Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Bulaq başından 14 yaşlı qız qaçıranların işi TƏFƏRRÜAT

Bulaq başından 14 yaşlı qız qaçıranların işi TƏFƏRRÜAT

15 yaşı tamam olmayan qızı evlənmək məqsədi ilə qaçıran şəxsin və dostlarının məhkəməsi keçirilib. Onların şikayəti təmin edilməyib və həbsdə qalıblar.

Belə ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1994-cü il təvəllüdlü Müqəddəs Qəhrəmanov 10 il 3 ay, 1991-ci il təvəllüdlü Rahib Həsənov və 1993-cü il təvəllüdlü Təhmasib Həsənov hər biri 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

Onlar Cinayət Məcəlləsinin 144.3 (adam oğurluğu) və 228.4-cü (soyuq silah saxlama) maddələri ilə təqsirli biliniblər.

İttihama görə onlar cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 15 yaşı tamam olmayan Gülarə Qasımovanı (ad və soy ad şərtidir) evlənmək məqsədilə zorla qaçırmaq barədə razılığa gəliblər.

Öz aralarında vəzifə bölgüsü apararaq 23 noyabr 2017-ci il tarixdə saat 16:20 radələrində Ağcabədi rayonu, Minəxorlu kəndində yerləşən bulaqdan evlərinə su gətirən Gülarə Qasımovanın qollarından tutaraq Rahib Həsənovun idarə etdiyi “VAZ-21063” markalı avtomobilə əyləşdiriblər.

Onlar qızı Ağcabədi şəhəri, E.İsmayılov küçəsi, təzə məhəllədə yerləşən fərdi yaşayış evinə aparmaqla oğurlayıblar.

İttihamda yazılır ki, hadisə zamanı Müqəddəs Qəhrəmanov və Rahib Həsənovda zavod üsulu ilə hazırlanmış qatlanan ov bıçağı, Təhmasib Həsənovda isə “beşbarmaq” olub.

Lənkəranm Ağır Cinayətlər Məhkəməsinin hökmündən narazı qalan şəxslər apellyasiya şikayəti verərək cəzalarının azaldımasını istəyiblər. Şikayətə Şirvan Apellyasiya Məhkəməsində hakim Etibar Camalovun sədrliyi ilə baxılıb.

Müqəddəs Qəhrəmanov apellyasiya şikayətində barəsində ən aşağı həddə cəza təyin edilməsini istəyib.

Onun vəkili bildirib ki, M.Qəhrəmanov çox gəncdir və törətdikləri əməlin qanunla cinayət olduğunu bilməyiblər.

“Zərərçəkmiş şəxs də ifadəsində göstərib ki, onu Ağcabədi rayonuna aparandan sonra oraya yaşlı bir qadın gəlib və onun ağladığını görüb. Onun qaçırıldığını biləndən sonra isə yaşını soruşub. Bundan sonra onu qaçıranları danlayıb. Yaşlı qadın bunun cinayət olduğunu deyəndən sonra qaçıran şəxslər çox peşman olub. Zərərçəkmiş məhkəmədə də bunları bildirdi. Zərərçəkmiş əlavə etdi ki, onu qaçıranlar sonradan peşman olublar, ancaq onu geri qaytarmağa imkanları olmayıb. Bir neçə dəqiqə sonra polis əməkdaşalrı gələrək onları saxlayıb. Doğrudur, qanunu bilməmək insanı məsuliyyətdən azad etmir. Lakin hüquqlarını müdafiə etdiyim Müqəddəs Qəhrəmanovun eləcə də, digər təqsirləndirilən şəxslərin ictimai təhlükəliliyini azaldır, onlarda cinayət törətməyə meyillilik kimi xüsusiyyətin formalaşmadığını göstərir. Bu cinayət hadisəsinin törədilməsi niyyəti təsadüf nəticəsində, ailə qurmaq üçün qız qaçırmanın cinayət əməli olmasını bilməməsi şəraitində meydana gəlib. Hesab edirəm ki, yuxarıda sadalanan hallar, eyni zamanda Müqəddəs Qəhrəmanovun əməlində onun məsuliyyətini ağırlaşdıran halların olmaması, əvvəllər məhkum olmaması, törətdiyi əməldən səmimi peşmaçılıq keçirməsi, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayətinin olmaması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun barəsində ən əşağı həddə cəza təyin edilməsinin mümkün olduğunu göstərir”- deyə vəkil müdafiə çıxışında söyləyib.

Müqəddəs Qəhrəmanov isə bildirib ki, heç bir şikayətçi olmadığı halda ona 10 il 3 ay cəza verilməsi ədalətsizlikdir.

Digər həbs edilən Təhmasib Həsənov isə xəstə anasının və azyaşlı uşağının olmasının nəzərə alınmasını xahiş edib.

Rahib Həsənov isə apellyasiya şikayətində göstərib ki, subaydır və pul qazanıb ailə qurmaq istəyir. O, qardaşının vəfat etdiyini, onun iki uşağını himayəyə götürdüyünü söyləyib. Rahib Həsənov məhkəmədən xahiş edib ki, barəsində həbslə bağlı olmayan cəza təyin edilsin:

“Məhkəmə mənə qarşı qərəzli mövqe tutub. Taksi sürücüsü kimi çörək pulu qazanırdım. Dayıoğlu Müqəddəs sevdiyi qızın razılığlı ilə onunla ailə quracaqlarını dedi. Məndən onları maşınlaparmağımı istədi. Müqəddəs heç vaxt mənə yalan danışmamışdı. Ona inanıb, bir sürücü kimi, bir qohum kimi, iki sevənin xoşbəxtliyi üçün razılıq verdim. Müqəddəs demişdi ki, qız hay-küy salsa da fikir verməyimMən onları dedikləri yerə çatdırdıqdan sonra çıxıb getdim. Sonra öyrəndim ki, qızı evə qaytarıblar”.

Dövlət ittihamçısı isə şikayəylərin təmin edilməməsini istəyib.

Məhkəmə tərəfləri dinlədikdən sonra qərara alıb ki, apellyasiya şikayətləri rədd edilməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılmalıdır.  (Musavat.com)

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …