Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Kriminal / “Cəbrayılov dedi ki, tikintiyə Milli Məclisin rəhbərliyi nəzarət edir”- “Şərurlu İsfəndiyar”

“Cəbrayılov dedi ki, tikintiyə Milli Məclisin rəhbərliyi nəzarət edir”- “Şərurlu İsfəndiyar”

Sabiq deputat Rəfael Cəbrayılov hakim qarşısına çıxarılır.

Onun cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilir.

Bu iş üzrə zərərçəkmişlərdən biri naxçıvanlı iş adamı, “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovdur.

İsfəndiyar Axundov Rəfael Cəbraylıova 200 min manat verib. O, ifadəsində deyib ki, Rəfael Cəbrayılovu deputat olduğu müddətdə tanıyıb. Axundovun dediyinə görə Rəfael Cəbrayılov övladlarının toyunu ona məxsus “Hollivud” restoranında edib və bu zaman aralarında daha yaxın münasibət yaranıb.

İ.Axundov bildirib ki, Rəfael Cəbrayılov 2015-ci ildə ona zəng edərək bir işlə bağlı görüşmək istədiyini deyib.

“Mən ölkə xaricində olduğum üçün görüşə bilmədik. Azərbaycana qayıdandan bir gün sonra mənə zəng elədi və təcili görüşmək istədiyini dedi. Onunla Masazırda yerləşən “Luqano” restoranında görüşdük. Mənə dedi ki, Binəqədi rayonunda 23 binadan ibarət yaşayış kompleksi tikir. Dedi ki, yenidən işlər olacaq və bu tikinti işlərini ona Milli Məclis rəhbərliyindən tapşırıblar. Bu işlərə məni də şərik kimi qoşmaq istədiyini bildirdi. Söylədi ki, bu işlərə Milli Məclisin vəzifəli şəxsləri nəzarət edir və məni də onlarla tanış edəcək”.

Naxçıvanlı iş adamı deyib ki, Rəfael Cəbrayılovun deputat, ziyalı bir şəxs olmasına və binaların inşa edilməsini gördüyü üçün ona inanıb.

İ.Axundov bildirib ki, Rəfael Cəbrayılov ona vəzifəli şəxslərlə əlaqələri olduğu üçün tikinti işlərində heç bir problem olmayacağı vədini də verib.

“Mən də iş adamıyam və bu təklifləri qəbul etdim. Əlavə gəlir əldə edəcəyimi düşündüm. Rəfael Cəbrayılov bu işlər üçün məndən ilk olaraq 200 min manat pul istədi. 2-3 gün sonra bu pulu bankdan çıxararaq elə bankın qabağında Rəfael Cəbrayılovun adamına verdim. Sonra Rəfael Cəbrayılov özü mənə zəng edərək pulu aldığını söylədi”- deyə İ.Axundov əlavə edib.

Onun sözlərinə görə, pulu verməsindən bir müddət keçəndən sonra Rəfael Cəbrayılov onunla əlaqə saxlamayıb. Sonra özü Rəfael Cəbrayılovla əlaqə saxlayıb və görüşüblər. Görüş zamanı Rəfael Cəbrayılov ona işlərin yaxşı olacağını vəd edib. Amma bir müddət keçsə də, yenə deputatdan xəbər ala bilməyib. Sonrakı görüşdə Rəfael Cəbrayılov işin alınmadığını, onun pulunu qaytaracağını söyləyib.

“Xeyli vaxt keçsə də pulu qaytarmadı. Sonra mən ona zəng edəndə dedi ki, “Şərq Bazarı”nın yanında tikdiyi binanın mansardını borcunun əvəzində verəcək. Amma yenə də sözünə əməl etmədi. Sonra mənim yanıma adamlar göndərdi. Məndən vaxt istədi”- deyən İ.Axundov bildirib ki, həmin məbləğin cəmi 40 min manatını geri ala bilib.

O, şikayət ərizəsində 160 min manatını tələb edir.

Rəfael Cəbrayılov məhkəmə proseslərində deyib ki, iş üzrə zərərçəkən kimi tanınan adamlar əslində ona sələmlə pul vermişdilər. Sabiq deputat zərərçəkənlərin ifadələrinə etiraz edib, onların yalan danışdığını bildirib.

Qeyd edək ki, ötən proseslərdə Rəfael Cəbrayılov bəzi epizodlar üzrə qardaşı Elşən Cəbrayılovu ittiham edib. Hətta sabiq deputat qardaşını “şərəfsiz” adlandırıb. R.Cəbrayılov istintaqdakı ifadəsində də göstərib ki, bina tikintisinə və mənzillərin satışına qardaşı Elşən Cəbrayılov nəzarət edib.

Sabiq deputat ifadəsində qeyd edib ki, 2000-ci ildə prokurorluq orqanında işlədiyi üçün kommersiya fəaliyyəti ilə məşğul ola bilməyib. Ona görə də qardaşı Elşən Cəbrayılovun adına “Dərhal” MMC təsis edib. MMC Bakıda bina tikintisi ilə məşğul olub. İlk iş olaraq da “Şərq Bazarı”nın yanında bina inşa ediblər.

Daha sonra Yasamal rayonu ərazisində bina tikiblər. 2007-ci ildə deputat olduğunu deyən Rafael Cəbrayılov söyləyib ki, həmin ildən Mehdiabad qəsəbəsində “Binəqədi Gənclər Şəhərciyi” layihəsi kimi 12 çoxmərtəbəli bina tikməyə başlayıblar.

R.Cəbrayılov söyləyib ki, binaların sayı sonradan 23-ə çatdırılıb. Layihə üçün pullar “Azəriqazbank”dan götürülüb və tam ödənilib.

Rafael Cəbrayılov ifadəsində göstərib ki, tikintiyə və satışa qardaşı Elşən Cəbrayılov nəzarət edib.

Yaranan borclardan danışan R.Cəbrayılov deyib ki, binaların inşası üçün dostlarından dəfələrlə borc pul alıb. Bəzən isə faizə də pul götürüb.

Məlumata görə, cinayət işində ümumilikdə 11 nəfər zərərçəkmiş var. Sabiq deputatın həmin şəxslərə ümumilikdə 2 milyon 571 min manat borcu yaranıb.

Zərərçəkənlər arasında “Şərur-İnşaat” tikinti şirkətinin rəhbəri İsfəndiyar Axundov da var. İ.Axundovun dediyinə görə, Rəfael Cəbrayılov ona deyib ki, Milli Məclisin keçmiş sədri Oqtay Əsədovla şərikli inşaat biznesi ilə məşğul olur.

Qeyd edək ki, Rəfael Cəbrayılov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.

Günahı sübuta yetirilərsə, onu 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Musavat.com

Həmçinin oxuyun

Rüşvətdə suçlanan klinika direktoru: ‘İpotekada olan ev, maşından başqa nəyim var?’

Bakıda pandemiya ilə əlaqədar, əsasən, koronavirusa yoluxanların müalicə olunduğu “Yeni Klinika”nın sabiq direktoru, rüşvət almaqda …