Ana səhifə / Kriminal / Birləşən, bağlanan banklar və əmanətlərin qaranlıq taleyi…

Birləşən, bağlanan banklar və əmanətlərin qaranlıq taleyi…

Bəlkə də ondan başlamaq daha düzgün olardı ki, ərazisi təxminən Azərbaycanın ərazisinin yarısına bərabər olan, əhalisi təqribən 8 milyon nəfər təşkil edən İsveçrədə 327 bank və qiymətli kağızlar üzrə diler var. Banklar arasında iki ən böyük maliyyə nəhəngi var ki, depozitlərin təxminən yarısı onlara məxsusdur.Bu isə o deməkdir ki, qalanları əsasən kiçik banklardır…

Bunu niyə xatırlatdıq? Elə bir gün olmur ki, hansısa bankların ləğvi və yaxud da birləşdirilməsi (perspektivdə!) haqda xəbərlər eşitməyək…

Belə xəbərlər ilk növbədə onunla maraqlıdır ki, insanları özlərinin həmin bank sektorundakı əmanətləri maraqlandırır. Onların taleyi necə olacaq? Həmin əmanətlər olduğu kimi qaytarılacaqmı?

Ekspertlər də məsələnin elə bununla bağlı olduğunu iddia edirlər. Yaxın vaxtlarda ölkədə “Əmanətlərin sığoratlanması haqqında” qanuna düzəlişlər qüvvəyə minməlidir. Bu düzəlişlərin qüvvəyə minməsindən sonra banklardakı əmanətlər yüz faiz sığortalanacaq. Elə ekspertlər də prosesin çox sürətlə getməsini, bankların tez bir zamanda birləşdirilməsini və ya bağlanmasını məhz bu amillə bağlayırlar.

Təbii ki, bunlar ilkin gözləntilər və ehtimallardır… Söz yox ki, bəzi bankların birləşdirilməsində və ya ləğvində rasional tərəf var – təmərküzləşmə onların sağlamlaşdırılmasına gətirib çıxara bilər.

Amma qeyri – sağlam bankların və yaxud kiçik bankların birləşdirilməsi onları sağlamlaşdıracaqmı? Təəssüf ki, bunu da birmənalı şəkildə iddia etmək olmur, hətta ekspertlərin bu məsələ ilə əlaqədar fikirləri haçalanır…

Həm də əsas odur ki, bankların birləşdirilməsi bu sahədə inhisarçı olan strukturların xeyrinə aparılmasın. Bütün dünyada dövlət kiçik biznesə dəstək verir və onlara yardım edir. Bu, bazar iqtisadiyyatının işləməsi üçün lazımdır.

Bazar iqtisadiyyatı daha çox kiçik biznes üzərində qurulur, əgər onlar yaşaya və fəaliyyət göstərə bilirlərsə, deməli bazarda hələ inhisar yoxdur…

Bu, təkcə banklarla bağlı deyil. Bəzən insanlar deyir ki, bu qədər mağazaya nə ehtiyac var? Supermarketlər kifayət deyilmi? Məsələ də ondadır ki, kifayət deyil – kiçik biznes ticarətdə də mühüm məsələdir…

Qayıdaq banklara. Bəlkə də əvvəldə İsveçrədən misal gətirməyim bəzi insanlarda bir qədər narazılıq yaradacaq. Ona görə ki, İsveçrə ənənəvi olaraq banklar ölkəsidir. Amma bunun məsələyə dəxli yoxdur. Bəlkə də bu ölkədə  güclü bank şəbəkəsinin olması onun inkişafını şərtləndirən əsas məsələdir…

Ən əsası isə bilirsiniz nədir? Azərbaycanda münasibətlər assimmetrik qurulub.

Bankların əmanətləri necə qaytaracağı mübahisəlidir. Amma onların verdikləri kreditləri geri almaqda heç bir mübahisə yeri yoxdur – hamı deyir ki, bu kreditlər ödənməlidir. Bir sözlə, banklara qaytarmaq lazım gələndə hər şey birmənalıdır– kreditlər ödənməldir. Amma vətəndaşlara gəldikdə isə çoxlu “suallar” doğur…

Bu ədalətsizliyin ilk təzahürü bəlkə də sovetlər vaxtı mövcud olmuş əmanətlərin qaytarılması zamanı baş verdi – ödənmiş vəsaitlərin sovet əmanətlərinə nə qədər adekvat olub-olmaması hələ də sual doğurur… Dollarla götürlümüş və bu günə qədər ödənilməmiş kreditlərə gəldikdə də deyildi ki, burada güzəşt və ya istisnalar maliyyə intizamını poza bilər.

Amma maliyyə intizamı birtərəfli və ya istisnalı olmamalıdır. Bankların öz öhdəliklərinə nə qədər sadiq qalıb-qalmaması da maliyyə intizamının bir tərəfidir. Elə etmək lazımdır ki, insanlar banklara etibar etsin, öz vəsaitlərini bankda saxlamağa üstünlük versin…

Güman edirik ki, “Əmanətlərin sığortalanması haqqında” qanuna dəyişikliklər buna yardımçı olacaq. Deməli, bir az da gözləmək lazımdır. Bəli, bu müddətdə neçə bank bağlanacaq və yaxud birləşdiriləcək, bunu yalnız təxmin etmək qalır…

Son nəticədə hər şey hökumətdən asılıdır. Hökumət öz insanlarını düşünsə və onların maraqlarını müdafiə etsə, hər şey yaxşı olacaq…

Yox, əgər bunu etməsə, daha çox özünün və iri biznes strukturlarının maraqlarını güdsə, onda buna yalnız təəssüf etmək qalacaq. Elə bu səbəbdən  yenə də bir  faktı diqqətə çatdırmaq istərdik – bazarın ümumi atmosferini kiçik biznes müəyyən edir. Onlar varsa və yaşayırsa, deməli azad rəqabət var, inhisar yoxdur. Əgər yoxdursa, başqa bir faktla barışmalı olacağıq – deməli, ölkədə əsl inhisarçı kapitalizm qurmuşuq…

Hüseynbala Səlimov

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın