Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Kriminal / Cinayəti törətdikdən 18 il sonra tutulmuş Məzahir Süleymanov məhkəmə zalından azad edildi

Cinayəti törətdikdən 18 il sonra tutulmuş Məzahir Süleymanov məhkəmə zalından azad edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən 47 yaşlı Məzahir Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Eldar İsmayılov sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, M.Süleymanovun cinayət məsuliyyətinə cəlb olma müddəti başa çatdığı üçün o, məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, M.Süleymanov da daxil olmaqla, dəstə üzvləri tərəfindən Bakı şəhər sakini Tofiq Hüseynovun oğurlanması və ailə üzvlərindən külli miqdarda pul tələb olunması planı 1999-cu ildə hazırlanıb. Adam oğurluğu planını “düzüb-qoşan” əsas dəstə üzvləri həmin vaxt həbsdə olublar. Dəstənin əsas üzvləri Balaqardaş Dadaşov, Füzuli Yəhyayev, Mübariz Azayev, Sərdar Əsədullayev başqa şəxsləri cəlb edərək sabit silahlı qrup – banda təşkil ediblər. Ülfət Xuduyevin təşkilatçılığı ilə Müslüm Yəhyayev, İlham Almasov, Yaşar Cəfərov, Abil Qasımov, Tanrıverdi Süleymanov, Vidadi Qasımov, Nizami Qasımov, Elyar Həsənov, Elxan Məmmədov da dəstəyə əlavə üzvlər kimi daxil olublar.

Aralarında vəzifə bölgüsü aparıblar. Plana əsasən, Tofiq Hüseynovun idarə etdiyi maşının hərəkət marşrutu Vidadi Qasımov, Yaşar Cəfərov və Tanrıverdi Süleymanov tərəfindən mütəmadi olaraq izlənilib. 6 dekabr 1999-ci ildə saat 23 radələrində T.Hüseynovun “Mercedes 230” markalı maşınla hərəkət edəcəyi yolda pusqu qurublar. Binə qəsəbəsində Tofiq Hüseynovun evinin yaxınlığında maşınının qarşısı kəsilib, avtomobil dövrəyə alınıb. Dəstə üzvü Yaşar Cəfərov silahı T.Hüseynovun başına dirəyib və maşının arxa oturacağına keçməsini tələb edib. Hadisə zamanı T.Hüseynova küt alətlə zərbələr endirib, bıçaqla xəsarət yetiriblər. Onun əllərini və ayaqlarını bağlayaraq, öz maşınının arxa oturacağına yerləşdiriblər. T.Hüseynovu oğurlayaraq dəstənin digər üzvləri – Vidadi və Nizami Qasımov qardaşlarının Keşlə qəsəbəsindəki evlərinə gətiriblər. T.Hüseynov 13 gün həmin ünvanda saxlanılıb.

Saxlanıldığı müddət ərzində T.Hüseynovun səhhətində yaranmış problemlərlə əlaqədar həkim-cərrah Sahib Hüseynov da həmin ünvana gətirilib. Həkim tərəfindən T.Hüseynova tibbi yardım göstərilib.

Təqsirləndirilən M.Süleymanov və dəstənin digər üzvləri bu ünvanda növbə ilə oğurlanan T.Hüseynovun keşiyini çəkiblər. Saxlanıldığı müddət ərzində T.Hüseynov dəstə üzvləri tərəfindən mütəmadi döyülüb.

Oğurlanan T.Hüseynovun qardaşı, o zaman “Binə” yarmarkasının sahiblərindən biri olan Məmmədmirzə Hüseynovla telefon danışıqlarını dəstənin digər üzvü Elyar Həsənov aparıb. Qardaşının sağ qalması üçün M.Hüseynovdan 1 milyon 500 min dollar pul tələb olunub.

İstintaqla müəyyən edilib ki, dəstə üzvlərindən biri – Sərdar Əsədullayev oğurlanan şəxsin qohumu olub. O, Hüseynovlar ailəsindəki məlumatları dəstə üzvlərinə çatdırmaqla onları məlumatlandırıb. T.Hüseynovu oğurlasalar da, dəstə üzvləri öz niyyətlərini sonadək reallaşdıra bilməyiblər. Belə ki, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı həbs ediliblər.

Balaqardaş Dadaşov

Şahid qismində dindirilən Mübariz Azayev ifadəsində törətdiyi cinayətə görə 14 il azadlıqdan məhrum edildiyini, təqsirləndirilən şəxsi tanımadığını, həbsdən çıxandan sonra güləş müəllimi işlədiyini deyib.

10 il həbs cəzası alan və artıq azadlığa buraxılan Elxan Məmmədov da ifadəsində təqsirləndirilən şəxsi tanımadığını göstərib.

Həmin dövrdə təqsirləndirilən M.Süleymanov istintaqdan yayınıb və ölkə xaricinə qaçıb. 18 ildən sonra isə o həbs edilib. Dəstə üzvlərinin bir çoxu artıq cəzalarını çəkiblər və azadlığa buraxılıblar.

Xatırladaq ki, dəstəyə rəhbərliyi kriminal aləmdə “Nardaranlı Bala” ləqəbi ilə tanınan nardaranlı Balaqardaş Dadaşov edib. O, 1995-ci ildən axtarışdadır. Adı çəkilən şəxs Azərbaycanda “kidneppinq”in (uşaq oğurluğu) əsasını qoyanlardan biri hesab olunur.

1990-cı illərin sonuna qədər “kidneppinq” kimi ağır cinayətlərdə əli olan B.Dadaşovun adı adam oğurluğu, qanunsuz silah gəzdirmə, qəsdən adam öldürmə və digər ağır cinayətlərdədə hallanır. Onun barəsində beynəlxalq axtarış elan edilib.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …