Bazar , Oktyabr 25 2020
Ana səhifə / Kriminal / “Dərnəgül” bazarı yandı – sahibkarlara 100 minlərlə ziyan dəydi

“Dərnəgül” bazarı yandı – sahibkarlara 100 minlərlə ziyan dəydi

9 mağaza yanaraq kül olub, digər mağazalarda isə materiallar yararsız hala düşüb

İyunun 29-da Bakıda Ziya Bünyadov prospektində “Dərnəgül” bazarı kimi tanınan ərazidə yanğın baş verib.  “Dərnəgül”  bazarında adətən taxta və digər tikinti materialları satılır. Elə hadisə də taxta satılan mağazaların birində baş verib. Yanğını söndürmək üçün əraziyə  Fövqəladə Hallar Nazirliyinin 15 yanğınsöndürən maşını cəlb olunub. Hadisə ilə bağlı ilkin xəbərlər yayılan zaman Nərimanov Rayon İcra Hakimiyyəti başçısının I müavini Şahmar İbadov APA-ya bildirib ki, hadisə “Taxta bazarı”nın ərazisində qeydə alınıb və daha sonra yanğın qonşuluqdakı dükanlara keçib.

Yanğın nəticəsində qatı tüstünün yayılması, digər mağazalardakı satıcılar, ümumilikdə ərazidən keçənlər üçün də çətin anlar yaşadıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayaraq bildirib ki,  naməlum səbəbdən baş vermiş yanğın nəticəsində havaya qatı tüstü və qoxu yayılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları dərhal hadisə yerinə gedib, monitorinq və araşdırma işlərinə başlayıb.

Mütəxəssislər atmosferə yayılan tüstü axını və qoxu ilə əlaqədar havanın çirklənmə səviyyəsini müəyyən etmək üçün sanitar-mühafizə zonasından xüsusi cihazlarla nümunələr götürüb. Götürülmüş nümunələr üzərində laborator analiz aparıldıqdan sonra nəticələr barədə məlumat veriləcək.

Əraziyə xeyli sayda polis nəfərləri də cəlb olunaraq, ciddi mühafizə tədbirləri alınıb. Hadisə şahidlərinin virtualaz.org-a bildirdiklərinə görə, yanğın xırdavat bazarında qəflətən başlayıb və sonradan tikinti mağazalarına keçib.

Dərnəgül bazarında yanğın ile ilgili görsel sonucu

Nəticədə tikinti materialı, boya, laminat, lambirin, taxta, istilik sistemləri satılan 9 mağaza yanaraq kül olub. Yanmayan mağazalarda isə materiallar yararsız hala düşüb.

Mağazalarda tezalışan materiallar satıldığından, yanğın tez bir zamanda ətrafa yayılıb. Mağaza sahibləri 100 minlərlə manatlıq zərər çəkdiklərini deyirlər.

Dərnəgül bazarında yanğın ile ilgili görsel sonucu

Yayılan rəsmi məlumatlarda isə aşağıdakılar bildirilib:

“Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 1100 m2 olan ikimərtəbəli müxtəlif təyinatlı tikinti materialları mağazalarının dam örtüyünün yanar konstruksiyaları (içərisində olan tikinti materialları ilə birlikdə) və 720 m2 sahədə açıq əraziyə yığılmış tikinti materialları yanıb”.

Dərnəgül bazarında yanğın ile ilgili görsel sonucu

Eyni gündə Bakıda Binəqədi rayonunda yerləşən “Nanəli” restoranında da yanğın baş verib. Yayılan rəsmi məlumatlara görə, Binəqədi rayonunda ümumi sahəsi 700 m2 olan (hər mərtəbəsi 350 m2, 1-ci mərtəbəsi müxtəlif təyinatlı obyektlər) 2-ci mərtəbəsində taxta konstruksiyalardan ibarət “Nanəli” restoranının yanar konstruksiyaları və içərisində olan əşyalar 198 m2 sahədə yanıb. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Son günlər Bakıda müxtəlif zavodlarda, obyektlərdə ard-arda yanğınlar baş verir. Məsələn, iyunun 3-də Binəqədi rayonunda zavod ərazisində təkər tullantıları yanıb. Qatı tüstü ilə müşahidə olunan yanğını Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çətinliklə söndürüblər. Hadisədən bir gün sonra yenə də Binəqədi rayonu ərazisində istismar müddəti bitmiş avtomobil şinləri yanıb. Yanğın 200 kvadratmetr ərazini əhatə edib. Yenə də iyunun 13-də Binəqədi rayonunda 1700 kvadratmetr olan boya istehsalı sexinin ərazisində güclü yanğın baş vermişdi…

“Yeni Müsavat”a danışan ekspert Nüsrət Qasımov bildirib ki, bazarda baş verən yanğınla bağlı versiyalar müxtəlif ola bilər:

“Ola bilər məsələ rəqabətlə bağlıdır. Kimsə, kimisə bazardan sıxışdırıb çıxarmaq istəyir. Əsas məsələ isə insan faktorudur. Əksəriyyət qazdan, işıqdan təhlükəsiz istifadə qaydasına riayət etmir. Nəticədə kənd yerlərində də ot tayaları, evlər yanır. Əvvəllər evlərdə indiki qədər elektriklə işləyən məişət əşyaları yox idi. Bu qədər məişət əşyası olduğu halda insanlar yeni ev tikən, təmir etdirən və ya elektrik şəbəkəsinə qoşulan zaman müvafiq ”n” kəsiyində olan naqilləri düzgün seçmirlər. Yüklənmə nəticəsində naqillər qızır və yanma baş verir. Bundan əlavə, obyektlərin qarşısında yanğın şiti yoxdur. Bazarda yanğın baş verən zaman yanğın söndürən maşınlar evlərdən su axtarırmış. Əslində isə bazarın qarşısında xüsusi yanğın şiti, qum torbaları olmalıdır. Bunlar olsaydı, insanlar özləri yanğının qarşısını alardılar. Həyat üçün vacib elementlərə fikir verən yoxdur. Ona görə də ağır fəsadlar yaranır. Qaz balonunun partlaması hallarını da müşahidə edirik. Hazırda bu məsələ də bəlaya çevrilib. Propan qazını satırlar, ancaq balonların istismarına nəzarət edən qurum yoxdur. Bu balonlar ildə bir dəfə sınaq yoxlamasından keçirilməli, yüksək təzyiqlə yoxlanmalı, balonun keyfiyyəti ölçülməlidir. Bu kimi yoxlamaların heç biri aparılmır. Hətta maşınla daşıyan zaman balonların ortasına rezin üzlüklər taxılmalıdır ki, harasa dəyərsə, yanğın olmasın. Eyni zamanda balonları qoşan zaman da diqqət etmək lazımdır. Burada xüsusi məsafələr nəzərə alınmalıdır. Yay aylarında yanğın hadisələri daha çox baş verir. Çünki isti aylarda bütün yanmağa meylli materiallar quru olur. Adi qığılcım olan kimi yanğın hadisəsi baş verir. Qış aylarında isə materiallar nəmli olduğu üçün yanğınlar bir qədər az müşahidə olunur”.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …