Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / «Bu mənzillər əhaliyə aşağı qiymətlərlə və uzun müddətə kreditlə veriləcək» – İLHAM ƏLİYEV

«Bu mənzillər əhaliyə aşağı qiymətlərlə və uzun müddətə kreditlə veriləcək» – İLHAM ƏLİYEV

Azərbaycanda aztəminatlı əhalinin mənzillə təminatı məqsədilə sosial mənzillərin tikintisi layihəsinə başlanır. Bu barədə prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin 1-ci rübünün yekunlarına həsr olunmuş iclasında bildirib. Prezident bildirib ki, sosial mənzillərin tikintisi proqramı yaxın zamanlarda ictimaiyyətə təqdim ediləcək: «Bu, yeni təşəbbüsdür. Bəzi ölkələrdə bu praktika var. Biz müsbət praktikanı öyrənirik, öyrənmişik. Buna böyük ehtiyac və tələbat var. Sosial mənzillərin tikintisi prosesi yaxın zamanlarda başlanacaqdır».

Sosial evlər həm Bakıda, həm də rayonlarda tikiləcək

Dövlət başçısı qeyd edib ki, sosial mənzillərin tikintisi iki məqsəd daşıyır – aztəminatlı əhalinin mənzillə təmin edilməsi və işsizliyin azaldılması. Sosial mənzillər bütün şəhər və rayonlarda başlanacaq: «Regionlarda işsizliyin azaldılması və maddi imkanları aşağı olan aztəminatlı əhalinin mənzil probleminin həlli üçün bütün şəhərlərdə, rayon mərkəzlərində sosial mənzillərin tikintisinə başlanacaqdır. Xüsusilə qeyd etmək istəyirəm ki, nəinki Bakıda və böyük şəhərlərdə, bütün şəhərlərdə, bütün rayon mərkəzlərində».

Evlər uzunmüddətli kreditlə satılacaq

Dövlət başçısı bildirib ki, belə mənzillər aztəminatlı əhaliyə aşağı qiymətlərlə və uzun müddətli kreditlərlə veriləcək. Sonradan həmin ailələr bu mənzillərə mülkiyət hüququ alacaqlar: «Dünya təcrübəsindən istifadə etməklə, vətəndaşların belə evlərə sahib olma qaydaları və həmin mənzillərdə yerləşdirilən insanlara mülkiyyət hüququnun verilmə prosedurları müəyyən ediləcəkdir».

Sosial mənzillər əlavə 20 sahəni də inkişaf etdirəcək

Sosial mənzillərin tikintisi təkcə mənzil təminatına və işsizliyə yox, iqtisadiyyatın digər sahələrinə də dəstək olacaq. Prezident bildirib ki, bu mənzillərin verilməsi nəticəsində yeni zəruri istehlak ehtiyaclarının yaranacağı nəzərə alınmaqla, paralel şəkildə iqtisadiyyatın 20-dək digər sahələrinin də inkişafına səbəb olacaq: «Təbii ki, bu, inşaat sektoruna çox böyük təkan verəcək. İnşaat sektorunda vaxtilə işləmiş, ancaq indi işlərini itirmiş insanlar yenə də işlə təmin ediləcək və bunun çox geniş multiplikativ səmərəsi olacaqdır».

Həmçinin oxuyun

3 azyaşlı uşaq anası məhkəmə zalında həbs edildi: əri ondan şikayətçi oldu

Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsində həyat yoldaşına balta ilə xəsarət yetirməkdə ittiham olunan Lalə İmaşova …

Bir cavab yazın