Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Kriminal / Birgə yaşadığı qadını ayağı ilə boğan Bakı sakini ifadə vermək istəmədi

Birgə yaşadığı qadını ayağı ilə boğan Bakı sakini ifadə vermək istəmədi

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə ittiham olunan 50 yaşlı Fərhad Şaqaliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Virtualaz.org-un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən F.Şaqaliyev özünü qismən təqsirli bilib. O, mərhum Gülnarə Sadıqovanı öldürmək niyyəti olmadığını, hadisənin ehtiyatsızlıq üzündən baş verdiyini deyib. Özünü pis hiss etdiyini deyən F.Şaqaliyev hadisə ilə bağlı geniş ifadə verməkdən imtina edib.

Prosesdə mərhum Gülnarə Sadıqovanın anası Gülər Sadıqova dindirilib. Şahid ifadəsində qızının F.Şaqaliyevlə birlikdə yaşamasına etiraz etdiyini bildirib: “Fərhad ailəli olduğuna görə qızıma dedim ki, bu evlilik baş tutmaz. Dediyinə görə, dini kəbinləri olub. Qızımın Sabunçuda evi var idi. Həmin evi satarkən bu adamla tanış olub. Ev satılandan sonra da pulunu buna verib ki, ev tikdirsin. Sonra həmin pul yoxa çıxıb. Aralarında mübahisə də pula görə baş verib”.

Şahid mərhum qızının F.Şaqaliyevdən öncə iki dəfə ailə həyatı qurduğunu, həmin nikahdan övladları olduğunu, hadisədən əvvəl satılan evin pulunu Fərhada verdiyini açıqlayıb: “Qızım notarial qaydada Fərhada 30 min manat verib. O pula ev tikilməli idi. Balam ölüb, torpağın altında çürüyür, balası başsız qalıb. Həmin pulu qaytarmağını tələb edirəm. Heç olmasa, o pula balasına bir daxma düzəldim”.

Şahid əlavə olaraq deyib ki, mərhum qızı qan azlığından əziyyət çəkib, dəfələrlə İranda müalicə olunub: “Fərhadla münasibətləri normal olub, yola gediblər”.

İttihama görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib. F.Şaqaliyev qeyri-rəsmi nikahda olduğu, 36 yaşlı Gülnarə Sadıqovanı boğaraq öldürüb. Hadisə zamanı F.Şaqaliyev sərxoş olub.

O, hadisədən bir müddət əvvəl tanış olduğu Şamaxı sakini Gülnarə Sadıqova ilə birgə yaşamağa başlayıb, Bakıxanov qəsəbəsində kirayə mənzil tutub. Sevgilisi iki uşaq atası olan F.Şaqaliyevdən onunla daha çox vaxt keçirməsini, ona daha çox diqqət ayırmasını tələb edirmiş. Bu səbəbdən də onlar arasında tez-tez münaqişələr yaşanıb. Növbəti dəfə də eyni mövzuda mübahisə düşüb və F.Şaqaliyev sevgilisini döyüb. Yerə yıxılan qadının onu söydüyünü görən kişi ayağını onun boğazına dirəyərək boğub.

Qeyd edək ki, qətlə yetirilən qadın əvvəllər ailəli olub. Hadisəni törədən F.Şaqaliyev isə kiçik sahibkardır.

Həmçinin oxuyun

Vilyam Hacıyevin həbs müddəti uzadıldı

Bu gün Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DXT) əməkdaşları tərəfindən saxlanılmış İmişli Rayon İcra …