Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / “Böhran işimizə o qədər də böyük təsir etməyib” – İlham Əliyev

“Böhran işimizə o qədər də böyük təsir etməyib” – İlham Əliyev

“Azərbaycan idman dövlətidir. Bunu bütün dünya, idman ictimaiyyəti qəbul edir, bilir. Azərbaycanda idmanla, Olimpiya hərəkatı ilə bağlı məqsədyönlü siyasət aparılır. Məhz bu siyasət nəticəsində biz bu gün bu uğurlar haqqında danışa bilərik”

Bu fikirləri Prezident İlham Əliyev Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin yolasalma mərasimində söyləyib.

Dövlətimizin başçısı vurğulayıb ki, düşünülmüş siyasət, məqsədyönlü işlər idmanı Azərbaycanda, cəmiyyətdə önəmli bir ictimai amilə çevirib. Bu gün idmançılara cəmiyyətdə çox böyük hörmət var. İdmançılar cəmiyyətdə layiqli yer tutublar. İdmanla məşğul olmaq istəyənlərin sayı getdikcə artır. Bunun əsas səbəbi idmançılarımızın uğurlarıdır və idmançılara göstərilən dövlət qayğısıdır. İdmançıların bütün problemləri öz həllini tapır. Artıq 20 ilə yaxındır ki, hər il ənənəvi olaraq idmançılara, idman mütəxəssislərinə, veteranlara dövlət tərəfindən mənzillər verilir. Hər il 20-30 mənzil verilir.

Prezident Azərbaycanda idman infrastrukturunun yaradıldığını, son illər ərzində bölgələrdə 40-dan çox Olimpiya idman mərkəzinin tikildiyini vurğulayıb. “Bakıda isə idman infrastrukturu ən yüksək səviyyədədir. Təkcə son bir-iki il ərzində bir neçə gözəl, möhtəşəm idman obyekti istifadəyə verilmişdir – Milli Gimnastika Arenası, Bakı

Olimpiya Stadionu, Beynəlxalq Atıcılıq Mərkəzi, Su İdmanı Sarayı. Bu idman obyektləri, eyni zamanda, gözəl memarlıq əsərləridir. Bu binalar, bu qurğular Bakını daha da gözəlləşdirir”, – deyə dövlətimizin başçısı diqqətə çatdırıb.

Prezident İlham Əliyev daha sonra Formula–1 yarışının Bakıda təşkilinin üstünlüklərindən də danışıb. Dövlətimizin başçısı deyib ki, bu yarışın Azərbaycanda keçirilməsi bizim tarixi nailiyyətimizdir, bir daha ölkəmizin gücünü göstərir. Bakı Formula-1 yarışlarının keçirildiyi 21-ci yerdir. İyirmi şəhərdə keçirilirdi və Bakı 21-ci şəhərdir. Əgər o şəhərlərin siyahısına nəzər salsanız, görərsiniz ki, bu şəhərlər inkişaf etmiş şəhərlərdir. Bakı da o sıradadır. Bizim istəyimiz ondan ibarət idi ki, bu oyunlar şəhər küçələrində keçirilsin. Bu da yarışlara əlavə gözəllik verir və eyni zamanda, bütün dünya Bakının gözəlliyini görəcək. Biri var, stadionda, – bu halda hansı şəhərdə keçirildiyi bəlli olmur, – biri də var ki, şəhərimizin mərkəzi küçələrində keçirilsin.

“Mənə çatan çoxsaylı məlumatlara görə, artıq Bakı turizm mərkəzinə çevriləcəkdir. Biz bunu artıq görürük. Formula-1 yarışı Azərbaycanın turizm potensialının inkişafında xüsusi rol oynayacaq. Artıq biz bunu müşahidə edirik. Bakıya gələnlərin, şəhərimizi, ölkəmizi tanıyanların sayı artır. Onların çoxu Bakıya ilk dəfə gəlirlər. Onlar görürlər ki, Bakı necə gözəl, necə inkişaf etmiş şəhərdir”, – deyə Azərbaycan Prezidenti qeyd edib.

Prezident İlham Əliyev çıxışı zamanı qeyd edib: “Azərbaycan bu gün sivilizasiyalararası dialoqda xüsusi rol oynayır. Bu il Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirilmişdir. Azərbaycanı bu gün çox tolerant, müasir, inkişafda olan ölkə kimi tanıyırlar. Artıq dünya ictimaiyyəti bilir ki, Azərbaycanda bütün millətlərin, bütün xalqların nümayəndələri bir ailə kimi, dostluq, ləyaqət içində yaşayırlar. Bu, bizim böyük sərvətimizdir”.

Dövlətimizin başçısı vurğulayıb ki, bu gün dünya miqyasında bizim rolumuz artır. Azərbaycan kimi ölkələr bu gün dünyada daha da böyük rol oynayır. Biz öz təcrübəmizi bölüşürük. Azərbaycan 25 il ərzində böyük və şərəfli yol keçmişdir. Biz cəmi 25 ildir ki, müstəqil dövlətik. Amma baxın, biz hansı zirvələrə çatmışıq?

Prezident qeyd edib ki, bu gün Azərbaycan inkişaf edən ölkədir. Azərbaycanda bütün xalqların nümayəndələri bir ailə kimi yaşayır. Biz öz hesabımıza yaşayırıq. Dünyada baş verən böhranlara baxmayaraq, inkişaf yolumuzla gedirik. Həm 2008-2009-cu illərin, həm də 2015-2016-cı illərin böhranı bizim işimizə o qədər də böyük təsir etməyib. Nəyə görə? Çünki xalqla iqtidar vəhdət təşkil edir. Ona görə ki, cəmiyyətdə ölkəmizin inkişafı ilə bağlı fikir ayrılığı yoxdur. Ona görə ki, biz öz hesabımıza yaşayırıq, iqtisadi və siyasi cəhətdən müstəqilik, müstəqil siyasət aparırıq. Bu, ləyaqətli, Azərbaycan xalqının maraqlarına əsaslanan siyasətdir və bütün dünyaya açığıq. Ona görə, bizim dünyadakı dostlarımızın sayı artır. Bizə olan hörmət də artır. Bizimlə əməkdaşlıq etmək istəyənlərin sayı da artır.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın