Ana səhifə / Kriminal / Dollar kreditini manatla necə ödəmək olar? – Yeni üsul

Dollar kreditini manatla necə ödəmək olar? – Yeni üsul

Azərbaycanda dollar krediti olan, amma dollar qıtlığına görə, xaric valyuta tapmayaraq kreditini ödəməkdə çətinliklə üzləşənlər üçün yeni çıxış yolu təklif olunub.
Borclu vətəndaşlar kredit üzrə ödənişlərini banklarla yanaşı. Notariuslara da ödəyə bilərlər. Bu təkliflə hüquqşünas-ekspert Əkrəm Həsənov çıxış edib.

Ekspert bildirir ki, son vaxtlar dollar qıtlığının yaranması və qara bazarda dolların məzənnəsinin rəsmi məzənnədən xeyli yüksək olması səbəbindən dollar krediti olanlar kredit üzrə ödənişləri manatla edəndə banklar bunu qəbul etmir və ödənişin dollarla ödənməsini tələb edirlər. Ekspert bunun qanunsuz olduğunu bildirməklə yanaşı, belə halla rastlaşan müştərilərə çıxış yolu təklif edir. Bu – kredit ödənişini notariusdakı depozit hesabına ödəməkdir.

Ə.Həsənov bildirir ki, banka dollar krediti olan müştərilər bankın qəbul etmədiyi manat məbləğini notariusun depozit hesabına qoyaraq öhdəliyini icra bilər: «Belə ki, Mülki Məcəllənin 532.1-ci maddəsinə əsasən əgər kreditor icranın qəbulunu yubandırırsa, borclu icra predmeti olan pulu notariusun depozit hesabına qoya bilər (və bu barədə ləngimədən kreditora bildiriş göndərməlidir). Məcəllənin 532.3-cü maddəsinə görə pulu depozitə qoymaqla borclu öz öhdəliyindən azad edilir, çünki bu halda depozitə qoyma öhdəliyin kreditora icra edilməsinə bərabər tutulur».

Sadəcə bu halda “Notariat haqqında” Qanunun 74-cü maddəsini də nəzərə almaq lazımdır: «Həmin maddəyə əsasən pul hər hansı deyil, öhdəliyin icrası yerinin notariusunun depozit hesabına qoyulmalıdır. Başqa sözlə, bankın baş ofisinə və bütün filial və şöbələrinə ərazi baxımından ən yaxın notariuslardan biri olmalıdır. Kreditin hansı filialdan alınması və ödənildiyi önəmli deyil. Çünki kredit bankın hər hansı filial və şöbəsində ödənilə bilər. Buna görə də sözügedən notariuslardan birini seçmək borclunun hüququdur. Məsələn, tutaq ki, krediti bankın Gəncə filialında alsa belə, manatla ödəmək istədiyi pulu bankın Quba filialına yaxın notariusun depozit hesabına da qoya bilər».

Ə.Həsənov bildirir ki, ola bilər ki bəzi notariuslar bu ödənişi qəbul etməkdən imtina etsinlər, amma bu qanunsuzdur. «Notariat fəaliyyəti haqqında» qanun, Mülki Məcəllə və Nazirlər Kabinetinin təsdiqlədiyi təlimatlarda bu üsulun mümkünlüyü qeyd edilib: «Amma əgər hətta notarius bundan imtina etsə də, müştəri Kapitalbank və ya «Azərtürkbank»a yaxınlaşaraq notariusun depozit hesabına ödəniş edə bilər – yəni buna heç notariusun razılığı da tələb olunmur».

Dollar krediti üzrə ödəniş manatla edəndə müştəri bankın dolları hansı məzənnə ilə satdığını nəzərə almalıdır. Məsələn, bank dolları 1,7016 manata satırsa, müştəri də öz ödənişini manata bu məzənnə ilə çevirib ödəniş etməlidir. Əgər bank satış məzənnəsini açıqlamayıbsa, müştəri Mərkəzi Bankın həmin günə olan rəsmi məzənnəsini üzərinə 4% əlavə edib ödənişini həmin məzənnə ilə edə bilər.

Ekspert bildirir ki, müştəri kredit ödənişini notariusun depozit hesabına etdikdən sonra bu barədə banka dərhal mədumat verməlidir – bunun üçün ödəniş barədə məlumatların əks olunduğu sifarişli məktub göndərmək kifayətdir.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın