Cümə , Aprel 12 2024
Ana səhifə / Kriminal / “Dedi, rəis müaviniyəm, yoldaşımı yola ver” – Dövlətə 1,6 milyon zərər vurmaqda təqsirləndirilən baş həkim

“Dedi, rəis müaviniyəm, yoldaşımı yola ver” – Dövlətə 1,6 milyon zərər vurmaqda təqsirləndirilən baş həkim

Dövlətə 1.6 milyon manat dəyərində zərər vurmaqda, eləcə də Bakıda müğənniyə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının keçmiş baş həkimi Rauf İsfəndiyarovun cinayət işi üzrə məhkəməsi davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Rauf İsfəndiyarov ifadə verib.

O bildirib ki, 2011-ci il oktyabrın 27-dən Laçın Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində işləyib:

“2017-ci ildə öz ərizəmlə çıxaraq, 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi vəzifəsinə təyin edilmişəm. Zərərçəkmiş şəxs qismində tanınan Dəniz Əsədovanın əvvəlki ad-soyadı Aygün Miriyeva idi. 2017-ci ilin mayın 10-da bu cür rejimlə işləyə bilməyəcəyini əsas gətirərək işdən çıxmaq ərizəsini mənə təqdim etdi. Lakin mən onun ərizəsinin üstünü yazmadım. Daha sonra onun həyat yoldaşı Məhəmməd Əsədov yanıma gələrək özünü 13-cü polis bölməsinin rəis müavini olduğunu bildirərək Aygün Miriyevanı (Dəniz Əsədova-red) yola verməyimi xahiş etdi”.

Təqsirləndirilən şəxs bildirib ki, zərərçəkmiş şəxs onun etibarından sui-istifadə edərək ona hədə-qorxu gəlib:

“Aygün bizdə yeganə kompüter mütəxəssisi idi. Bizim xəstəxana yararsız vəziyyətdə idi, internet demək olar ki, yox idi. Sonra mənə təklif etdi ki, xəstəxananı öz hesabına təmir edəcək. Fikrimcə, təmirə təxminən 10-15 min manat pul xərcləmişdi. Bunun qarşılığında mənə ərinin qohumları üçün saxta əlillik dərəcəsi almaq üçün arayışların verilməsini xahiş etdi. Daha sonra Aygün hüquq-mühafizə orqanlarının adından məni şantaj etməyə başladı və dedi ki, təmirə görə mənə 68 min pul verməlisən. 2023-cü ilin yanvarında polis idarəsinə getdik. Guya mənə bu şəxsin qanunsuz əməllərini ört-basdır etmək üçün 260 min pul verib. Onun köhnə əməllərini araşdıraraq gördüm ki, saxta əlillik arayışları verib”.

Məhkəmənin növbəti iclası aprelin 23-nə təyin edilib.

Qeyd edək ki, Rauf İsfəndiyarova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla), 179.2.3-cü (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 32.4.308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma), 313, 32.4.313-cü (vəzifə saxtakarlığına təhrik etmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

Həmçinin oxuyun

Məmurla həbs olunan iş adamı arasında nə baş verib? – “Restoranda 500 min verdim”

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdan hədə-qorxu yolu ilə 4 milyon …