Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi keçirilən prosesdə təqsirləndirlən şəxsin vəkili müdafiə çıxışı edib.
Vəkil Dürdanə Əliyevanın təqsirsiz olduğunu, dəymiş ziyanla bağlı rəsmi sənədin olmadığını bildirib. O, məhkəmədən D. Əliyevanın himayəsində övladının olduğunu nəzərə alaraq, ona bəraət verilməsini xahiş edib.
Dürdanə Əliyevaya son söz verilsə də, o, məhkəmədən vaxt istəyib.
Proses noyabrın 20-də davam etdiriləcək.
Xatırladaq ki, dövlət ittihamçısı təqsirləndirilən Dürdanə Əliyevanın 8 il müddətinə azadlıqdan məhrum edilməsini, eyni zamanda zərərçəkmişlərə dəyən ziyanın ödənilməsini istəyib.
Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent D.Əliyeva barəsində araşdırma aparılıb.
D.Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb. APA
