Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Deputat oğlunun oğurlanmasına görə ölkədən aparılan milyonları kimlər “yeyəcək”?

Deputat oğlunun oğurlanmasına görə ölkədən aparılan milyonları kimlər “yeyəcək”?

Dünən ən çox müzakirə olunan mövzulardan biri də Türkiyədə azərbaycanlı millət vəkilinin oğlunun oğurlanmasına dair xəbər oldu.

Xəbərin ilkin variantında nə həmin millət vəkilinin, nə də onun oğlunun adı keçirdi.
Bakupost.az -ın araşdırmasından sonra isə məlum oldu ki, Türkiyədə oğurlanan şəxs millət vəkili, Azərbaycan Tibb Universitetinin sabiq rektoru Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanovdur.

Xəbərin təfərrüatı artıq hamımıza bəlli olduğundan bunun üzərində dayanmayacağıq.
Bizimçün (elə oxucular üçün də) məsələnin başqa bir tərəfi maraqlıdır.
İş burasındadır ki, separatçı kürd qruplaşmanın üzvləri Azər Əmiraslanovu oğurlayıb onun azadlığa buraxılması üçün 10 milyon dollar tələb etməsəydilər, Azərbaycanda hələ uzun müddət Əmiraslanovlar ailəsinin Türkiyədə milyon dollarlarla gəlir gətirən geniş biznes şəbəkəsinin mövcudluğundan xəbər tutmayacaqdı. Məhz bu xəbər yayıldıqdan sonra hamı millət vəkilinin oğlunun Türkiyədə bir neçə klinika və tibb sahəsi ilə bağlı biznes obyektlərinin olduğundan xəbər tutdu.

Bu barədə yayılan xəbərlərdən o da aydın oldu ki, A. Əmiraslanov bir müddət əvvəl Türkiyədə yaşayan kriminal aləmin üzvləri ilə problem yaşayıb. Bu isə o deməkdir ki, A. Əmiraslanovun kifayət qədər gəlirli və prestijli biznesi var. Çünki kriminal aləmin üzvlərinin bir qayda olaraq, imkanlı iş adamları ilə problemləri yaranır ki, bunun da hansısa səbəbdən olduğu hər kəsə aydındır.

A. Əmiraslanovla bağlı hadisə eyni zamanda Türkiyədəki Azərbaycan biznesi mövzusunu da gündəmə gətirdi. Bir az da dəqiq desək, Azərbaycanlı oliqarxlar, məmur və deputatların qardaş ölkədə sahib olduqları biznes obyektləri və daşınmaz əmlaklar mövzusunu.

Öncə onu qeyd edək ki, azərbaycanlı məmurların və onlara yaxın şəxslərin biznes üçün üz tutduqları ölkələr arasında qardaş Türkiyə ilk yerlərdən birini tutur.

Bunun da bir sıra səbəbləri var. Əvvəla, Türkiyədə iş adamları üçün münbit mühit mövcuddur. Xüsusən də iki ölkə arasındakı yüksək səviyyəli münasibətlər, eləcə də bir sıra razılaşmalar və imtiyazlar Türkiyəni Azərbaycan iş adamları üçün cəlbedici edir. İkincisi, təhlükəsizlik amili. Qardaş ölkədə iş quranlar öz bizneslərinin gələcəyi üçün təhlükə hiss etmirlər. Digər tərəfdən, hətta bir sıra ölkələrdən olan iş adamlarının, xüsusən də rusiyalıların öz bizneslərini Türkiyəyə köçütmələri də qardaş ölkədə biznes üçün təhlükəsiz mühitin olduğundan xəbər verir. Nəhayət, əhali sayı, turizm imkanları və bir çox digər üstünlüklər azərbaycanlıların Türkiyədə biznes qurmağa üstünlük verməsinə səbəb olur.

Elə statistika da Türkiyədə Azərbaycan iş adamlarının sayının ildən-ilə artmasından xəbər verir. Belə ki, Türkiyə Ticarət və Sənaye Palatasının məlumatına görə, 2021-ci ildə Türkiyədə Azərbaycan kapitallı 153 şirkət qeydiyyatdan keçib. Onların ümumi kapitalı 42,9 milyon türk lirəsi olub.

Azərbaycan kapitalının hansı sahələrə yönəldiyinə gəlincə, 2021-ci ilin ilk 6 ayında azərbaycanlılar Türkiyədə 11 sənaye, 6 tikinti, 51 topdan və pərakəndə ticarət, 8 daşınmaz əmlak satışı, 6 turizm, 14 nəqliyyat-logistika, 1 dağ-mədən və 1 kənd təsərrüfatı şirkəti açıblar. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərir.

2022-ci ilin yanvar-avqust aylarında Türkiyədə Azərbaycan kapitalı ilə 214 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 61 şirkət çoxdur.

Təkcə 2021 və 2022-ci ilin ilk 6 ayının göstəricilərinə diqqət edəndə aydın olur ki, Azərbaycanlıların Türkiyəyə yatırdığı kapitalın həcmi 42,9 milyon türk lirəsindən 82,4 milyon türk lirəsinə yüksəlib.

Beləliklə, bir ildə Türkiyədə orta hesabla 150-180 Azərbaycan şirkətinin qeydiyyatdan keçdiyini nəzərə alsaq, 10 ildə toplan göstərici ən azı 1500-1800 şirkət edir.

Bəs, bu şirkətlərin arxasında kimlər dayanır?

Şübhəsiz ki, Türkiyədə iş quran azərbaycanlılar arasında müstəqil iş adamları olduqca azlıq təşkil edir. Gələn xəbərlər də bu şirkətlərin məmurlara, ən azı millət vəkilləri və ya hansısa rektorun qohum-əqrəbasına məxsus olduğunu təsdiq edir.

Yeri gəlmişkən, bir neçə il əvvəl başqa bir rektor və millət vəkili Abel Məhərromovla bağlı qalmaqal baş vermişdi və o zaman aydın oldu ki, onun oğlunun İspaniyada şərab biznesi var.

Bu yaxınlarda isə Bakının keçmiş meri Hacıbala Abutalıvovun İstanbul və Kapadokiyada milyonluq otel biznesinə sahib olduğu araşdırma dərc etmişdik. Orada qeyd olunurdu ki, bu oteldə bəzi nömələrin bir gecəlik qiyməti 35 min avro təşkil edir.

Bəs, azərbaycanlı məmur övladları Türkiyədəki bu biznesi hansı pullar hesabına qurular?

Yəqin ki, bunun xüsusi isbata ehtiyacı yoxdur və hər kəsə aydındır ki, əksər məmur övladlarının biznesi çirkli pullar hesabına qurulub. Azərbaycanda isə hökumət ermənilərin viran qoyduqları şəhər və kəndləri bərpa etmək, ərazilərimizi minalardan təmizləmək üçün maliyyə mənbələri axtarır. Bax, bu vacib işlərin görülməsi üçün maliyyə mənbələrindən biri elə Türkiyədəki məmur övladlarının qanunsuz biznesləri ola bilər… Yoxsa, təcrübə və elə son hadisə də göstərir ki, ağılla qazanılmayan, ağılla idarə olunmayan milyonlar onsuz da axırda oğruya–quldura qismət olur.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …