Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / Bayram günlərində dolların vəziyyəti: “qara bazar” qazandı, turistlər isə itirdi – FOTOLAR

Bayram günlərində dolların vəziyyəti: “qara bazar” qazandı, turistlər isə itirdi – FOTOLAR

Bu ilin yanvar ayından etibarən Azərbaycanda valyuta dəyişmə məntəqələrinin lisenziyası ləğv edilərək bağlandı. Bundan sonra dollar alan da, satan da məcburi şəkildə banklara və onların filiallarına üz tutmalı oldular. “Exchange”lərin bağlanması “qara bazar”ın da işini gücləndirdi. Əsasən də qeyri-iş günlərində.

Musavat.com-un məlumatına görə, Novruz bayramında qeyri-iş günlərinin daha çox (martın 19-dan 28-dək) olması “qara bazar”a təlabatı məcburi şəkildə artırdı. Fürsətdən istifadə edən işbazların bayram günlərindəki qazancı da çoxaldı. “Qara bazar”ın əsas müştəriləri isə Bakıya gələn turistlər oldu. Cənubi Azərbaycandan, Rusiyadan gələn turistlər məcburi olaraq “qara bazar”a üz tutdular.

Bakıya qonaq gələnlər də təəccüblü şəkildə “exchange”lərin bağlandığını gördülər. Xarici valyutanı manatla dəyişə bilməyən turistlər alış-veriş edərkən çıxılmaz vəziyyətdə qaldılar. Bəzi mağazalarda turistlərə güzəşt edilərək onlardan ödəniş dollarla qəbul edilib. Dolların məzənnəsi bu zaman 1.50-1.55 manatdan hesablanıb.

Bu gün isə “qara bazar”da dolların alış qiyməti 1.57 manatdır. Satış qiyməti isə 1.60 manat. Lakin martın 19-23-də dollar vətəndaşlardan və turistlərdən 1.50 manata alınıb. Bunu “28 May” metrosunun yaxınlığındakı “qara bazar”ın “pul dəyişənlər”i də etiraf edirlər. Həmin ərəfədə dolların satış qiyməti 1.70 manata qədər yüksəlib. Bu gün bu bahalaşmanın müşahidə olunmamasının səbəbi bir neçə bankın filiallarının açılmasıdır.

Metronun ətrafındakı “dollar satan”lardan birinə yaxınlaşaraq 1.60 manata dollar aldıq. Onunla söhbətimizdə öyrəndik ki, bayram ərəfəsində onlar dollar satmağa maraqlı olmayıblar. Əsasən xarici valyuta alan alverçilər ümid edirlər ki, martın 28-də dollar bahalaşacaq və onlar ucuz qiymətə aldıqları dollar baha satacaqlar.

“Dolları heç kim satmaq istəmir. Bayramın ilk günündə dollar satan çox oldu. Həm turistlər, həm də yerli camaat. 100 dolları 150 manata almışıq. İndi isə 157 manata alırıq. Əlimdə olan manatın hamısını dollara çevirmişəm. İndi isə bir hissəsini sata bilirəm. Burada itirdiyim heç nə yoxdur. İki tərəfdən də qazanmışam. Ancaq dolları az olan alverçilər satmır. İş gününü gözləyirlər. Bəlkə dollar bahalaşdı”- deyə dollar alverçisi bizimlə söhbətində bildirir.
Bayram günlərində – martın 20-23 ərəfəsində heç bir bankın valyuta dəyişmə məntəqəsi fəaliyyət göstərməyib. Lakin martın 24-dən etibarən bir neçə bankın “exchange”ləri işləməyə başlayıb. Hazırda qeyri-iş günü olsa da bir neçə bankların valyuta dəyişmə məntəqələri fəaliyyət göstərir.

Əvvəllər valyuta dəyişmə məntəqələrinin çox olduğu 28 may küçəsində açıq olan “Zaminbank”ın filialında dolların alış qiyməti 1.582 manat olaraq göstərilib. Satış qiyməti isə 1.592 manatdır. Burada digər bankların filiallarına və “qara bazar”a nisbətən dolların satışı ucuzdur.

“Nikoil” bankın Puşkin küçəsindəki valyuta dəyişmə məntəqəsi də fəaliyyət göstərir. Burada dolların satış qiyməti ilə alış qiyməti arasında digər banklara nisbətən böyük fərq var. “Nikoil” bank 1.54 manata aldığı dollar müştərilərə 1.62 manata satılır.

Xatırladaq ki, martın 18-də sonuncu iş günündə Azərbaycan Mərkəzi Bankı rəsmi olaraq dolların məzənnəsini 1.5971 manat olaraq açıqlamışdı.

Qeyd edək ki, Rusiyada yaşayan həmvətənlərimizin və turistlərin Bakıya gəlişi valyuta dəyişmə məntəqələrinin işini daha da sürətləndirib. “Exchange”lərə dollarla yanaşı rubl satmaq istəyənlər də çoxalıb.

Hazırda valyutadəyişmə məntəqələrində rublun alışı 0.022-0.023, satışı isə 0.024 manatadır.

Avronun alış qiyməti “Zaminbank”da 1.762, satışı isə 1.783 manatdır. “Nikoil” bankda isə avronun alış qiyməti 1.76 manata təklif olunur. Satış qiyməti isə 1.86 manatdır.






 

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın