Ana səhifə / Kriminal / “Dedi ki, gərək Allaha sözünü mənim vasitəmlə çatdırasan”

“Dedi ki, gərək Allaha sözünü mənim vasitəmlə çatdırasan”

Özünü 12-ci imam kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda zərərçəkmişlər – Etibar Novruzov və Telman Nuriyev ifadə verib.Etibar Nuriyevin dediyinə görə, Aqil Babayevlə dini məclislərin birində tanış olub, sonradan onun həyətində bağbanlıq edib: “O vaxt da ətrafında olan hər kəs buna inanırdı. Mən həmişə Allaha dua etmişəm. Günlərin birində Aqil mənə dedi ki, Allah sənin dediklərini eşitmir, gərək mənim vasitəmlə sözünü çatdırasan”.

İş üzrə zərərçəkmiş şəxsə 9 min manat ziyan dəydiyi iddia olunur. O, həmin pulları uzun illər zəkat formasında verdiyini bildirib.

Təqsirləndirilən şəxs Etibar Novruzovun yalan danışdığını, bağbanı işlədiyi müddətdə ona hər cür köməklik etdiyini deyib.

Digər zərərçəkmiş Telman Nuriyev isə Aqil Babayevlə bir məhəllədə böyüdüyünü bildirib. İttihama görə, o da Aqil Babayevin təsirinə düşüb, müxtəlif vaxtlarda ümumilikdə 4 min manat zəkat verib.

Müdafiə tərəfi Telman Nuriyevdən Aqil Babayevin imam olmasına hansı səbəblə inandığını soruşub. Telman Nuriyev bunu son illərdə təbii fəlakətlərin və müharibələrin artması ilə əlaqələndirib.

Proses yanvarın 10-da davam etdiriləcək.

Xatırladaq ki, “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olmuş Aqil Babayev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib. İş üzrə zərərçəkmiş şəxslərə 2 milyon 500 min manat ziyan dəydiyi iddia olunur.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …