Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / “Doğrudan da hərbçilərə kütləvi şəkildə qeyri-qanuni işgəncələr verilib, ölənlər olub…”

“Doğrudan da hərbçilərə kütləvi şəkildə qeyri-qanuni işgəncələr verilib, ölənlər olub…”

Baş hərbi prokuror Xanlar Vəliyev bu gün ilk dəfə uzun müddətdən bəri müzakirə olunan “Tərtər işi” haqda danışıb. “Tərtər işi” dedikdə 2017-ci ilin may-iyun aylarında Azərbaycan ordusunun yüzlərlə hərbçisinin vətənə xəyanətdə şübhəli hesab edilərək kütləvi şəkildə işgəncələrə məruz qalması, bu zaman işgəncələrdən azı 11 hərbçinin ölməsi nəzərdə tutulur.

“Biz müəyyən etmişik ki, “Tərtər işi”ndə təkcə işgəncə işi üzrə 100-dən çox şəxsə müxtəlif formada fiziki zorakılıq həyata keçirilib”,-X.Vəliyev jurnalistlərə deyib.

Onun sözlərinə görə, yalnız təqsirləndirilən şəxslərə deyil, digər şəxslərə qarşı da qanunauyğun tədbirlər keçirilib: “Biz istintaq gedişində bəzi şəxsləri məsuliyyətə cəlb etmişdik. Lakin sonra müəyyən etdik ki, həmin şəxslərin günahı yoxdur. Ona görə də həmin şəxslərin barəsindəki cinayət işinə xitam verildi. Demək istəyirəm ki, Hərbi Prokurorluq obyektiv olmağa çalışıb. Zənn edirəm ki, buna nail olub. Bu, hər bir azərbaycanlı üçün qara ləkədir. Bu ləkənin sahibi olan övladın valideyni olmaq istəmir. Amma nə etmək olar? Belə hallar əvvəllər də olub. Belə şəxslərə qarşı mübarizə aparılıb, cinayət məsuliyyətinə cəlb edilib, məhkəmə məsuliyyətinə verilib. Belə olmasaydı, bizim ordumuz təmizlənməsəydi, bəlkə də biz çox pis vəziyyətdə qalardıq və bu qələbəni də qazana bilməzdik. İkinci Dünya müharibəsi vaxtı sovet ordusunun diviziyası belə satılmışdı”

Xanlar Vəliyev bildirib ki, “Tərtər işi”ndə təqsirləndirilən şəxslərə hökm çıxarıldı. Sonra məhkum olunmuş şəxslər həmin hökmlərdən apelyasiya şikayəti verdi. Daha sonra Ali Məhkəməyə kassasiya şikayəti verdilər. Onun sözlərinə görə, həm apelyasiya, həm kassasiya mərhələlərində göstərilən şəxslərin həmin cinayətləri törətməsi barədə verilmiş hökmlərin əsaslı və qanuni olduğundan hökmlər qüvvədə saxlanılıb.

“Bununla yanaşı Hərbi Prokurorluq tərəfindən aparılan istintaq zamanı müəyyən olundu ki, Hərbi Prokurorluq istintaq aparana qədər olan dövrdə ayrı-ayrı şəxslərə qarşı – söhbət dövlətə xəyanətdə şübhəli bilinən şəxslər barəsində gedir – fiziki zorakılıqlar, həm də çox ciddi zor tədbirləri həyata keçirilib. Nəticədə biz cinayət işini başlayana kimi bir nəfər şəxs vəfat etmişdi”,-o deyib.

X.Vəliyev əlavə edib ki, şəxsən o  özü, eləcə də hərbi prokurorun müavini, istintaq üzrə kurator Şəfayət İmranov, bundan başqa Baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubov həmin hərbi hissəyə gediblər: “ Mən müəyyən etdim ki, doğrudan da kütləvi şəkildə hərbçi şəxlərə qarşı qeyri-qanuni işgəncələr həyata keçirilib. Ona görə dərhal cinayət işi başladıldı. Mənim tələbim əsasında Müdafiə Nazirliyinin tibb xidmətindən böyük briqadada həkimlər gəldi. Oradakı şəxsləri müayinə etdi və hansı şəxslərin hansı dərəcədə müalicə ehtiyacı olduğunu müəyyənləşdirdi. Bir qism insanlar mərkəzi hospitala təxliyə olundu, çünki onlara çox ciddi fiziki zorakılıq tədbirləri həyata keçirilmişdi. Həmin adamların böyük bir qisminin həyatı xilas olundu. Həmin iş üzrə 16 nəfər müxtəlif vəzifəli şəxslər cinayət məsuliyyətinə alındı, sonra məhkəmə məsuliyyətinə verildi və barələrində müxtəlif uzunmüddətli hökm qərarı qəbul olundu. Onlar da hökmlərdən şikayət verdilər. Lakin nə apelyasiya, nə də kassasiya məhkəməsi həmin şikayətləri qəbul etdi. Hesab etdi ki, istintaq orqanları onlara istinad olunan ittihamları əsaslı və qanuni verib. Hökmlər qüvvəsində saxlanıldı”.

X.Vəliyev daha sonra “Tərtər işi” ilə bağlı sosial şəbəkələrdə, YouTube kanallarında aylardır aparılan müzakirələrə də münasibət bildirib. Hansı ki, həmin müzakirələr zamanı işgəncəyə məruz qalmış çoxsaylı zərərçəkənlər başlarına gətirilənlərlə bağlı təfərrüatları danışır. Əsasən həmin müzakirələri təşkil edən Londonda məskunlaşmış vəkil Qurban Məmmədovdur. X.Vəliyev isə onu “erməni maşası” adlandırıb.

“Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsində zəfər qazanandan sonra ermənipərəst qüvvələr bizim aramızda olan erməni xislətli insanlardan istifadə elədi. Onlar “Tərtər işi” adlandırılan məsələni bu cür tamamilə əsassız şəkildə gündəmə gətirməyə cəhd etdilər. Qurban Məmmədov və onun kimiləri bu gün də ermənilərin maşasıdır. Çox təəssüf edirəm ki, belə insanlar bizim millətdəndir. Qurban Məmmədov kimiləri başa düşmür ki, onların deməkləri ilə deyil. Qurban Məmmədov özü hüquqşünasdır. Çox gözəl bilir ki, hər bir ölkədə o cümlədən müasir qanunvericiliyə malik olan Azərbaycanda hər şey qanunla həll olunur. “Tərtər işi” ilə bağlı cinayət işi başlanıldı, istintaq aparıldı, təqsirli hesab olunan şəxslər məhkəmə məsuliyyətinə verildi və Azərbaycanda mövcud olan bütün məhkəmə mərhələləri üzrə bu işlər araşdırılıb. Daha sonra belə qərara alınıb ki, doğurdan da istər dövlətə xəyanətdə ittiham olunan, istərsə də həmin şəxslərə qanunsuz işgəncə verilən şəxslər haqqında çıxarılmış hökmlər qanunidir”, – baş hərbi prokuror belə deyib.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …