Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Kriminal / Bu ay dollar hansı qiymətə olacaq?

Bu ay dollar hansı qiymətə olacaq?

FES-in qərarı manata təsir edəcəkmi?; milli valyutamız hansı həddə düşə bilər…
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcəsini artıracağı barədə fikirlər yenidən diqqəti milli valyuta olan manata yönəldib. Əksər ekspertlər, həmçinin sorğu və təhlillər iyunun ortasında keçiriləcək toplantıda uçot dərəcəsinin artırılacağını və nəticədə dolların bahalaşacağını proqnozlaşdırırlar.

Ancaq bəzi yerli ekspertlər bu qərarın Azərbaycan manatına təsirinin olmayacağını bildirirlər. Hətta Mərkəzi Bank səviyyəsində bu cür təhlillər səsləndirilir. Bəzi bank rəhbərləri də həmin fikrə qoşulublar. “TuranBank”ın Müşahidə Şurasının sədri Fuad Musayev APA-ya bildirib ki, ABŞ-ın Federal Ehtiyatlar Sistemi tərəfindən uçot dərəcəsinin artırılması manatın məzənnəsinə təsir etməyəcək. Onun sözlərinə görə, manatın məzənnəsinə daha çox təsir edən amil tədiyyə balansıdır: “Azərbaycanın idxalı artıq mövcud manat durumuna adaptasiya olub. Azərbaycanın bundan sonrakı durumu ixracın artımı istiqamətindədir.

Real sektor da artıq buna adaptasiya olub. Fikrimcə, ən böyük volatillik geridədir. Manatın məzənnəsini müəyyən dəhlizdə görürəm. Biz artıq dolların 1,60 manata çatmasını görmüşük və ən pis ssenari artıq geridə qalıb. Zamanla bazar manatın məzənnəsini tələb-təklif əsasında tənzimləyəcək. Banklar və əhali isə buna uyğunlaşmalıdır”.

FES-in uçot dərəcəsini artıracağı istiqamətində gözləntilər getdikcə güclənir. Faizlərin yay aylarında artırıla biləcəyi istiqamətində yeni fikirlər var. ABŞ Mərkəzi Bankının təmsilçisi Ceyms Bullard bildirib ki, hər şey yolunda gedərsə, artım yumşaq bir şəkildə aparılacaq. Qeyd edək ki, ötən həftə açıqlanan hesabatda ABŞ iqtisadiyyatındakı artım gözləntiləri üstələyib. FES rəhbərliyi də verdiyi şərhdə iyul ayının sonuna qədər faizlərin artırılacağını qeyd edib.

Ekspertlər musavat.com-a FES-in qərarının milli valyutaya gözlənilən təsir imkanlarından danışıblar. Ekspert Natiq Cəfərli bildirib ki, FES-in iyunun 14-15-də keçirilməsi gözlənilən toplantısında uçot dərəcəsinin artırılacağı ehtimalları böyükdür: “Çox böyük ehtimalla, uçot dərəcəsi 0,25 faiz artmalıdır. Bunu artıq bir çox ekspertlər bildirirlər. Sorğular da keçirilib, bu gözləntinin daha çox yer aldığı görünür. Təbii ki, belə bir şəraitdə dolların məzənnəsinin digər valyuta növlərinə görə artımı gözləniləndir. Dolların indeksi yüksələcəksə və faiz artacaqsa, məzənnə qalxacaq. Azərbaycanda isə Mərkəzi Bankın rəhbəri qəribə bir açıqlama vermişdi ki, FES-in toplantısının qərarları Azərbaycana heç bir təsir göstərməyəcək. Amma Azərbaycan manatına təsir göstərən amillər qonşu ölkələrin valyutasının məzənnəsinin dəyişməsi və neftin qiymətidir. Burada maraqlı təzad yaranır, çünki FES-in toplantısından sonra Rusiya, Qazaxıstan, Gürcüstanda, Türkiyədə də milli valyutaların dəyərdən düşməsi prosesi baş verəcək. Baha dollar həm də neftin qiymətinə təsir göstərir, dollar bahalaşdıqca neftin qiymətinin düşməsi ehtimalı artır. Hər iki halda hətta Elman Rüstəmovun dediyi kriterilər işləsə belə, qonşu ölkələrin valyutalarının dəyərdən düşməsi, həm neftin qiymətində müəyyən azalmaların olması Azərbaycan manatına təsir göstərəcək. Bunlar isə FES-in qərarına görə baş verəcək. Dolayısı ilə demək, FES-in toplantısı aldığı qərar Azərbaycana birbaşa təsir göstərmək imkanına malikdir. Bu hadisə bütün dünyaya təsir göstərdiyi kimi, Azərbaycan manatına da təsir göstərəcək. Amma kəskin devalvasiyanın olması ehtimalını gözləmirəm. Bu şəraitdə buna ehtiyac da yoxdur.

Neftin qiymətlərinin 49-50 dollar civarında olması, ümumi makroiqtisadi vəziyyətdə müəyyən dərəcədə sabitliyin yaranması bu ehtimalı aşağı endirir. Yəni kəskin devalvasiya olmayacaq. Amma manatın rəsmi məzənnəsinin ən yuxarı koridoru 1,65 olmuşdu, həmin koridora geri dönməsi baş verə bilər. Yəni Azərbaycan manatı 1,65 koridoruna geri dönə bilər və məzənnə bu şəkildə müəyyən edilə bilər”.

Ekspert Vuqar Bayramov isə musavat.com-a deyib ki, FES-in toplantısında hansı qərarın qəbul ediləcəyini proqnozlaşdırmaq çətindir: “Amma nəzərə alsaq ki, FES uçot dərəcəsini artıracağı barədə açıqlama yayıb. FES-in rəhbərliyi tərəfindən 2016-cı ildə uçot dərəcəsinin mərhələli, təmkinli şəkildə artırılacağı bildirilir.

FES-in öz açıqlamaları doğru çıxarsa, uçot dərəcəsi artırılacaq. FES adətən dünya valyuta bazarında baş verən dəyişiklikləri nəzərə alaraq qərar qəbul edir. Hazırda FES-in uçot dərəcəsi artırılarsa, manata təsirləri olacaq. Manata daha çox psixoloji təsir olacaq. Ümumiyyətlə, əgər manatın məzənnəsini bazar müəyyənləşdirirsə, o zaman dünyanın aparıcı ölkəsinin Federal Ehtiyat Sisteminin qərarı həmin valyutaya təsir göstərməlidir. Milli valyutanın məzənnəsi inzibati yollarla müəyyən olunursa, tənzimlənirsə, qərar buna təsir göstərməyə bilər. Mərkəzi Bank manatın məzənnəsinin müəyyənləşdirilməsinə müdaxilə etmədiyini deyir, amma həm də milli valyutanın məzənnəsinə FES-in qərarının təsir etməyəcəyini bildirir.

Düşünürəm ki, bu ikisini eyni vaxtda proqnozlaşdırmaq mümkün deyil. Manatın məzənnəsini bazar müəyyənləşdirirsə, dünyada dollar bahalaşırsa, dollara tələb artırsa, iş adamları dollarla yığıma daha çox üstünlük verməyə çalışırsa, deməli, Azərbaycanda da xarici valyutaya tələb artmalıdır. Bu da təbii ki, manata psixoloji təzyiqin artmasına gətirib çıxaracaq. Bunun qarşısını yalnız inzibati metodlarla, Mərkəzi Bankın müdaxiləsinin davam etdirilməsi yolu ilə almaq mümkündür. Sözsüz, bu fikirdəyəm ki, manatın məzənnəsinə neftin dünya bazarındakı qiyməti FES-in qərarlarından daha çox təsir göstərir. Çünki Azərbaycan neft ölkəsidir. İxracatının 85 faizini neft və neft məhsulları təşkil edir. Neft ölkəsi olan Azərbaycan üçün neftin dünya bazarındakı qiyməti önəmlidir. Amma bu, heç də o anlama gəlmir ki, FES-in qəbul etdiyi qərarların milli valyutaya heç bir təsiri yoxdur. Milli valyutaya ən azı psixoloji təsiri var. Ən azı milli valyutaya olan psixoloji təsir gözlənilir.

Çünki bahalaşan hər hansı valyutaya ölkə daxilində tələb yüksəlir. O baxımdan təbii ki, FES-in qərarı manata təzyiqləri, dollara tələbi artıracaq. Amma manatın hansı səviyyədə azalmasına gətirib çıxara bilər, bu, Mərkəzi Bankın hansı səviyyədə bazarda qalmasından asılı olacaq. Mövcud inzibati metodlar, eləcə də dörd faizlik marjı qorumaqla Mərkəzi Bank bazarda qalacaqsa, o zaman məzənnəyə təsir imkanlarını qoruyub saxlayacaq. Amma Mərkəzi Bank bazarı liberallaşdırarsa, bazarın özü məzənnəni müəyyənləşdirərsə, o zaman təbii ki, FES-in qərarının Azərbaycan manatına təsirləri daha yüksək olacaq. Amma Mərkəzi Bank uzun müddət inzibati qərarlardan istifadə edə bilməz.

Gec-tez liberal üzən məzənnə siyasətinə keçməlidir. Praktik olaraq manat bazasını azaltmaq, indiki səviyyədə qoruyub saxlamaq yalnız qısamüddətli dövr üçün effektlidir və real sektor isti pullar tələb edir. İsti pullar isə manat bazasının genişləndirilməsi hesabına mümkündür. Ona görə də hər halda Mərkəzi Bank FES-in qərarını nəzərə almalıdır. FES-in çıxaracağı qərara uyğun olaraq addımlar atmalıdıır. Bir də mərhələli şəkildə valyuta bazarının liberallaşdırılması olmalıdır”.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …

Bir cavab yazın