Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Çovdarovun “xilas əməliyyatı” – bu dəfə 30 milyonluq əmlakını…

Çovdarovun “xilas əməliyyatı” – bu dəfə 30 milyonluq əmlakını…

Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və həmin idarənin keçmiş işçisi polkovnik Səlim Məmmədovun cinayət işi üzrə əmlaklarının xüsusi müsadirədən azad olunması ilə əlaqədar qərardan verilən şikayət və protestlə bağlı məhkəmənin vaxtı məlum olub. Ali Məhkəmədə şikayət hakim Rəşad Abdulovun icraatına verilib. Məhkəmənin ilkin baxış iclası aprelin 11-nə təyin olunub.

Qeyd edək ki, Bakı Apelyasiya Məhkəməsinin ötən il dekabrın 28-də Akif Çovdarov və Səlim Məmmədovun əmlaklarının xüsusi müsadirədən azad olunması bağlı qərar qəbul edib. Qərara əsasən, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi ilə bağlı dövlət nəfinə alınmış 30 milyonluq əmlaklar xüsusi müsadirədən azad olunub. Azad olunan əmlaklardan biri də “8-ci kilometr” bazarının 50 faizlik payıdır. Bununla bağlı bazarın keçmiş sahibi Çingiz Əsədov iş üzrə Ali Məhkəməyə kasasiya şikayəti verib.
Baş Prokurorluq tərəfindən Akif Çovdarovun müsadirə olunmuş əmlaklarının geri qaytarılması barədə qərarla bağlı kasasiya protesti verilib. Şikayət və protest eyni qərardan olduğu üçün məhkəmə tərəfindən şikayətlərə bir yerdə baxılacaq.

Xatırladaq ki, Akif Çovdarov və Səlim Məmmədov 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov isə 11 il müddətinə azadlıqdan məhrum edilib. Prezident İlham Əliyevin 2020-ci ildə imzaladığı əfv sərəncamı ilə Akif Çovdarov, 2022-ci ilə imzaladığı əfv sərəncamı ilə Səlim Məmmədov azadlığa buraxılıb.

Müsadirə olunan əmlaklar Akif Çovdarovun ailə üzvlərinin adına idi. Ona görə də yaxınları əmlakların geri qaytarılması üçün məhkəmələrə şikayətlər verirdilər. 2022-ci ilin dekabrında Bakı Apelyasiya Məhkəməsində Habil Məmmədovun sədrliyilə, İlqar Murquzov və Həsən Əhmədovdan ibarət hakimlər kollegiyası Akif Çovdarov və ailə üzvlərinin təxminən 30 milyon manatlıq əmlaklarının geri qaytarılmasına qərar verdi. Onların arasında aşağıdakı əmlaklar vardı:

Bakı şəhəri, “8-ci kilometr bazarı” adlanan ticarət mərkəzinin səhmlərinin yarısı – 8.1 milyon manat;
Biləcəri qəsəbəsində 560 kv.metr torpaq sahəsi – 95 min manat;
Biləcəri qəsəbəsində 0,06 hektar torpaq sahəsi – 300 min manat;
Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi 5 ünvanında 250 kv.metr qeyri-yaşayış sahəsi – 231 min 500 manat;
Xətai rayonu, Məhəmməd Hadi küçəsində mənzil – 125 min manat;
Nəsimi rayonu, Bülbül prospektində mənzil – 483 min manat;
Novxanı qəsəbəsində torpaq sahələri – 86 min manat və 71 min manat;
Novxanı qəsəbəsində bağ evi – 800 min manat;
Novxanı qəsəbəsində bağ evi – 700 min manat;
Saray kəndində torpaq sahələri – 60 min manat, 203 min manat, 59 min 500 manat;
Xızı rayonu, Qızılqazma kəndində 2 hektar torpaq sahəsi – 400 min manat;
Qəbələ rayonu Nohurqışlaq kəndində torpaq sahələri – hər biri 15 min manat;
Şamaxı rayonu Nağaraxana kəndində torpaq sahələri və tikililər – ümumilikdə 4 milyon 310 min manat;
Kürdəmir rayonunun müxtəlif kəndlərində torpaq sahələri və təsərrüfatlar – 640 min manat;
Kürdəmir şəhərində “Ərşəli yeri” adlanan ərazidə yerləşən 100 hektar torpaq sahəsinin üzərində yerləşən 93,1 kv.metr tikili, 24 min nar kolu – 208 min manat;
Bakı şəhəri, Nəsimi rayonu, Seyidzadə və Cavadxan küçələrinin kəsişməsində yerləşən qarajlar – 96 min manat;
Binəqədi rayonu, 7-ci mikrorayon, Xarici dairəvi küçəsində 4941 kv.metrlik 6 mərtəbəli bina – 3 milyon 178 min manat;

Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində 7 mərtəbəli qeyri-yaşayış binası – 4 milyon 500 min manat.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Baş Prokurorluğun protesti haqlıdır və təmin edilməlidir: “Akif Çovdarovun əmlakları barədə verilən qərar cəmiyyətdə haqlı olaraq ciddi narazılıq doğurmuşdu. Akif Çovdarov etiraf etməsə də, onun bunca əmlaklara MTN-dəki maaşı ilə sahiblənməsi mümkünsüz idi. Yaxın qohumları bu qədər əmlakı haradan alıb? Biznesdən? Haradadır həmin biznes? Həmin biznesdən dövlətə verilən vergilərin hesabını açıb göstərə bilərlərmi?

Çovdarov dastanı” » "Dünya" informasiya agentliyi

Necə oldu ki, Akif Çovdarovla Hilal Əsədov MTN-də rəhbər vəzifəyə gələndən sonra həyat yoldaşları Bakının ən böyük bazarlarından olan “8-ci kilometr bazarı”na sahib oldular? İş materiallarında da çoxsaylı faktlar var ki, bazarın sahiblərin başına min bir oyun açıblar və bazarı əllərindən alıblar. Bakı Apelyasiya Məhkəməsində hakimlər əmlakların Akif Çovdarova qaytarılması qərarını gözlərini yumub veriblər. Belə qərarlar əlbəttə ki, qanunsuzdur və ləğv olunmalıdır”.

Hüquqşünas deyib ki, Ali Məhkəmə rəhbərliyinin bu arada dəyişilməsi protestə ədalətlə baxılmasına ümidləri artırır: “Ramiz Rzayev uzun illər prokurorluq orqanında rəhbər vəzifədə çalışandan sonra Ali Məhkəməyə sədr gətirilmişdi. Onun hüquq-mühafizə orqanlarında çalışdığı zamanlarda Akif Çovdarovla yolunun kəsişməsi, ortaq tanışlarının olması, özlərinin yaxşı münasibətlərinin olması ehtimalı böyük idi. Hazırda isə Ramiz Rzayevi İnam Kərimov əvəzləyib. İnam Kərimovu cəmiyyət ASAN xidmət layihəsinin gerçəkləşməsindən tanıyır. Bu layihə Azərbaycanı dünyaya tanıdan, sivil dövlət sırasında layiqli yerini tutması üçün imkanlarının varlığını sübut etmiş oldu. Hesab edirəm ki, Ali Məhkəmədə bundan sonra qanunun aliliyi təmin ediləcək. Bu isə bütövlükdə Azərbaycan məhkəmə-hüquq sisteminə öz təsirini göstərəcək. Kimlərinsə şəxsi mənafeləri, vəzifələri qanundan üstün tutulmayacaq. Akif Çovdarovun əmlaklarının özünə qaytarılması ittiham tərəfinə tərs sillə idi. Hələ ibtidai istintaq dövründə bu əmlakların sırf Akif Çovdarovun vəsaitləri hesabına əldə edilməsinə dair sübutlar toplanması, ifadələr alınmalı, əmlakların müsadirəsi üçün qanuni əsasların varlığı sübuta yetirilməli idi. Məhkəmələr də bu məsələyə məhz ittiham çərçivəsində baxırlar. Bu gün hakimlərin cəzalandırılması üçün kifayət qədər əsaslar var. Amma həmin hakimlərin qarşısına gedib çıxan ittiham da elə tərtib olunmalıdır ki, hakim qanunsuz qərar verə bilməsin. Ümumiyyətlə, “MTN işi” üzrə istintaq çox səthi aparılıb və bununla da təqsirləndirilən şəxslərə geniş manevr imkanları tanınıb. Odur ki, bizlər bu işlər üzrə həbs olunanların tez bir zamanda azadlığa çıxmalarının şahidi oluruq. Əslində isə belə olmamalı idi. Əgər əmlaklar Akif Çovdarovun ailə üzvlərinin adına rəsmiləşibsə, onlar barəsində də cinayət yolu ilə əldə edilən əmlakların leqallaşmasında iştirakçılığa görə cinayət işi başlanmalı idi. Bunu bilərəkdən etmirlər ki, gələcəkdə əmlakları geri ala bilsinlər. İstintaqın alayarımçıq aparılması iş üzrə zərərçəkənlərin də maraqlarına çox ciddi şəkildə xələl gətirir. Onlara dəyən ziyan ödənmir”.
Hüquqşünas deyib ki, bundan ilk növbədə Azərbaycan dövləti, Azərbaycan məhkəməsi uduzur, vətəndaşın məhkəmə-hüquq sisteminə inamsızlığı artır.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …