Ana səhifə / Kriminal / “Dollar belimizi qırdı, evlər əldən gedir…” – “Unibank”dan narazılıq

“Dollar belimizi qırdı, evlər əldən gedir…” – “Unibank”dan narazılıq

Sahibkar fəaliyyəti üçün bankla ayrı-ayrı vaxtlarda üç dəfə müqavilə bağlamışam. Hər dəfə də girov olaraq ayrı-ayrı evlər qoyulub. Dollar belimizi qırdı, evlər əldən gedir, 20 nəfər küçədə qalacaq”.

İsmayıllı sakini Namət Əsgərovun başı dərddədir. İş qurmaqdan ötrü “Unibank”dan götürdüyü kreditlər dollarla sənədləşdirildiyindən indi ödənişlər kəllə-çarxdadır:

“Kredit götürüb yeni iş yerləri yaratmışam. Bank da çox gözəl bilir ki, pulu təyinatı üzrə xərcləmişəm. Dəfələrlə obyektimdə olublar. 20 nəfərə yaxın insanı işlə təmin etmişdim. Lakin hal-hazırda obyektdə 7 nəfər çalışır. Demək olar ki, 3 dəfə azalma-ixtisar gedib. Buna məni “Unibank” vadar edib. “Unibank”ın əməkdaşları hər kredit vaxtı başımın üstünü kəsdirərək borc tələb edəndə mən çıxış yolunu mağazanın içindəki malların hamısını satıb bankın ödənişini verməkdə görürdüm. Vaxtlı-vaxtında ödənişləri edirdim. Hətta dollar 1.05 məzənnəyə qalxanda da ödəniş edirdim. Ailəmizə məxsus maşını da satıb 10 min dollar ödəniş elədim. Lakin bu gün bank mənə heç bir güzəşt eləmir. Demirəm ki, ödəniş etmirəm, demirəm ki, məhkəmələr mənim borcumu silsin. Qanunu, dövləti sevən insanam. Bunun mümkünsüz olduğunu bilirəm. Sadəcə, imkan daxilində güzəşt istəyirəm”.

Sahibkar “Unibank” Kommersiya Bankı (KB) ASC-dən ümumi məbləği 95 min dollar olan ipoteka krediti götürüb. Həmin məbləğin 61 min dollarını (30 min dollar əsas məbləğ, 31 min dollar faiz olmaqla) ödəsə də, “Unibank” hələ də ondan 76 min dollar borcunu tələb edir.

Şikayətçinin sözlərinə görə, “Unibank” ASC ilə ipoteka müqaviləsi bağlayıb və qohumunun Sumqayıt şəhərindəki mənzilini ipotekaya qoymaqla həmin bankdan 30 min ABŞ dolları kredit götürüb. Həmin bankla növbəti ipoteka müqaviləsi bağlayaraq fərdi yaşayış evini və həmin evin yerləşdiyi 0,06 hektar torpaq sahəsini “Unibank” ASC-də ipoteka qoymaqla 35 min ABŞ dolları kredit götürüb.

Üçüncü müqavilə ilə bacısının yaşayış evini girov qoyaraq 30 min ABŞ dolları kredit götürüb. N. Əsgərovun sözlərinə görə, götürdüyü kreditin 30 min ABŞ dollarını faizi ilə “Unibank” KB ASC ödəyib. Lakin bankla bağladığı həmin ipoteka müqaviləsi ləğv olunmayıb. Şikayətçinin iddiasına görə, Sumqayıt şəhəri, 14-cü məhəllədə qeydə alınmış daşınmaz əmlak barəsində bağlanmış ipoteka müqaviləsi ləğv olunmalıdır. Ancaq məsələ bununla da bitmir:

“Başqa bir tərəfdən, bank iddia edir ki, ona 76 min ABŞ dolları məbləğində borcum qalıb. Aramızda kredit müqaviləsi bağlanarkən 1 dollar 78 qəpik idi. Manat iki dəfə devalvasiyaya uğradı. Mən bu günki məzənnə ilə borcumu ödəyə bilmirəm. Buna görə də “UNİBANK” ASC ilə bağladığım kredit müqaviləsinin şərtləri dəyişdirilməlidir. Müqavilə şərtlərinin dəyişdirilməsi elə müqavilədə də nəzərdə tutulub. 21 fevral 2015-ci il tarixdə manatın birinci devalvasiyası zamanı manat dollar qarşısında təqribən 30 faiz ucuzlaşdı. Həmin tarixdən sonra ödənişləri 1.05 məzənnə ilə ödədim. Bununla artıq hər ödəmədə 30 faiz itirirdim. 22 dekabr 2015-ci ildə Azərbaycan manatı dollar qarşısında yenidən, bu dəfə 50 faiz düşəcəyini ağlabatan şəkildə əvvəlcədən görə bilməzdik. Milli valyutamızın birdən-birə yüksək hədə ucuzlaşması kredit borcunun ödənilməsində çətinliklər yaradıb”.

Sahibkar “Unibank”a müraciət edib, kredit müqaviləsinin şərtlərinin dəyişdirilməsini istəyib. Bankdan heç bir cavab almayıb.

Sahibkarla bank arasındakı məhkəmələrdən də bir şey çıxmayıb. Bütün qərarlar sahibkarın əleyhinə olub. İndisə “Unibank” vətəndaşa evdən çıxarılma iddiası qaldırıb. Sahibkar deyir, girovda olan üç evin əldən çıxması isə 20 nəfərin küçədə qalması deməkdir. Üç ailə çarəsiz qalıb.

“Unibank” ASC-dən isə bildirilib ki, müştərinin banka etdiyi təkliflər gözdən keçirilsə də, qəbul olunmayıb. Bank məhkəməyə müraciət edib. Problemli müştəri də məhkəmə qərarından yuxarı məhkəmələrə əvvəl apelyasiya, sonra kassasiya şikayəti verib. Yuxarı məhkəmələr birinci məhkəmənin qərarını qüvvədə saxlayıb. Bir sözlə, bank müştəridən borcu dolların hazırkı məzənnəsinə uyğun almaqda, ya da borcu girov əmlaklara yönəltməkdə israrlıdır.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın