Şənbə , Yanvar 29 2022
Ana səhifə / Kriminal / Cəmil Həsənlinin qızı məhkəməyə müraciət etdi

Cəmil Həsənlinin qızı məhkəməyə müraciət etdi

Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənli şəxsi həyatına müdaxilə ilə bağlı məhkəməyə müraciət edib. O, şəxsi həyatına aid videogörüntülərin yayılmasında əli olan şəxs və ya şəxslərin cəzalandırılmamasından narazıdır.

Bu məsələ ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsində CM-in 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddəsi ilə cinayət işi başlanmışdı. Həmin cinayət işinin icraatı dayandırılıb. Bu barədə qərarda da göstərilib ki, bu cinayəti törədən şəxsi müəyyən etmək mümkün olmadığına görə icraat dayandırılıb.

“Bu məsələlərin heç biri araşdırılmayıb”

Həsənli bu qərarın ləğvini tələb edir. Ona görə də Bakı Şəhər Baş Polis İdarəsinin ərazi aidiyyəti üzrə Xətai Rayon Məhkəməsinə şikayət verib. O hesab edir ki, icraatın dayandırılması barədə qərar əsassızdır, obyektiv, hərtərəfli araşdırma aparılmayıb.

Həsənli istintaqa bir sıra vəsatətlər vermişdi. O, videoların çəkildiyi mənzilin yerləşdiyi binanın kameralarına baxış keçirilməsini; həmin mənzilə gəlib-gedənlərin, çəkilişi həyata keçirənlərin, görüntüləri yayan, onun uşaqlarına göndərən şəxslərin müəyyənləşdirilməsini; mənzilin sahibi Sevda Məmmədovanın fəaliyyətinin, onun Mahir Əliverdiyevlə münasibətlərinin araşdırılmasını istəyirdi: “Bu məsələlərin heç biri araşdırılmayıb…”.

Həsənli görüntülərinin gizli çəkilməsi və yayılmasına görə həmin videolarda adı çəkilən və Mahir Əliverdiyev olduğu bildirilən şəxsdən şübhələnir. Bu şəxsin ona evlilik təklif etdiyini və bir müddət münasibətdə olduqlarını deyən Həsənli düşünür ki, bütün bunlar əvvəlcədən planlaşdırılmış təxribat olub. Məqsəd isə atası Cəmil Həsənlinin siyasi fəaliyyətinə görə ondan qisas almaqdır.

Mahir Əliverdiyev iddiaları qəbul etməyib

Mahir Əliverdiyev isə istintaqda dindirilərkən videonu gizli çəkməsi və yayması haqda iddiaları qəbul etməyib. O, AzadlıqRadiosuna açıqlamasında da ünvanına səslənən ittihamların həqiqətəuyğun olmadığını bildirib.

Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini Emin Məmmədov icraatın dayandırılması barədə qərarı əsaslandırarkən bildirib ki, istintaq dövründə bir sıra şahidlər dindirilib, hadisə yerinə baxış, məhkəmə kompüter texniki ekspertizası keçirilib: “Lakin təqsirləndirilən şəxs qismində cəlb olunmalı olan şəxs müəyyən edilməyib”.

Bu il martın 28-də sosial şəbəkələrdə Günel Həsənlinin şəxsi həyatına aid videolar yayılıb. Bəzi müxalifət partiyalarının birləşdiyi Milli Şuranın sədri Cəmil Həsənli baş verənləri ölkə rəhbərliyinin sifarişi ilə xüsusi xidmət orqanlarının həyata keçirdiyi təxribat kimi qiymətləndirib.

Həmçinin oxuyun

Həbsdə olan generalın 10 milyonluq əmlakı üzə çıxdı – FOTOLAR

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin həbsdə olan keçmiş rəisi general Mövlam …