Ana səhifə / Kriminal / Devalvasiya nə zaman qaçılmazdır?

Devalvasiya nə zaman qaçılmazdır?

2016-cı ilin yanvar-iyun ayları üçün Azərbaycan Respublikasının tədiyyə balansı 1 milyard 252.7 milyon dollar, o cümlədən cari əməliyyatlar balansı 801.9 milyon dollar kəsirə (defisit) malik olub.

Devalvasiya, adətən, ölkələrin cari əməliyyatlar balansı kəsirini bağlamaq üçün apardığı bir siyasət kimi tanınır.

İqtisad ədəbiyyatda, “sabit valyuta məzənnəsi sistemlərində, dövlətin rəsmi valyuta məzənnəsini yüksəldərək, milli valyutasının xarici dəyərini aşağı salması prosesi” kimi xarakterizə olunan devalvasiya, malların ixrac qiymətini xarici valyutada aşağı salır, idxal qiymətini isə milli valyutada artırır.

Ona görə də, devalvasiya bir tərəfdən ixracı təşviq edərək valyuta gəlirlərini artırmaq, digər tərəfdən idxal mallarının ölkə daxilində tələbini azaldaraq valyuta qənaəti təmin etmək məqsədini güdür. Sözügedən metoddan, inflyasiya səbəbindən yaranan daxili və xarici qiymət səviyyəsi fərqini, dolayısı ilə ödənişlər balansı (tədiyə balansı) kəsirini örtmək məqsədilə də istifadə olunur.

Devalvasiyaya gedən ölkələr xarici sərmayə cəlb etməklə bərabər, ixracatda rəqabət üstünlüyü tuturlar. Ancaq devalvasiyanın müsbət tərəfləri ilə bərabər mənfi tərəflərinin də olduğu mütəxəssislər tərəfindən vurğulanır.

Yüksək xarici borca malik ölkələrdə, bu yükün daha da artmasına yol açan devalvasiyanın, avadanlıq və texnologiya idxalını daha bahalı edərək ölkədə qiymət artımının baş verməsinə səbəb olur. Devalvasiyanın, xüsusilə az inkişaf etmiş və iqtisadiyyatı əsasən kənd təsərrüfatına söykənən ölkələrdə ciddi problemlərə yol açdığı da dilə gətirilir. Belə ölkələr ərzaq məhsullarının böyük bir hissəsini xaricdən idxal etdiklərinə görə, əhalisi məhsulları daha bahalı alımalı olur.

Qeyd edək ki, 21 Fevral 2015-ci il tarixində Azərbaycan Mərkəzi Bankı manatın dəyərini dollar qarşısında 34% aşağı salıb.

TƏDİYƏ BALANSI NƏDİR?

Tədiyə balansı ölkənin beynəlxalq iqtisadi əlaqələrinin mədaxil və məxaric formasında valyuta ilə ifadə olunmuş dəyəridir. Başqa sözlə, tədiyə balansı beynəlxalq iqtisadi əməliyyatların həyata keçirilməsi nəticəsində milli iqtisadiyyata daxil olan və xaricə çıxarılan valyuta vəsaitləri arasında nisbəti müəyyən edir. Başqa sözlə, tədiyə balansı ölkə rezidentlərinin müəyyən dövr ərzində qeyri-rezidentlərlə apardığı iqtisadi əməliyyatların məcmusunu əks etdirən statistik hesabat sistemidir. İnstitusional vahidin rezidentlik statusu onun hər hansı bir ölkənin iqtisadi ərazisini öz iqtisadi maraqlarının mərkəzi seçməsi və bu əraziyə sıx bağlılığı ilə müəyyən edilir. Tədiyə balansi 4 hissədən ibarətdir: 1. Cari Əməliyyatlar balansı; 2. Kapitalın və maliyyənin hərəkəti balansı; 3. Ehtiyat aktivlərin dəyişməsi və 4. Balanslaşdırıcı maddələr.

Ölkənin cari əməliyyatlardan əldə etdiyi gəlirlər, cari əməliyyatlara çəkilən xərclərdən daha böyükdürsə bu vəziyyət cari profisit (cari əməliyyatlar artıqlığı); Daha kiçikdirsə cari kəsir (cari əməliyyatlar defisiti) olaraq adlandırır.

Cari əməliyyatlar hesabı – buraya ölkənin xarici ticarəti (idxal-ixrac), əldə edilmiş və göstərilmiş xidmətlər, əldə edilmiş və ödənilmiş faktor gəlirlər (əmək haqqı, divident, faiz, renta və digər bu tip ödənişlər) və cari transfertlər (pul baratları, humanitar yardımlar, qrantlar və s.) aiddir.

Əgər tədiyyə balansı defisitli olarsa, bu, növbəti devalvasiya ehtimalını artırır.

Cari əməliyyatlar balansının kəsirini maliyyələşdirmək üçün xaricdən kredit cəlb etmək mümkün deyilsə, bu kəsir Mərkəzi Bankın valyuta ehtiyatları hesabına valyuta bazarına müdaxilə etməklə örtülür.

– Kapitalın və maliyyənin hərəkəti hesabı – Kapital hesabı əsasən ölkənin qalan dünya ilə istehsal edilməmiş qeyri-maliyyə aktivlər üzrə əməliyyatlarını (məsələn, ölkədə xarici səfirliyə satılmış torpaq sahəsi), həmçinin kapital yönümlü digər transfertləri (məsələn, avadanlıq formasında edilmiş humanitar yardım), Maliyyə hesabı isə müxtəlif növ sərmayə axınlarını, yaranmış maliyyə öhdəliklərini və tələblərini ifadə edir (birbaşa və portfel investisiyalar, kreditlər, depozitlər və digər).

– Ehtiyat aktivlər – bu maddə Cari əməliyyatlar, Kapital və maliyyənin hərəkəti hesabında baş vermiş əməliyyatların nəticəsi olaraq ölkənin valyuta ehtiyatlarının artıb/azalmasını ifadə edir. Məsələn, əgər Cari əməliyyatlar balansının kəsirini maliyyələşdirmək üçün xaricdən kredit cəlb etmək mümkün deyilsə, bu kəsir Mərkəzi Bankın valyuta ehtiyatları hesabına valyuta bazarına müdaxilə etməklə örtülür. Yuxarıda qeyd olunmuş mühasibatlıq yazılışı qaydalarına əsasən kredit tərəfi “müsbət” işarə ilə aktivin azalmasını, debet tərəfi isə “mənfi” işarə ilə aktivin artmasını ifadə edir.

Balanslaşdırıcı maddələr – Konseptual baxımından hər bir əməliyyatın kredit və debet tərəfi olduğundan, balansın yekununda ikili yazılış qaydası üzrə məcmu kredit əməliyyatlarının yekun həcmi məcmu debet əməliyyatlarının yekun həcminə bərabər olmalıdır. Praktikada isə heç bir ölkənin tədiyə balansının tərtibatında buna nail olmaq mümkün deyildir. Xüsusilə ölkənin xarici iqtisadi əlaqələrinin sürətlə genişlənməsi şəraitində bir sıra əməliyyatların dəqiq qeydiyyatını aparmaq daha da çətin olur (informasiyanın tam olmaması, informasiya mənbələri arasında vaxt intervalı, qiymətləndirmələrdə kənarlaşmalar və s.). Əksər hallarda bir əməliyyatın kredit və debet tərəflərini qeyd etmək üçün müxtəlif informasiya mənbələrindən istifadə olunur. Bu mənbələrin biri və ya bir neçəsi natamam olduqda kredit və debet tərəfləri bir birinə bərabər olmur və nəticədə müəyyən fərq yaranır. Bu fərqlər cəmi yekunda balanslaşdırıcı maddələr rolunu oynayır. “Marja”

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın