Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Kriminal / Deputat Rafael Cəbrayılov məhkəmədə qardaşına “şərəfsiz” dedi, onu ittiham etdi

Deputat Rafael Cəbrayılov məhkəmədə qardaşına “şərəfsiz” dedi, onu ittiham etdi

15 ilə yaxın Milli Məclisin deputatı olmuş, sonda deputat vəsiqəsini girov qoyaraq borca pul alan Rəfael Cəbrayılov hakim qarşısına çıxarılıb.

Belə ki, onun cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilir. Sonuncu prosesdə keçmiş deputat Rəfael Cəbrayılov deyib ki, onun işi üzrə zərərçəkən kimi tanınan adamlar əslində, ona sələmlə pul vermişdilər.
Sabiq deputat zərərçəkənlərin ifadələrinə etiraz edib, onların yalan danışdığını bildirib.

Zərərçəkmiş qismində Yusif Orucov, Şəhanə Məmmədova, Sənan Ağamirov, Məlahət Qurbanova ifadə verib.

Yusif Orucov bildirib ki, sabiq deputata 2015-ci ilin martında 100 min dollar pul verib. Bu pulun 15 mini geri qaytarılıb.

Rəfael Cəbrayılov isə bildirib ki, Yusif Orucov bu pulu ona aylıq 2,5 faizlik sələmlə vermişdi. 15 min dollar da sələm olaraq ona verilib. Pulun özünün nə vaxt qaytarılmasıyla bağlı isə veriləndə konkret vaxt müəyyənləşdirilməyib.

Zərərçəkmiş Şəfanə Məmmədova bildirib ki, Rəfael Cəbrayılova 50 min dollar verib: “Demişdi ki, binanın liftini qoymaq üçün lazımdı. Sonra binanın mansard hissəsini satıb, üstündə 10 min də artıq qaytaracaqdı…”

Zərərçəkmiş Sənan Ağamirov isə bildirib ki, 30 min bir, 15 min də bir olmaqla, ümumilikdə sabiq deputata ümumilikdə 45 min dollar verib. Bu pulun 12 min dollarını geri ala bilməyib: “Məndən borc istəmişdi. Hissə-hissə qaytardı, qalanı qaldı…”

Təqsirləndirilən keçmiş deputat onun dediklərinə etiraz edib: “Mən sənin pulunu artıqlamasıyla qaytarmışam”.

Lombard sahibi, “Məlahət” MMC-nin rəhbəri Məlahət Qurbanova ifadəsində bildirib ki, keçmiş deputata 420 min manat və 80 min dollar pul verib: “Bu da ümumilikdə 561 min manat eləyir. Bir müddət faizlərini ödədi, sonra dayandı. Dedi ki, verməyəcəm. Mən ona bildirdim ki, şikayət edəcəm. Onda dedi ki, verəcəm. Verdiyim 561 min manatın əvəzində 180 min manatlıq borc müqaviləsi bağladıq. Borcun 169 min manatını qaytardı. Əvəzində ümumi sahəsi 450 kvadrat metr olan üç qeyri-yaşayış sahəsi və dörd mənzil vermişdi. Amma mənzilləri əldə edə bilmədim. Çünki o mənzillər başqasına da satılmışdı”.

Rəfael Cəbrayılov bildirib ki, o, mənzillərin də sənədlərini ona vermişdi. Əgər həmin əmlaklar sonradan kiməsə satılıbsa, bu məsələnin ona aidiyyəti yoxdur: “Mənim verdiyim əmlaklar borcumu artıqlamasıyla ödəyir…”

Qeyd edək ki, ötən proseslərdə Rafael Cəbrayılov bəzi epizodlar üzrə qardaşı Elşən Cəbrayılovu ittiham edib. Hətta sabiq deputat qardaşını “şərəfsiz” də adlandırıb. Rafael Cəbrayılov istintaqdakı ifadəsində də göstərib ki, bina tikintisinə və satışa qardaşı Elşən Cəbrayılov nəzarət edib.

Sabiq deputat ifadəsində qeyd edib ki, 2000-ci ildə prokurorluq orqanında işlədiyi üçün özü kommersiya fəaliyyəti ilə məşğul ola bilmədiyib və qardaşı Elşən Cəbrayılovun adına “Dərhal” MMC təsis edib. MMC Bakıda bina tikintisi ilə məşğul olub. İlk iş olaraq da “Şərq Bazarı”nın yanında bina inşa ediblər.

Daha sonra Yasamal rayonu ərazisində bina tikiblər. 2007-ci ildə deputat olduğunu deyən Rafael Cəbrayılov söyləyib ki, həmin ildən Mehdiabad qəsəbəsində Binəqədi Gənclər Şəhərciyi layihəsi kimi 12 çoxmərtəbəli bina tikməyə başlayıblar.

R.Cəbrayılov söyləyib ki, binaların sayı sonradan 23-ə çatdırılıb. Layihə üçün pullar “Azəriqazbank”dan götürülüb və tam ödənilib.

Qeyd edək ki, bu bank sabiq MTN naziri Eldar Mahmudovun yaxın dostu olan sabiq deputat Çingiz Əsədullayevindir.

Rafael Cəbrayılov ifadəsində göstərib ki, tikintiyə və satışa qardaşı Elşən Cəbrayılov nəzarət edib.

Yaranan borclardan danışan R.Cəbrayılov deyib ki, binaların inşası üçün dostların dəfələrlə borca pul alıb. Bəzən isə faizə də pul götürüb.

Məlumata görə, cinayət işində ümumilikdə 11 nəfər zərərçəkmiş var. Sabiq deputatın həmin şəxslərə ümumilikdə 2 milyon 571 min manat borcu var.

Zərərçəkənlər arasında “Şərur-İnşaat” şirkətinin rəhbəri, “Şərurlu İsfəndiyar” kimi iş adamı İsfəndiyar Axundovdur. O bildirib ki, keçmiş deputat ondan 200 min manat pul alıb. İş adamının sözlərinə görə, Rəfael Cəbrayılov ona Milli Məclisin keçmiş sədri Oqtay Əsədovla şərik bina tikintisilə məşğul olduqlarını deyib.

Zərərçəkənlərdən biri də lombard sahibi, “Məlahət” MMC-nin rəhbəri Məlahət Qurbanovadır. M.Qurbanova Əmək və Əhalinin Sosial Müdafiə naziri Füzuli Ələkbərovla mülk davası, jurnalistlərlə məhkəmə çəkişmələrilə medianın gündəmində olub.

Başqa bir zərərçəkmiş – həkim-stomotoloq Sülhiyyə Məmmədovadır. O keçmiş deputat və qardaşlarının rəhbərlik etdiyi “Dərhal” MMC-nin Novxanı yoluyla Mehdiabad-Fatmeyi yolunun kəsişməsində inşa etdiyi 5 mərtəbəli binadan 150 min manatlıq qeyri-yaşayış sahəsi almaq istəyiblər. Bu məqsədlə pul versələr də nə əmlakı ala biliblər, nə pul qayıdıb. Ona görə də Rəfael Cəbrayılovdan şikayətçi olublar.

Qeyd edək ki, Rəfael Cəbrayılov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham olunur.

Günahı sübuta yetirilərsə, onu 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Musavat.com

Həmçinin oxuyun

Prokuror AXCP sədrinin mühafizəçisinə cəza istəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin mühafizəçisi Niyamməddin …