Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Kriminal / Bölgələrdə daha nələr edilməlidir? – TƏHLİL

Bölgələrdə daha nələr edilməlidir? – TƏHLİL

Prezident İlham Əliyevin regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının 3-cü ilinin yekunlarına dair konfransda dediyi kimi, son 10-12 il ərzində həqiqətən bölgələrin inkişafı üçün çox iş görülüb. Müxtəlif infrastrukturlar, istehsal və emal müəssisələri yaradılıb, investisiya layihələri icra edilib, məşğulluğun genişləndirilməsi məqsədilə stimullaşdırıcı tədbirlər həyata keçirilib. Bütün bunlar yenə davam etdirilməkdədir.

2004-cü ildə 1-ci Proqram qəbul olunanda məsələ qoyulmuşdu ki, regionlar sürətlə inkişaf etsin. Sonrakı daha iki Proqramın əsas məqsədi və icrasında başlıca hədəf isə regionlarda infrastruktur layihələri, iş yerləri, sosial müəssisələr yaratmaqdan ibarət idi. Bu məqsədlə, sahibkarlığın inkişafına böyük dəstək həyata keçirilib. Güzəştli şərtlərlə 2 milyard manat kreditlər verilib. “Bu kreditlər ölkə iqtisadiyyatının inkişafına böyük dəstək olub. Onu da deməliyəm ki, bu il Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə veriləcək güzəştli kreditlərin hamısı əvvəlki illərdə verilib və qaytarılmış kreditlər hesabına təkrar veriləcək. Yəni artıq dövlət bu yükü, necə deyərlər, öz üzərindən kənara qoyub. Bax, məqsəd də ondan ibarət idi. Hər il biz böyük məbləğdə – 200 milyon, bəzi hallarda 250 milyon manat ayırırdıq və bu vəsait hesabına işlər görülürdü, iş yerləri açılırdı, böyük biznes imkanları yaradılırdı. Amma vaxt gəldi ki, artıq dövlət bu pulu büdcədən ayırmır və biz bunu qaytarılmış kreditlər hesabına edirik”,- deyə ölkə başçısı qeyd edib.

Amma görüləsi işlər də hələ çoxdur. Rayonlarımız demək olar, yenə mərkəzdən – yəni dövlət büdcəsindən asılı vəziyyətdədir. Cari ilədək şəhər və rayonlarımızdan cəmi 6-sı öz xərclərini ödəyə bilirdi. Digərləri isə dotasiya hesabına yaşamaqdadırlar. Və bu da ondan irəli gəlir ki, Azərbaycanın mövcud iqtisadi potensialından ən çox Bakı şəhərində istifadə edilir. Ölkə üzrə iqtisadi fəaliyyət əsasən mərkəzdə həyata keçirilir. Dövlət gəlirlərimizin böyük hissəsi məhz paytaxt ərazisindən təmin olunur.

Bundan sonra kənd təsərrüfatını inkişaf etdirməyin qayğısına daha çox qalmaq lazımdır. Belə ki, zavod və fabriklərin yaradılması öz yerində, lakin aqrar məhsulların istehsalı və tədarükü bölgələrimizin iqtisadiyyatında əsas gəlir mənbəyini təşkil etməlidir.

Dövlət sosial xarakterli infrastrukturun qayğısına qala bilər və qalmalıdır da. Ancaq bölgələr mərkəzi büdcə hesabına maliyyələşdirilməli deyil. Ölkədə əmək qabiliyyətli əhalinin 40%-ə yaxın hissəsi məhz aqrar istehsalla bağlı sahələrdə – regionlarda yerləşir. Buna görə də kənd təsərrüfatı məhsulları istehsalına münasibət dəyişməlidir. Yeni mexanizm yaradılmalı, kooperativ təsərrüfat üsullarından istifadə imkanları geniş tədbiq olunmalıdır.

Bu baxımdan, Prezidentin 6 dekabr 2016-cı il tarixində imzaladağı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərman çox əhəmiyyətlidir. Bu, ölkəmizin yeni iqtisadi situasiya ilə əlaqədar seçməli olduğu növbəti inkişaf modelinin bir növ bünövrə mexanizmini müəyyən edir. Sözügedən strategiyanın əhəmiyyəti ondan ibarətdir ki, bundan sonra atılacaq bütün zəruri addımlar məhz göstərilən sahələr və istiqamətlər üzrə hazırlanmış strateji yol xəritələrinə uyğun olacaq.

Bunların sırasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi xüsusən böyük əhəmiyyətə malikdir. Çünki, kənd təsərrüfatının inkişafı hökumət üçün həmişə prioritetdir və indiki şəraitdə bunun önəmi daha da artıb.

Bu sahədə dövlət-özəl investisiya fondunun yaradılması isə nəzəri baxımdan xüsusən, uğurlu təklifdir. Lakin sənəddə də qeyd edildiyi kimi belə bir fondun yaradılması ilə bağlı hələ İqtisadiyyat Nazirliyi təhlillər aparacaq. Məqsədəuyğun hesab edilsə, İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində, fondun strukturu, həcmi və fond vəsaitlərinin gələcək istifadəsinə nəzarət edən monitorinq mexanizminin yaradılması ilə bağlı təkliflər hazırlayacaq.

Əvvəlki şərhlərimdə də qeyd etmişəm: konkret olaraq sahibkarlığa dəstək, onun inkişafı təkcə malliyyədən asılı məsələ deyil. Əlbəttə, ölkədə kənd təsərrüfatının sürətli inkişafını təmin etmək üçün dövlət və özəl sektor tərəfdaşlığı olduqca vacibdir və hökmən stimullaşdırılmalıdır. Bu məqsədlə, 2017-ci ilin I yarısında dövlət-özəl sektor tərəfdaşlığı üçün nəzərdə tutulan dəstək paketinin təsdiqlənməsi və 2017-ci ilin II yarısında investisiya təşviqi sənədinin hazırlanması və investorların müzakirələrə dəvət edilməsi işləri mütləq şəkildə reallaşdırılsa, yaxşıdır.

Strategiyada qeyd olunub ki, 2018- ci ilin ilk yarısında ilkin müzakirələrdən sonra fəaliyyətin icra mərhələlərinin və indikatorların müəyyən edilməsi nəzərdə tutulur ki, müəyyənləşdirilmiş indikatorların əldə edilməsi üçün 2020-ci ilə kimi 15 genişmiqyaslı kompleks layihənin həyata keçirilməsinə şərait yaradılacaq. Bu layihələr üçün nəzərdə tutulan xammalın 40%-i həmin layihələr çərçivəsində yaradılmış yeni təsərrüfatlardan, qalan hissəsi isə yerli istehsalçılardan alınacaqdır ki, bu prioritetin həyata keçirilməsi üçün tələb edilən investisiya məbləği 325 milyon manat hesablanıb.

Pərviz  HEYDƏROV

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …

Bir cavab yazın