Ana səhifə / Kriminal / “Başıma torba kecirib, qandallı gəzdirdilər” – Keçmiş rəis müavini

“Başıma torba kecirib, qandallı gəzdirdilər” – Keçmiş rəis müavini

Nəqliyyatda Baş Polis İdarəsinin keçmiş rəis müavini Əfsəl Həsənəliyev Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Baş prokuror Kamran Əliyevə müraciət edib. 
Əfsəl Həsənəliyev müraciətin bir surətini də Qaynarinfo-nun redaksiyasına ünvanlayıb.
O, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyev və digərlərinin cinayət işində zərərçəkən kimi tanınınıb.Hazırda bu işlə bağlı məhkəmə prosesi gedir.
Əfsəl Həsənəliyev müraciətində Mövlam Şıxəliyev və onunla birgə mühakimə olunan MTN-nin digər vəzifəli şəxsləri ilə yanaşı, keçmiş Baş prokuror Zakir Qaralovla keçmiş birinci müavini Rüstəm Usubovu da ittiham edir:
“Kecmiş Baş prokuror Zakir Qaralov və onun müavini Rüstəm Usubov mənə qarşı cinayət törədiblər və onların cinayətləri barəsində Sizə rəsmən məlumat vermək istəyirəm.
Mən, 10 ildir haqqımı tələb edirəm. 10 ildir prokurorluğa, məhkəmələrə üz tutub barəmdəki saxta, haqsız və əsassız ittihamla çıxarılmış hökmün ləğvini, məndən rüşvət kimi alınan pulumun, malımın qaytarılmasını tələb edirəm.
Möhtərəm Prezident!
Bu yaşımda evsiz-eşiksiz qalmışam, məni eşidib dinləyən yoxdur.
2013-cü ildə məni MTN-ə dəvət edəndə ağlıma belə gəlməzdi ki, tam qanuni bir fəaliyyətə görə məni həbs edə bilərlər. Azərbaycan Respublikası ərazisindən tranzitlə keçən, müvafiq gömrük sənədləşməsi aparılan, iki gömrük maşınının, gömrükçülərin nəzarəti ilə İrana aparılan yükü saxlayıblar. Gömrükçülərlə əlbəyaxa olub zorla, zor tətbiq etməklə həyasızcasına, zorakılıqla yük maşınını onlardan almaqla MTN-in müvəqqəti saxlanc yerinə aparıblar.
Hansı ki, həmin mallar ölkə ərazisindən sadəcə tranzit qaydada keçirilib və bununla bağlı gömrük orqanlarında bütün rəsmi sənədləşmələr aparılıb. Bunu Gömrük Komitəsini sədr müavini, gömrük general-leytenantı Əsgər Abdullayevin o zaman MTN-in Baş İstintaq İdarəsinin rəisi olan Mövlam Şıxəliyevə ünvanladığı 25 sentyabr 2013-cü il tarixli məktubu da təsdiqləyir.
Möhtərəm Prezident!
Həmin məktubunda Gömrük Komitəsinin sədr müavini Əsgər Abdullayev Mövlam Şıxəliyevə yazırdı ki, Əfsəl Həsənəliyev və digər saxlanılan şəxslər tam qanuni şəkildə, Gürcüstandan aldıqları malı Azərbaycan qanunları çərçivəsində, Azərbaycan dövlətinin qoşulduğu beynəlxalq yük daşımaları ilə bağlı müqavilələrə uyğun olaraq, tranzit haqqını ödəməklə İrana aparıb orada satmaq niyyətində olublar.
Əsgər Abdullayev də təsdiq edirdi ki, bizim bu hərəkətimizin adı cinayət yox, ticarət olub!
Başda Mövlam Şıxəliyev olmaqla başına yığdığı mütəşəkkil dəstə bunu biləndən sonra nə edib? İlk növbədə bir yük maşını olan malımızı ələ keçirməklə İranda satılması nəzərdə tutulan yükü qaçaqmal elan edib, özləri mənimsəyib, Azərbaycan ərazisində satdırıblar! Bu işdə Mövlam Şıxəliyevin cinayət ortaqlarının adlarını da yazıram: Mövlam Şıxəliyevin biznes şərikləri Çingiz Yəhya oğlu Ağayev və Yaşar Ülvü oğlu Cabbarov.
Bu gün də 660 min manat dəyəri olan malımızın harada olması sualı açıqdır. Araşdıran yoxdur, hüquqi qiymət verən yoxdur!
Bizə qarşı cinayət törətmiş, lakin bu gün istintaqa cəlb olunmayan keçmiş baş prokuror Zakir Qaralov, onun 1-ci müavini olmuş Rüstəm Usubov, MTN-də müstəntiq vəzifəsində işləmiş Nadir Mustafayev, elə orada İdarə rəisinin müavini olmuş Təhsin Ağayev istintaqa cəlb olunsunlar, cəzalarını alsınlar.Bu adamlar bizə qarşı “qanlı cinayət” işlədiblər. Çünki bu adamların hərəkətləri nəticəsində heç bir günahı olmayan Cahangir Məmmədovun qanı axdı, dünyadan köçdü”.
Şikayətçi iddia edir ki, Zakir Qaralovla Rüstəm Usubov Mövlam Şıxəliyevin qanunsuzluğuna qol qoymasaydı, onlara qarşı “əməliyyat” baş tutmayacaqdı:
“Ona görə də Zakir Qaralovla Rüstəm Usubovun da həbsini tələb edirəm. Bu adamlar da tamahları üzündən bizə qarşı cinayət törədiblər. Təhsin Ağayevlə Nadir Mustafayev də bizlərə qarşı cinayətin törədən mütəşəkkil cinayətkar quldur dəstənin əsas fəal üzvlərindən olublar. 
Zakir Qaralovun qəbulunda olanda mənim yanımda idarə rəisi Vüqar Nəsibovu ayağa qaldırıb bildirdi ki, Əfsəl Həsənəliyevin vəkilləri Xavər Həsənovla Arif Həbibzadəni tapıb Prokurorluğa göndərsin, Əsfəl Həsənəliyevdən rüşvət alınması epizodu üzrə vəkillərin verdiyi ifadəni təkzib elətdir. Bu məgər cinayət deyil?!
Əlimi yelləyib Zakir Qaralova dedim ki, siz MTN-də baş verən cinayəti araşdırmırsız, cinayəti ört-basdır edirsiz.
Zakir Qaralovun tapşırığını icra etdilər, hər iki vəkili tapdılar, onları da məcbur etdilər ki, ailəmdən alınan rüşvətin MTN-çilərə verilməsini təkzib etsinlər.Eldar Mahmudov başda olmaqla Mövlam Şıxəliyevgil MTN-i cinayət, alver yuvasına çevirmişdilər. Beləcə barəməzdəki qondarma, saxta cinayət işini Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərdilər. Məhkəmənin sədri, hakim Kəramət Əliyev bizə qarşı saxta ittihamı hökmə çevirib bizi məhkum etmişdi. Siz MTN-dəki cinayət yuvasını dağıdandan sonra Kəramət Əliyev məndən aldığı rüşvəti qaytardı. Əlimdə bunu sübut edən səs yazıları, sübutlar var.
Hörmətli Prezident!
5 ay həbsdə saxlamaqla mənim başıma müsibət açdılar. Başıma torba kecirib, qolum qandallı gəzdirdilər. Sonda azad edilməyim üçün məbləği 100 min manatdan 50 min dollara endilər. O zaman müstəntiq Yasin Məmmədov öz xidməti otağında mənə bir sirr açdı. Dedi ki, sizin barənizdəki təqdimata Zakir Qaralovla Rüstəm Usubov qol çəkib, imza atıblar. Ona görə də, pul verməsən, səni buradan heç kim buraxmayacaq. Onlara hesabları çatmasa, burada çürüyəcəksən. Yasin Məmmədov mənə deyirdi ki, pulu özün verə bilmirsənsə, bir pullu iş adamının adını çək, nişan ver, onu tutub iki saata pulunu alaq, səndən əl çəkək.
Bu gün də ağır, çətin vəziyyətdəyəm. Mənə vurduqları maddi və mənəvi ziyana görə Zakir Qaralovun, Rüstəm Usubovun, Təhsin Ağayevin, Nadir Mustafayevin də Mövlam Şıxəliyev və Yasin Məmmədov kimi istintaqa cəlb edilərək çox sərt şəkildə cəzalandırlmalarını tələb edirəm”.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …