Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Baramaçılığın inkişafından Azərbaycana nə qədər gəlir götürəcək?

Baramaçılığın inkişafından Azərbaycana nə qədər gəlir götürəcək?

“Bu il Çindən barama qurdu gətiriblər. Bunu iş adamlarına, kənd təsərrüfatında çalışan fermerlərə verirlər ki, bunu saxlayın. Bunun rentabelliyini ölçən hökumət nümayəndələri yoxdurmu? Bu, nə dərəcədə rentabelli olacaq?”.

Bu fikirləri Ümid Partiyasının sədri İqbal Ağazadə “Yeni Müsavat”a müsahibə verərkən səsləndirib.

Onun verdiyi sual ümumilikdə cəmiyyət üçün də çox aktualdır. Qeyri-neft sektorunun şaxələndirilməsi istiqamətində atılan addımlardan biri kimi ipəkçiliyin inkişafı ölkə üçün, eləcə də fermer üçün nə dərəcədə rentabellidir?

Qəzetə açıqlamasında bu sualı şərh edən kənd təsərrüfatı sahəsi üzrə ekspert Müslüm İbrahimov baramaçılığın inkişafı ilə bağlı görülən tədbirləri müsbət qiymətləndirdiyini bildirdi: “Ona görə ki, bu çox əlverişli bir kapital qoyuluşudur. Azərbaycanda baramaçılığın tarixi bir kökü var. Həm mütəxəssis, həm də infrastruktur baxımından bu sahənin inkişafı üçün mühit var.

Картинки по запросу kənd təsərrüfatı sahəsi üzrə ekspert Müslüm İbrahimov

Məndə olan məlumata görə, Çindən gətirilən barama qurdlarının burada yetişdirilməsi ilə bağlı artıq ciddi effekt əldə olunub. Konkret rəqəmlər olmasa da, Kənd Təsərrüfatı Nazirliyi açıqlama verib ki, bu sahə effekt verir. Baramaçılıq valyuta tutumlu bir sahədir. İkincisi , Azərbaycanda bu sahə üçün mütəxəssis yetişdirilməsinə ehtiyac yoxdur, baramaçılıqla bağlı ənənələr var. Həm beynəlxalq , həm də regional əmək bölgüsündə müəyyən dərəcədə infrastruktur və kadr potensialı baxımından bizdə normal şərait var. Digər tərəfdən, bu işsizlik problemini də azaldacaq. Digər sahələrdə də inkişafa gətirib çıxaracaq. İpəkçilik ilk növbədə yüngül sənayenin inkişafına dəstək verəcək. İpəkçilik və pambıqçılıq inkişaf edərsə, artıq Azərbaycanda son məhsulun istehsalı üçün də şərait yaranacaq”.

Ekspert qeyri-neft sektorundakı ixtisaslaşmanın dərinləşməsinin müsbət amil olduğunu diqqətə çatdırdı: “Azərbaycan turizm baxımından da cəlbedici bir ölkəyə çevrilir. Ölkədə beynəlxalq tədbirlə həyata keçirilir. Bu mənada pambıqçılıqdan və baramaçılıqdan əldə olunan məhsullardan tekstil sənayesinin inkişafı üçün istifadə etmək olar. İxtisaslaşma dərin olaraq həyata keçirilməlidir. Yəni, baramaçılıqdan ipəkçilik inkişaf edirsə, ipəkçiliyin və pambıqçılığı inkişafı da yüngül sənayenin, tekstil sənayesinin inkişafına aparmalıdır. Xammaldan tam məhsula qədər bütün proses Azərbaycanda həyata keçirilməlidir. Gəlirlilik baxımından bu sahə çox əlverişlidir. Kənd Təsərrüfatı Nazirliyinin müvafiq strukturlarının rəhbərləri artıq bu sahədə uğurlar qazanıldığını bildiriblər”.

Qeyd edək ki, prezident İlham Əliyevin “Azərbaycanda ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” mayın 19-da imzaladığı sərəncam respublikamızda ipəkçiliyin müasir infrastrukturunun yaradılması, barama toxumçuluğunun təşkili istiqamətində atılan növbəti mühüm addımdır.

Həmin sərəncama əsasən, Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqla təchiz olunması üçün Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 4,5 milyon manat vəsait ayrılıb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev isə modern.az-a açıqlamasında bildirib ki, bu günə qədər ölkədə 240 ton barama istehsal olunub: “Ümumilikdə 130 ton barama istehsalı nəzərdə tutulsa da, hədəfdən 2-2,5 çox istehsal gözlənilir. Bildiyiniz kimi, barama istehsalına dövlət dəstəyi var. Baramanın növündən asılı olmayaraq, hər kiloqram baramaya görə 5 manat subsidiya verilir. “Şəki İpək” ASC ilə kümçülər arasında bağlanmış müqaviləyə əsasən, hər kiloqram baramaya görə, 4 manat verilir. Beləliklə, kümçü bir kiloqram baramadan 9 manat əldə etmiş olur.

Qeyd edim ki, baramaçılıqla məşğul olan kəndli 30-40 gün müddətinə ailə büdcəsini artıra bilər. Kümçülər arasında qısa müddətdə 1500 manat, 2 000 manat, hətta 3 000 manat gəlir əldə edənlər olub. Bu sahədə həyata keçirilən yeniliklərdən biri də Abşeron rayonunda baramanın inkişafı ilə bağlı tədbirlərin görülməsidir. Bildiyiniz kimi, Abşeron kəndlərində qədim tut bağları var. Ona görə bu ərazidə də baramaçılığın inkişafı üçün perspektiv var”.

M.Hacıyevin sözlərinə görə, baramaçılıq ailə təsərrüfatlarının genişləndirilməsi və qazanc baxımından çox əlverişli sahədir: “Ötən il Çin Xalq Respublikasından 1, 5 milyon tut tingi alınıb. Barama toxumlarından 99-100 faiz səviyyəsində yüksək keyfiyyətli ipəkqurdları əldə edilib. Onlar bəslənilmək üçün respublikanın 31 rayonunun 739 kəndini əhatə edən 3013 kümçü ailəsinə əvəzi ödənilmədən paylanılıb.

İpəkqurdlarının bəslənilməsində kümçülərə metodiki köməklik göstərilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları Çin Xalq Respublikasından dəvət olunmuş mütəxəssislərlə birlikdə baramaçılıq rayonlarına ezam edilib, kümçülərə müvafiq tövsiyələr verilib.

2017-ci ildə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tender müqaviləsi əsasında Çin Xalq Respublikasından 6 min qutu yüksək keyfiyyətli hibrid ipəkqurdu sənaye toxumları (qrena) tədarük edilib. Və apreldə Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub”.

Yaxın günlərdə mətbuat nümayəndələrinin iştirakı ilə Qax Damazlıq İpəkçilik Stansiyasında media-tur təşkil olunub. Orada fermerlərlə edilən söhbət və müşahidələr zamanı da bu sahənin atıq gəlir gətirməsi ilə bağlı faktlar əldə olunub. Fermerlərin əksəriyyəti fərdi qazanc baxımından bu sahənin inkişafını müsbət qiymətləndiriblər. Bildiriblər ki, regionlarda işsizlik probleminin həlli baxımından bu cür addımların atılması məqsədəuyğundur.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …

Bir cavab yazın