Ana səhifə / Kriminal / Diş həkiminin dəhşətli qətli ilə bağlı – Açıqlama

Diş həkiminin dəhşətli qətli ilə bağlı – Açıqlama

Bakı Şəhər Prokurorluğunda stomatoloq Elvin Nazim oğlu Həbibzadənin qətli ilə bağlı istintaq davam edir. Dəhşətli cinayət bu ilin oktyabrında baş verib.

Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov “Yeni Müsavat”a bildirib ki, Elvin Həbibzadənin qəsdən öldürülməsi faktı üzrə Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.1 maddəsi ilə istintaq tədbirləri davam etdirilir.

“Faktla bağlı çoxsaylı şahidlər dindirilib, müvafiq ekspertizalar təyin olunub. Səbuhi Ələkbərov və Rəşad Fətullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmə qərarı ilə barələrində həbs qəti imkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir” – deyə xidmət rəhbəri bildirib.

2 övlad atası olan 1987-ci il təvəllüdlü Elvin Həbibzadə oktyabrın 13-dən 14-nə keçən gecə Qaradağ rayonunun Sahil qəsəbəsinin ərazisində öz maşınında qətlə yetirilib. Onun ölümündə iştirak edən Səbuhi Ələkbərov qonşusu, Rəşad Fətullayev isə sonuncunun bacanağıdır. Qətl Sahil qəsəbəsinin ərazisində törədiləndən sonra Səbuhi Ələkbərovla Rəşad Fətullayev meyiti gizlətmək üçün hərəkətə keçiblər. Elvin Həbibzadənin meyitini ona məxsus maşında Bakının Türkan qəsəbəsində bağlar massivində yerləşən Səbuhi Ələkbərovun babasına məxsus baxımsız bağa gətiriblər. Gecə yarısı meyiti 30 metr dərinliyi olan susuz quyuya atıb, izi itirmək üçün üzərinə qayma daşlar tullayıblar.

Mərhuma məxsus “BMW” markalı, Az 10 VP 103 nömrə nişanlı maşını isə Rəşad Fətullayev üzərinə saxta nömrə nişanları bağlamaqla Qızıldaş qəsəbəsinə aparıb. Orada söküb satmağı planlaşdırıb. Bəzi hissələrini satmağa macal da tapıb.

Səbuhi Ələkbərov isə qətldən sonrakı 10 gün ərzində Elvin Həbibzadənin yaxınlarının yanına düşərək onun axtarışlarında iştirak edib. Onları sakitləşdirməyə səy göstərib, Elvinin harasa getdiyini, qayıdıb gələcəyinə inandırmağa çalışıb.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməliyyatçıları Səbuhi Ələkbərova inanmayıblar. O isə Elvin Həbibzadənin Qaqo adlı şəxslə harasa getdiyini deməklə şübhələri üzərindən yayındırmağa çalışıb. Qızıldaş qəsəbəsində Elvin Həbibzadəyə məxsus maşın aşkar ediləndən sonra Rəşad Fətullayev saxlanılıb, məlum olub ki, o, Səbuhi Ələkbərovun bacanağıdır. Səbuhi Ələkbərovun dediyi Qaqo adlı şəxs də elə onun bacanağı Rəşad Fətullayevdir. Bundan sonra Səbuhi Ələkbərov dəhşətli cinayəti tam təfərrüatı ilə əməliyyatçılara danışmaq məcburiyyətində qalıb.

Səbuhi Ələkbərov Elvin Həbibzadəni namus məsələsinə görə qətlə yetirdiklərini söyləsə də, mərhumun yaxınları bu versiyaya inanmırlar. Deyirlər ki, cinayət tamah məqsədi ilə törədilib. Qətldən sonra baş verənlər – mərhumun maşınının sökülüb satılması planı, cibindən pullarının götürülməsini də bunun əksini sübut edir.

“Yeni Müsavat”a daxil olan məlumata görə, hazırda hər iki şəxs Bakı İstintaq Təcridxanasında (BİT) saxlanılır.

İstintaqın davam edəcəyi 4 ay müddətində hər iki şəxs BİT-də qalacaqlar.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …