Çərşənbə axşamı , Avqust 20 2019
Ana səhifə / Kriminal / Dollar düşür, bəs bazarda məhsullar niyə qalxır? – Deputat güc orqanlarına səsləndi

Dollar düşür, bəs bazarda məhsullar niyə qalxır? – Deputat güc orqanlarına səsləndi

Son günlər uzunmüddətli ucuzlaşmadan sonra milli valyuta möhkəmlənməyə başlayıb. Mərkəzi Bankın Dövlət Neft Fondu ilə birgə keçirdiyi hərraclarda manatın rəsmi məzənnəsi 1,7301 səviyyəsində müəyyən olunub. Ancaq dolların məzənnəsinin enməsi bazarlardakı məhsulların qiymətinə təsir etməyib. Əksinə, bəzi məhsulların qiymətində müşahidə olunur.

Mia.az xəbər verir ki, bu və ya digər məqamlarla bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov BakiPost.az-a danışıb:

– Vahid müəllim, manat gözlənilmədən bahalaşmağa başladı. Bundan sonra dolların bahalaşmasına görə, qiyməti qaldırılan məhsulların ucuzlaşması gözlənilsə də, bu, baş vermədi. İndi hər kəs sual edir ki, xaricdən idxal edilən “Aİ-95” premium benzini, ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində niyə azalma olmur? Sizcə bu, nə ilə bağlıdır?

– Dolların qiyməti düşürsə, dollarla alınıb Azərbaycana gətirilən məhsulların qiymətində dəyişiklik olmalıdır. Amma mənim yadıma gəlmir ki, belə hadisələr baş versin. Məsələn, bizdə yanacağın qiyməti qalxan kimi bütün ərzaq və qeyri-ərzaq məhsullarının qiymətləri də artır. Lakin vəziyyət dəyişəndən sonra heç vaxt qiymət azalmasını görməmişəm. İndi də eyni vəziyyətdir. Dollar müəyyən qədər ucuzlaşıb. Amma qiymətlərdə ucuzlaşma görmürəm. Heç bundan sonra görən də deyiləm. Çünki ümumiyyətlə, hazırda olan vəziyyətin, hətta tənzimlənən qiymətlərə də heç bir təsiri yoxdur. Məsələn, dərmanların qiyməti elə bir həddə çatıb ki, insanların çoxu üçün əlçatmaz olub.

Qeyri-ərzaq məhsullarının qiymətində də eyni vəziyyətdir. Yəni belə bir vəziyyətdə qiymətləndirmənin ümumiyyətlə, obyektiv və subyektiv hissələri var. Obyektiv qiymətlər odur ki, Azərbaycana xaricdən gətirilən o malların müəyyən komponetləri var. Subyektiv tərəf odur ki, məhsullar xaricdən dollarla gətirilirsə də, dollar ucuzlaşan kimi deməli, qiymətlər də aşağı düşməlidir, amma bu, Azərbaycanda baş vermir.

– Bu işlə kimlər məşğul olmalıdır?

– İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti qiymətlərlə məşğul olmalıdır. Ümumiyyətlə, belə vəziyyətdə bəzi qiymətlərin tənzimlənməsinə çox böyük ehtiyac var. Çünki belə olmasa, əlbəttə qiymətlər aşağı düşməyəcək. Bu, gözlənilən deyil.

– Bir çox iqtisadçılar martın ortalarından dolların yenidən bahalaşacağını deyirlər. Bu, gözləniləndir?

– Əlbəttə ki, manatın bahalaşması müvəqqəti hal daşıyır. Çünki manatın möhkəmlənməsi üçün bunun arxasında müəyyən məqamlar olmalıdır. Məsələn, tələb, təklif, ixrac, idxal əməliyyatları və neftin qiyməti….

Düzdür, müəyyən qədər idxalın üzərində işləyirlər ki, azalsın, ixrac çoxalsın. Amma bu vaxt tələb edən məsələlərdir. Ona görə də hesab edirəm ki, dolların ucuzlaşması müvəqqəti haldır. Müəyyən müddətdən sonra yenidən manatın ucuzlaşması, dolların bahalaşması hadisəsi baş verəcək.

– Belə olan halda, yəni dolların yenidən bahalaşmasından sonra yenidən bütün məhsulların qiymətlərində artım ola bilər?

– Bu qiymətlərlə bağlı məsələ çox ciddidir. Mən bu qiymətlərlə bağlı məsələdən çox narahatam. Çünki özüm də marketlərdən alış-veriş edən zaman bunların şahidi oluram. Ona görə də qiymətlərin bu səviyyədə buraxılması və heç bir nəzarətin olmaması çox ciddi məsələdir. Hökumət bu barədə çox ciddi şəkildə fikirləşməlidir. Qiymətlərin qalxması çox ciddi fəsadlara səbəb ola bilər.

– Hazırda ölkədə siqaretlə bağlı müəyyən problemlər var. Siqaret qıtlığı olduğu üçün marketlər və mağazaların hər biri siqareti müxtəlif qiymətlərə satır. Bunun səbəbi nədir?

– Siqaretlə əlaqədar məsələ tamamilə başqadır. Azərbaycanın özü siqaret istehsal edir. Fabrikimiz var. Amma xaricdən Azərbaycana çoxlu siqaret gətirirlər. Burada məsələ çox ciddi olduğu üçün bununla hüquq-mühafizə orqanları məşğul olmalıdır. Mənim aldığım məlumata görə, Azərbaycana açıq şəkildə müəyyən qədər siqaret gətirilir. Hesab edirəm ki, siqaretin belə satışında ciddi problemlər yaranır. Ona görə də bu məsələni hüquq-mühafizə orqanları və İqtisadiyyat Nazirliyi araşdırmalıdır ki, niyə siqaretin qiyməti belə bir vəziyyətə gəlib çatıb. Araşdırmaq lazımdır ki, niyə siqaret ayrı-ayrı yerlərdə müxtəlif qiymətlərə satılır.

– Belə çıxır ki, deyildiyi kimi, Azərbaycanda qiymət siyasəti lazımi səviyyədə deyil…

– Ümumiyyətlə, qiymət siyasəti Azərbaycanda bu dəqiqə ən diqqət çəkən məsələlərdən biridir. Bu qiymət siyasətinə baxmaq lazımdır. Biz deyirik ki, qiyməti bazar tənzimləyir. Amma bazar o vaxt tənzimləyir ki, bazarda kifayət qədər mal olsun və rəqabət olsun. Biz hələlik bu rəqabəti görmürük. Rəqabət də olmadığı üçün istənilən malı istədikləri qiymətə qoyub satırlar.

 

Həmçinin oxuyun

Türkiyədə nazir müavini qəzada öldü

Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Ahmet Haluk Dursun yol qəzasında dünyasını dəyişib. “Qafqazinfo” Türkiyə …

Bir cavab yazın