artıb. Turist sayının artması isə ölkəyə daxil olan valyutanın həcminin artması deməkdir. Bəs görəsən, bu tendensiya manatın məzənnəsinə necə təsir edir?

Ölkəyə daxil olan valyuta axını manatın məzənnəsinin möhkəmlənməsinə səbəb ola bilərmi? Və ya turistlər üçün sərfəli olsun deyə hökumət dolları bahalaşdıra bilərmi?

“Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, iqtisadi məntiqlə düşünsək, ölkəyə nə qədər çox turist daxil olsa, bir o qədər çox valyuta ehtiyatı gəlir: “Hazırda ölkəyə gələn turistlərin böyük əksəriyyətinin Şərq ölkələrindən olduğunu nəzərə alsaq, deyə bilərik ki, yetərincə böyük məbləğdə dollarlar ölkəyə gətirilir. Təbii ki, dollarla gələn turistin burda pul xərcləməsi xarici valyutanın həcmini artırır, iqtisadi məntiqlə manata təzyiqləri azaltmalıdır. Azərbaycan hökuməti də belə bir ab-hava yaratmışdı ki, turistlərin çoxluğu mütləq milli valyutanı möhkəmlədəcək. Əslində iqtisadi məntiqlə də bu belədir. Ancaq reallıq heç də elə deyil. Çünki uzun illər dünyanın ən böyük turistik mərkəzlərindən olan, dünyada 5-ci yerdə olan Türkiyə ildə 30 milyona yaxın turist qəbul edirdi. O baxımdan, türk lirəsi ciddi şəkildə möhkəmlənməli idi. Halbuki lirə son 5 ildə iki dəfədən çox dəyər itirib. Artıq 3 lirə 1 dollar civarındadır. Yəni turizmin valyutaya elə də böyük təsiri yoxdur”.

N. Cəfərlinin sözlərinə görə, Azərbaycan hökumətinin məhz turistlərə görə manatın məzənnəsini aşağı salacağı ağlabatan deyil: “Düşünmürəm hökumət dolları bahalaşdırar ki, qiymətlər onlara sərfəli olsun. Mən bu məntiqə də inanmıram. Azərbaycanın valyuta ehtiyatları kifayət qədər zəifdir, valyuta həddindən artıq azalıb. Gələn turistlərin sayı da kifayət qədər azdır. Ötən illərə nisbətən təbii ki, artım var. Lakin Azərbaycana gələn turistlərin sayı o qədər azdır ki, onların xərclədiyi valyuta heç nəyi həll etmir. Son rəsmi rəqəmlər də göstərir ki, məsələn, ərəb ölkələrindən gələn turistlərin sayı 30 dəfə artıb. Lakin bütövlükdə ilin əvvəlindən bu yana ölkəyə 28 min turist gəlib. Onların xərclədiyi valyutanın maksimum həddi 10 milyonlarla ölçülə bilər. Yəni ən ideal həddə ilin 6 ayına görə 20-30 milyon dollar valyuta gələ bilər. Bunu da ilə böləndə kifayət qədər kiçik bir məbləğ alınır. Bu baxımdan, manatın dəyərdən düşməsinin turistlərlə heç bir əlaqəsi yoxdur. Daha çox dünyada gedən proseslərlə, neftin ucuzlaşması, ölkənin valyuta ehtiyatlarının zəifləməsi, tədiyyə balansında çox ciddi problemlərin yaranması, bank sektorunda olan problemlərlə bağlıdır”.

Ekspert hesab edir ki, dünyada gedən proseslərə nəzərən manatın məzənnəsinin zəifləməsi davam edəcək: “Hökumət isə turistdən yox, Mərkəzi Bankın və Neft Fondundan büdcəyə transfer olunan vəsaitdən udur. Transfer olunan vəsait manatla olduğundan hər dəfə manat ucuzlaşdıqca, Neft Fondunun vəsaitlərinə qənaət olunur. Əgər bir neçə ay öncə, Dövlət Neft Fondu ehtiyatdakı dollarları 1.50 məzənnə ilə manata çevirib büdcəyə transfer edirdisə, indi artıq 1.59-la çevirir. Bu baxımdan, təxminən 7-8 faiz xərclərinə qənaət edir. Bu təkcə turistlərlə əlaqəli deyil. Sadəcə, Neft Fondunun vəsaitlərinə az da olsa qənaət etməsidir”.

Turistlərin sayının artmasına da toxunan N. Cəfərli rəqəmlərin tam olaraq reallığı əks etdirmədiyini də vurğuladı: “Gürcüstan ildə 5,5-6 milyon turist qəbul edir. Azərbaycanda isə bu rəqəm kifayət qədər aşağıdır. Rəsmi rəqəmlər də dəqiq deyil. Çünki bu rəqəmlərə görə, Azərbaycana ən çox turist Rusiya və Gürcüstandan gəlir. Bildiyiniz kimi, orada da çoxlu sayda Rusiya və Gürcüstan vətəndaşı olan soydaşlarımız var və onlar qohum-əqrəbalarının yanına gələndə də turist kimi qeydiyyatdan keçirlər. Biz digər ölkələrdəki kimi bir neçə milyon turist qəbul edə bilmirik ki, o zaman Azərbaycan turistlərdən qazanmağı düşünə bilərdi”.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …

Bir cavab yazın