Ana səhifə / Kriminal / “Baş prokuror, cənab nazir olan yerdə mən kim idim ki?” – MTN işində son sözlər

“Baş prokuror, cənab nazir olan yerdə mən kim idim ki?” – MTN işində son sözlər

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev, onun müavini Yasin Məmmədov və idarənin şöbə rəisləri Vüsal Ələkbərovla Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, ötən gün Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə Mövlam Şıxəliyevə son söz verilib. O, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin ona qarşı qərəzli mövqedə dayandığını bildirib:

“Mənə Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və 341-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham verilib, halbuki həmin maddələr üzrə cəlbetmə müddəti bitib və buna görə də həmin maddələr üzrə ittiham xitam olunmalıdır. 182-ci (hədə qorxu ilə tələb etmə) maddə üzrə ittiham saxtadır, mən zərərçəkənlərdən heç birinə hədə-qorxu gəlməmişəm. Onlar sadəcə mənim xahişlərimi hədə-qorxu kimi anlayıblar.

İstintaq Baş İdarəsində çıxarılan hər bir qərar 24 saat ərzində baş prokurora məruzə olunub. Cinayət işinin başlanması, ittiham aktının təsdiqlənməsi onun səlahiyyətində olub. Mən MTN İstintaq Baş İdarəsinin rəisi olaraq verilən tapşırıqları müstəntiqlərə çatdırmışam və icrasına nəzarət etmişəm. İstintaq Vüsal Ələkbərovun, Yasin Məmmədovun 8 milyon dollar pul alması qənaətinə gəlib. Lakin həmin pulu kimə verdikləri haqda suala cavab verilməyib. 8 milyonu biz yox, Ziyad Səmədzadə alıb. Buna baxmayaraq, Ziyad Səmədzadə bu günə qədər dindirilməyib. Bu gün də məlum deyil ki, Ziyad Səmədzadə həmin pulu kimə verib?”

Bundan sonra təqsirləndirilən Yasin Məmmədov son söz deyib. O, ittiham olunduğu cinayətlərlə bağlı sübut bazasının olmadığını bildirib:

“MTN-in dörd bir tərəfi və binanın daxilində hər qarış yer kamera nəzarətindədir. Belə bir halda İbrahim Zeynalovun 8 milyon dolları gizli şəkildə MTN binasına gətirərək mənə verməsi mümkün deyil. 8 milyon Ziyad Səmədzadəyə çatıb. Ziyad Səmədzadə İbrahim Zeynalova 3 milyon dollar kredit almaqda köməklik edib. Mən MTN-in İstintaq Baş İdarəsində heç kim idim. Baş prokuror, onun birinci müavini, İstintaq Baş İdarəsinin rəisi, cənab nazir olan yerdə mən kim idim ki, qərar verəm? Bu adamların hər biri istintaqa nəzarət edən, gedişatını nəzarətdə saxlayan vəzifəli şəxslər idi. Hər bir qərar Baş Prokurorluqda müzakirə edilirdi, təsdiq olunurdu, razılıq verilirdi, biz də işimizi görürdük. Zərərçəkənlərin maddi durumlarında çətinlikləri var. Gəlin köməkləşək, Əfsəl Həsənəliyevin banka borcunu bağlayaq. Balalarımı yetim, atasız, evsiz-eşiksiz qoymayın. Xahiş edirəm ki, barəmdə bəraət hökmü çıxarasınız”.

Digər təqsirləndirilən Sahib Ələkbərov da son sözündə ittihamları qəbul etmədiyini deyib:

“Hazırda iş üzrə zərərçəkən statusunda olan şəxslər barəsində məhkəmələrin çıxardığı hökmlər qüvvəsindədir. Belə olan halda onların şikayət etmək haqları yoxdur. Buna baxmayaraq, prokurorluq onların şikayətini qəbul edib. Bu, açıq-aşkar prokurorluğun bizə qarşı qərəzli mövqe tutduğunu göstərir. Mən İstintaq Baş İdarəsində icraçılardan biri olmuşam. Əgər mən məhkum olunaramsa, mənimlə birgə istintaqını apardığım işlər üzrə prokurorlar, hakimlər, məhkəmə tibb ekspertləri də məhkum edilməlidirlər. Belə olan halda məni məhkum etmək qanunsuzdur. Hüquq elmində belə şey yoxdur ki, hökm ləğv edilməmiş həmin hökmün əsaslandığı cinayət işinin istintaqını aparmış müstəntiqə ittiham verilsin. Dünyanın heç bir yerində belə ittiham verilmir. Baş Prokurorluğun İstintaq Baş İdarəsi mənə qarşı qərəzli mövqe tutub və süni qaydada ittiham yaratmaqla məhkəməyə yollayıb. Xahiş edirəm ki, mənə bəraət verilsin”.

Təqsirləndirilən Vüsal Ələkbərov isə daha əvvəl 4 il həbsdə yatdığını, vəziyyətinin ağır olduğunu deyib:

“Bütün əziyyətlərim vətənə fəda olsun. Azərbaycan türməsinin divarları mənə doğmadır. Başıma açılan bu oyunların bir səbəbi var, o da, hörmətli Mövlam Şıxəliyevə rahatca ittiham verilməsidir. Özümü günahkar saymıram, barəmdə bəraət hökmü çıxarılmasını istəyirəm”.

Proses sentyabrın 20-də davam etdiriləcək. Həmin prosesdə təqsirləndirilən şəxslər barəsində hökm oxunacağı gözlənilir.

Qeyd edək ki, prokuror Mövlam Şıxəliyevə 14 il, Yasin Məmmədova 12 il, Vüsal Ələkbərova 15 il, Sahib Ələkbərova isə 10 il həbs cəzası verilməsini istəyib.

İttihama görə, Mövlam Şıxəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərovla mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunur. İstintaqla M.Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manatı rüşvət qismində, 5 milyon 77 min manat pulu hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib və barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə 32 zərərçəkmiş var.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …