Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Çovdarov və digər MTN generallarının şikayətinə baxılacaq

Çovdarov və digər MTN generallarının şikayətinə baxılacaq

Yanvarın 30-da Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi olmuş general-mayor Akif Çovdarov və idarənin sabiq işçisi Səlim Məmmədovun kassasiya şikayəti üzrə məhkəmə davam etdiriləcək.

Ali Məhkəmədə MTN generalı Akif Çovdarovdan savayı digər generallar –  Teymur Quliyev, Sübahir Qurbanov, Elçin Quliyevin də şikayətləri var. Teymur Quliyevlə Sübahir Qurbanovun şikayətləri hakim İlqar Qılıcovun icraatına verilib. Digər general Elçin Quliyevin şikayəti hakim Fərhad Əliyevin icraatındadır.

Ötən ilin sonunda hakim Əziz Seyidovun sədrliyi ilə Akif Çovdarovun işi üzrə zərərçəkmiş şəxslərdən olan Arif Həsənov verilmiş kasasiya şikayətinə etiraz verib. Zərərçəkmişin vəkili iş materialları ilə tanış olmaq üçün vaxt istəyib. Həmçinin elan edilib ki, polkovnik Səlim Məmmədov prosesdə şəxsən iştirak etmək üçün məhkəməyə müraciət edib. Bu səbəblərə görə, prosesdə yanvarın 30-na qədər fasilə elan edilib.

Çovdarov və digər MTN generallarının ile ilgili görsel sonucu

Qeyd edək ki, A.Çovdarov və Səlim Məmmədov 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi onların apelyasiya şikayətini təmin etməyib. A.Çovdarovun ailə üzvləri – oğlu Ruslan Çovdarov, həyat yoldaşı İbadət Çovdarova, qızları – Günay Əmircanova və Aidə Qadımova əmlak müsadirəsi ilə bağlı da şikayət veriblər. A.Çovdarov və Səlim Məmmədov Apelyasiya məhkəməsinin qərarından verdikləri kassasiya şikayətini geri götürsələr də, oktyabr ayında yenidən Ali Məhkəməyə müraciət ediblər. Ümumilikdə isə ötən 2019-cu il “MTN işi” üzrə təqsirləndirilərək cəzaya çatdırılan şəxslər üçün yaddaqalan olub. 2019-cu il mayın 1-də Ali Məhkəmə ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin 2-ci şöbəsinin keçmiş rəisi Vüsal Ələkbərov barəsində Apelyasiya Məhkəməsinin verdiyi qərarın əmlakın müsadirə olunması ilə bağlı hissəsini ləğv edib. Prosesə sədrlik edən hakim Fərhad Əliyevin qərarı ilə V.Ələkbərovun verdiyi kassasiya şikayəti təmin edilib və onun barəsində olan hökmdən əmlakın müsadirə edilməsi hissəsi çıxarılıb. V.Ələkbərov Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 294.3-cü (sübutları saxtalaşdırma )maddəsi ilə ittiham olunurdu. Bununla yanaşı, o, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham edilib. 2017-ci ilin iyulunda V.Ələkbərov Bakı Hərbi Məhkəməsinin qərarı ilə 12 il həbs cəzası alıb, polkovnik rütbəsindən məhrum olunub və əmlakı müsadirə edilib. Sonradan Bakı Apelyasiya Məhkəməsi V.Ələkbərovun cəzasını 5 ilə endirmişdi.

Çovdarov və digər MTN generallarının ile ilgili görsel sonucu

Bundan sonra, 30 may 2019-cu ildə Ali Məhkəmədə Əziz Seyidovun sədrlik etdiyi hakimlər kollegiyası Akif Çovdarovun onun şikayətinə baxıb. Ancaq sədrlik edən Əziz Seyidov jurnalistlərin məhkəmədə iştirakına imkan verməyib. Baxmayaraq ki, Ali Məhkəmə işə mahiyyəti üzrə baxmır, aşağı instansiya məhkəmələrində prosessual hüquq normalarının pozulub-pozulmaması məsələsini araşdırır, amma hakim jurnalistlərin iştirakını məqbul saymayıb. Göstəriş verib ki, jurnalistlər zaldan çıxarılsın. Çovdarov və digərlərinin işinə aşağı instansiya məhkəmələrində (Bakı Hərbi Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi) açıq prosesdə baxılmışdı, dövlət sirri sayıla biləcək bəzi epizodlar araşdırılanda həmin iclaslar qapalı keçirilmişdi. Ali Məhkəmənin hakimləri bu işin həcminin çox böyük olduğunu, materiallarla hələ tanış olmadıqlarını bildirib, məhkəməni iyunun 27-nə saxlayıblar. Sonrakı dönəmdə isə Akif Çovdarov şikayətini geri götürmüşdü. Bir müddət gözləmə müddətindən sonra Çovdarov yenidən Ali Məhkəməyə üz tutdu. 

A.Çovdarov 2015-ci ilin oktyabrında MTN-də keçirilən əməliyyatdan bir ay sonra – noyabrın 14-də həbs olunub. O, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilib, general rütbəsi alınıb, ailə üzvlərinin adına olan bir sıra əmlaklar müsadirə edilib. Apelyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb. Bundan sonra A.Çovdarov vəkili Kamandar Nəsibov vasitəsilə Ali Məhkəməyə kasasiya şikayəti verib. Hətta onun oğlu Ruslan Çovdarov və qızı Aida Qasımova da ataları haqqında hökmdən onların adına olan əmlakların müsadirəsi hissəsi ilə əlaqədar şikayət etmişdi. A.Çovdarov təqsirli bilindiyi mənimsəmə, quldurluq, rüşvət alma, qanunsuz azadlıqdan məhrumetmə kimi ittihamlarla razılaşmır. Ali Məhkəmədən də bəraət istəyir. Ali Məhkəmə A.Çovdarovun tabeliyində işləmiş və onunla birlikdə mühakimə olunmuş keçmiş MTN zabiti Akif Əliyevin cəzasını il yarım azaldaraq, 3 il 6 aya endirmiş, bu qərardan az sonra isə o, azadlığa buraxılmışdı.

2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin 21 əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. Onlardan biri – MTN-in Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyev həbsindən iki ay sonra saxlandığı istintaq təcridxanasında asılmış vəziyyətdə aşkar edilib.

Qalan 20 nəfərin işi bir neçə qrupa ayrılaraq, istintaq edilib. Nazirliyin İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərov və Əks-Kəşfiyyat İdarəsinin keçmiş şöbə rəisi Mirəziz Əsgərov ayrılıqda mühakimə olunublar. M.Əsgərova 3, V.Ələkbərova 12 il cəza verilib. Bakı Apellyasiya Məhkəməsi keçmiş müstəntiq V.Ələkbərovun cəzasını 5 ilə endirib. MTN generalı A.Çovdarov nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik İdarəsində onun tabeliyində işləmiş daha üç nəfərlə birlikdə məhkəmə qarşısına çıxarılıb. Çovdarova 12, işçilərinə isə 4 ildən 11 ilədək həbs cəzası kəsilib.

Uzun illər MTN-in Antiterror Mərkəzinə rəhbərlik etmiş general Elçin Quliyev də keçmiş işçisi Azər Mehdiyevlə birlikdə məhkum edilib. E.Quliyev 10 il 6 ay, işçisi isə 8 il azadlıqdan məhrum olunub. Nazirliyin Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi olmuş general Sübahir Qurbanov, Monitorinq Mərkəzinin sabiq rəisi, general Teymur Quliyev, Natəvan Mürvətova və daha yeddi nəfər isə birlikdə mühakimə olunublar. Hökmə əsasən, təqsirləndirilən şəxslərdən üçünə, o cümlədən N.Mürvətovaya şərti cəza, qalanlarına isə 3 ildən 14 ilədək həbs verilib. Bakı Hərbi Məhkəməsinin hökmündə onların rütbələrinin alınması, bir çox əmlakının müsadirəsi də var. Onlardan təxminən iki il sonra – 2017-ci ilin noyabrında sabiq nazir Eldar Mahmudovun köməkçisi olmuş əmisi oğlu Vüqar Mahmudov da həbs olunub və 2019-cu ildə şərti cəza ilə azad edilib. Həbs olunan sabiq MTN-çilərdən bir qismi artıq azadlığa buraxılıb. 2015-ci ilin dekabrında MTN ləğv edilib. Onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb. Musavat.com

Həmçinin oxuyun

İrandan gətirilən 6 kiloqram narkotik maddə Bakı gömrüyündən necə keçirilib?-Video

Jurnalist Samir Feyruzov öz sosial şəbəkə hesabında ölkədə fəaliyyət göstərən bəzi karqo şirkətlərinin artıq narkotrafiklə …