Ana səhifə / Kriminal / “Dollar 1,90 – 2 manata qədər qalxacaq” –Ekspertdən təhlükəli proqnoz

“Dollar 1,90 – 2 manata qədər qalxacaq” –Ekspertdən təhlükəli proqnoz

Mərkəzi Bankın rəsmi açıqlamasına görə bu gün məzənnə 1,6019 AZN/USD olub.

İqtisadçı alim Vüqar Bayramov 3-cü devalvasiya təhlükəsindən danışarkən bunun gözlənilən olduğunu vurğulayıb:

“Hazırda manatın məzənnəsi 2 istiqamətdə dəyişir. Bir tərəfdən dollara tələb artır və tələbin artması xüsusən fevralın sonundan başlayaraq manatın məzənnəsinin aşağı düşməsinə gətirib çıxarıb.

Eyni zamanda hərraca çıxarılan dolların həcmində də artımlar var. Bu da birbaşa dollara tələbin yüksəlməs ilə bağlıdır.

Nəzərə alaq ki, yeni devalvasiya təhlükəsi, psixoloji olaraq dollar alanların sayını artırır. Digər tərəfdən yanvar, fevral aylarında idxalın azalması dollara tələbi azaltmışdı. Amma yenidən idxalın artması dollara tələbi də artırıb. Dollara artan tələb isə manatın kursunun aşağı düşməsinə gətirib çıxarır”.

Ekspert bayram ərəfəsində “qara bazar”ın yenidən canlanacağını istisna etməyib:

“Ümumiyyətlə, indiki məqamda Mərkəzi Bank qabaqlayıcı addımlar atmalıdır. Bu gün dolların alış-verişində də texniki problemlər var. Nəzərə alsaq ki, dollar banklar və şöbələr tərəfindən satılır, praktik olaraq qarşıdan şənbə, bazar, 7 günlük bayram günləri gəlir. Bu günlərdə “qara bazar”ın genişlənməsi ehtimalı çox yüksəkdir. Həmin günlərdə banklar işləmədiyi üçün xarici valyutaya ehtiyac duyan vətəndaşlar məhz “qara bazar”a üz tutaraq yüksək kursla dollar almağa məcbur olacaqlar.

Ona görə də, xüsusən bayram ərəfəsində və bayram günlərində manatın məzənnəsinin aşağı düşməsi qaçılmaz olacaq”.

V.Bayramov Mərkəzi Bankın “sürprizləri” sayəsində 1 dolların 2 manata qədər bahalaşacağı proqnozunu verib: “Azərbaycanda “üzən məzənnə” rejimi tətbiq edilmədiyindən manatı hər an təhlükə gözləyir. Bildiyimiz kimi, Mərkəzi Bank 4 faizlik marj tətbiq edir. Əgər Mərkəzi Bank realda “üzən məzənnə” rejiminə keçərsə, manat dollar qarşısında dəyərsizləşməkdə davam edəcək. Yeni manatın məzənnə isə Mərkəzi Bankın qəbul edəcəyi qərardan asılı olacaq. Kommersiya bankları Mərkəzi Bankın rəsmi məzənnəsindən 4 faiz baha məzənnə müəyyənləşdirə bilmirlərsə, deməli, “üzən məzənnə” rejimi tətbiq edilmir.

Ona görə də, manatın məzənnəsinin ucuzlaşması gözləniləndir. Mərkəzi Bank bazardan çəkiləcəyi təqdirdə ( yanvarın 8-də bazardan çəkildiyi zaman 1 dollar 1,90 manata qədər bahalaşdı-red)1 dollar 2 manata qədər ucuzlaşacaq”.

Ekspert həmçinin Mərkəzi Bankın uçot dərəcəsini 7 faizə qaldırmasına da münasibət bildirib:

“Hazırda uçot dərəcəsi ilə kredit faizləri arasında kəskin fərq var.

Uçot dərəcəsi mikrokreditlər üzrə bankların təklif etdiyi faizlərdən 3,5 dəfə, istehlak kreditləri üzrə isə 4,2 dəfə azdır. Kəskin fərq olduğu üçün kredit faizlərinin bahalaşmasına gətirib çıxarmayacaq. Onsuz da Azərbaycanda ucuz kredit yoxdur. Bahalı olan kreditlərin indiki məqamda bahalaşması və hələlik uçot dərəcəsinin kredit bazarına təsiri real deyil”.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın