Bazar , Oktyabr 25 2020
Ana səhifə / Kriminal / Dollar dünyada ucuzlaşır, Azərbaycanda bahalaşır…

Dollar dünyada ucuzlaşır, Azərbaycanda bahalaşır…

Yanvarın 18-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. AMB-dən verilən məlumata görə, hərracda 1 ABŞ dolları üçün 1,8285 məzənnəsi formalaşıb. Daha sonra AMB yanvarın 19-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi 1,8311 səviyyəsində müəyyən olunub. Ekspertlər manatın sürətlə dəyər itirməsindən narahatlıqlarını bildirirlər.

Ekspert Natiq Cəfərli hərracda manatın ucuzlaşmasının sürətləndiyinə diqqət çəkib: “Hərrac bitdi, manat ilk dəfədir ki, bir gündə 2,5 qəpik ucuzlaşdı. Yeni məzənnə 1 dollar 1,8285 manat oldu. Əslində dəyərdən düşmənin sürətinin artacağı gözlənilən idi, Mərkəzi Bank tələsir, bir hədəf qoyub, çox güman, 1,95-2 manatdır, o hədəfə tez çatıb, o civarda məzənnəni sabitləşdirmək istəyir. Maraqlı budur ki, dünyada 2 gündür dollar ucuzlaşır, bizdə daha sürətlə bahalaşır. Tam üzən məzənnədə belə olmur”.

Ekspert Əkrəm Həsənov isə manatın 4 faizlik “marja əsirliyindən” qurtulmasına diqqət çəkib və durumu dəyərləndirib: “İndi banklar valyuta mübadiləsini istədikləri məzənnə ilə həyata keçirir. Neft Fondundan 7,5 milyard manat peşkəş gözləyən Mərkəzi Bank isə banklara rəsmi məzənnəsi ilə dollar satmağa başladı. Dedik ki, vəssalam, manat üzməyə başladı, qara bazar öldü, çünki ona lüzum qalmadı. Amma görünən odur ki, əvvəlki qara bazarın yerini indi başqası tutacaq. Belə ki, hazırda bankların dollar alışı və satışı məzənnələri arasında kəskin fərq var, 6-11 qəpikdir. Demək olar ki, banklarımız əhalidən dolları Mərkəzi Bankın rəsmi məzənnəsi, bəzən isə ondan da aşağı məzənnə ilə alır və baha məzənnə ilə satırlar. Dollar alışının Mərkəzi Bankın məzənnəsi ilə həyata keçirilməsi anlaşılandır: baş bankdan hazırda həmin məzənnə ilə kifayət qədər dollar ala bilən bank nəyə görə əhalidən daha yüksək məzənnə ilə alsın ki? Amma dollar satışı məzənnəsinin müqayisədə xeyli yüksək olması onu göstərir ki, banklar dollara olan böyük tələbatdan sui-istifadə etmək istəyir. Burada qanunsuz heç nə yoxdur! Lakin açıq-aşkardır ki, normal bazar şəraitində belə yüksək fərq olmamalıdır”.

Ekspertin sözlərinə görə, qabaqcıl Avropa ölkələrində də banklar valyuta mübadiləsindən yüksək gəlir götürür: “Məzənnə fərqi ilə yanaşı hətta yüksək komisyon haqq da tuturlar. Lakin həmin ölkələrdə valyuta mübadiləsi əməliyyatlarına tələbat azdır, çünki öz milli valyutaları, yəni avro, funt sterlinq, İsveçrə frankı güclüdür və başqa valyutalardan istifadəyə lüzum yoxdur. Buna görə də orada bu əməliyyatlar bankların fəaliyyətinin cüzi hissəsini təşkil edir. Bizdə isə valyuta əməliyyatları bankların fəaliyyətinin xeyli hissəsini təşkil edir. Ümumiyyətlə, Azərbaycanda valyuta bazarı çox intensivdir, daim satan və alan çoxdur. Buna görə də bankların inhisarçı mövqelərindən istifadə etməsi reallıqda mümkün deyil. Yəni Avropada bankların məzənnə fərqi və komisyon haqqı yüksək olsa da, onlarla heç kəs rəqabət aparmaq istəmir, çünki bazar kiçikdir, həcm baxımdan böyük gəlirlilik yoxdur. Azərbaycanda isə həcm iri olduğu üçün gəlirlilik də böyükdür. Buna görə də banklar inhisarçı mövqelərindən bu şəkildə istifadə edə bilməz. Avtomatik olaraq yeni qara bazar yaranacaq ki, tələb və təklif arasında optimal balans yaransın”.

Ekspertin fikrincə, banklar məzənnə fərqini azaltmayınca mütləq kimlərsə bu fəaliyyətlə məşğul olacaq: “Özü də bu dəfə onlara heç kəs əngəl yaratmayacaq. Yəni dövlət orqanları belə valyuta alverçiləri ilə ciddi məşğul olmayacaq, çünki dövlət üçün burada ciddi təhlükə yaranmır, itirən sırf banklar olacaq. Uzaqbaşı yerli hüquq-mühafizə orqanının “pay”ını verib işləyəcəklər. Dövlət bu “pay”ı itirilən verginin əvəzi hesab edərək bu qanunsuz fəaliyyətə əsasən göz yumacaq”.

Ə.Həsənovun sözlərinə görə, yeni “qara bazar”ın əvvəlkindən fərqi o olacaq ki, köhnə “qara bazar”ın arxasında əsasən banklar dururdu və faktiki vahid mərkəzdən idarə olunurdu: “Mərkəzi Bankdan kifayət qədər dollar ala bilmədikləri və aldıqlarını 4 faizli marja çərçivəsində satmalı olduqları üçün banklar onu qara bazara ötürürdü. İndi isə bankların buna ehtiyacı yoxdur. Buna görə də yeni qara bazarda da bəzi bankların müəyyən iştirakı istisna edilməsə də, o, əsasən qeyri-bank alverçiləri tərəfindən pərakəndə şəkildə işlədiləcək. Keçmiş “qara bazar” dolları bankların məcburən elan etdiyi məzənnədən baha satırdı, çünki reallıqda banklar həmin məzənnə ilə dollar satmırdı. Yeni qara bazar banklar kimi Mərkəzi Bankdan rəsmi məzənnə ilə ucuz dollar ala bilməyəcək. Buna görə də elə birbaşa əhalidən bir qədər baha alacaq. Banklar kimi baha da sata bilməyəcək, amma həcm baxımdan daha çox satacaq və bunun nəticəsində xeyli dövriyyəsi olacaq. Buna görə də faktiki valyuta bazarı yenə qara bazar olacaq və manatın real dəyəri məhz orada müəyyən olunacaq. Əlbəttə, əgər banklar alış və satış məzənnələri arasında fərqi azaldıb bazara özləri sahib çıxmasa, belə olacaq”.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …

Bir cavab yazın