Cümə , Yanvar 22 2021
Ana səhifə / Kriminal / Bankomatlarda pul qıtlığı – texniki problem, yoxsa?

Bankomatlarda pul qıtlığı – texniki problem, yoxsa?

Ötən həftəsonu Bakıda Beynəlxalq Banka məxsus bir sıra bankomatlarda pul qıtlığı yaranıb. Ekspertlər bunun məqsədli şəkildə edildiyi qənaətindədirlər. Bank isə problemin aradan qaldırıldığını bildirir.

Məsələ ilə bağlı Beynəlxalq Bankın mətbuat xidmətindən bildirilib ki, noyabr ayının ilk günlərində bəzi bankomatlarda vəsait çatışmazlığı əmək haqlarının ödənişi ilə əlaqədar nağdlaşdırma əməliyyatlarının kütləviləşməsi ilə bağlı olub: “Artıq bu gündən problem tam həllini tapıb. Bankın bütün bankomatları inkassasiya edilib. Müştərilər nağdlaşdırma əməliyyatlarını indi Azərbaycan Beynəlxalq Bankının istənilən bankomatında maneəsiz həyata keçirə bilərlər”.

“Abzas.net” isə monitorinq aparıb və bankomatların qarşısında olan vətəndaş aparatların işləməməsindən, işləyən aparatlarda isə nağd pulun olmamasında şikayətləniblər. Adının çəkilməsini istəməyən, Beynəlxalq Bankın mərkəzi ofisinin qarşısında gözləyən vətəndaş bildirib ki, artıq neçə gündür bankomatlardan pul çıxara bilmir: “Düz 20-ci bankomatdır baş çəkirəm, amma heç birində pul yoxdur. Belə iş olmaz, heç olmasa insanlara açıqlama versinlər ki, nə qədər çəkəcək bu problem, nədir səbəbi, insanlar da işlərini bilsinlər”.

Qeyd edək ki, son bir neçə gündür Beynəlxalq Bankın bankomatlarının əksəriyyəti ya işləmir, ya da pul yoxdur. Bank məsələ ilə bu gün məlumat verib ki, problem tam həll olunub, amma göründüyü kimi hələ də vətəndaşlar təqaüdlərini, maaşlarını nağdlaşdira bilmirlər.

Ekspert Əkrəm Həsənov isə məsələ ilə bağlı bildirib ki, Beynəlxalq Bankın bankomat problemi texniki problem deyil: “Bir neçə gündür ki, Beynəlxalq Bankın müştəriləri bankomatlardan pul çıxara bilmir. O cümlədən pensiyaları və əmək haqlarını da çıxara bilmirlər. Bank buna belə izah verir ki, guya bankomatlarda vəsait çatışmazlığı əmək haqlarının ödənişi ilə əlaqədar nağdlaşdırma əməliyyatlarının kütləviləşməsi ilə bağlı olub. Ola bilər əlbəttə, amma inandırıcı deyil. Çünki bu bankın bankomatlarında nağdlaşdırma həcmi həmişə yüksək olub. Niyə problem məhz manatın günbəgün davam edən devalvasiyası dövrünə təsadüf etdi? Bəlkə kimsə pensiya və əmək haqların ödənilməsini gecikdirərək bir neçə gün ərzində valyuta əməliyyatlarından külli miqdarda qazanc əldə etdi? Məsələn, təsəvvür edək ki, pensiyaların ödənilməsi üçün Dövlət Sosial Müdafiə Fondundan banka pul daxil olub, amma bank pulu pensiyaçıların kartına otuzdurmağa tələsmir və həmin pulu dollara çevirir, bir neçə gün davam edən devalvasiyadan sonra isə yeni məzənnə ilə manata çevirib kartlara otuzdurur, fərqi isə kimlərsə cibinə qoyur. Noyabrın 8-ində dolların təkcə rəsmi məzənnəsi 1,6381-dən 1,6686-ya çatıb. Banklardan artıq hər şey gözləmək olar. Bəs Dövlət Sosial Müdafiə Fondu və Beynəlxalq Bankı pensiya və əmək haqqının ödənilməsi üçün seçmiş digər qurumlar hara baxır? Bəlkə onlar da əlbirdir? Axı ən azı bankın keyfiyyətsiz xidmət göstərməsinə etiraz etməli idilər? Niyə susurlar? Hər bir halda hesab edirəm ki, hüquq-mühafizə orqanları bu məsələləri ciddi araşdırmalıdır. Deyəsən, Cahangir Hacıyevin iş metodları bu bankın canından hələ tam çıxmayıb”. (Musavat.com)

Həmçinin oxuyun

Azərbaycanda 674 koronavirus xəstəsinə cinayət işi açılıb

Ötən il ölkə üzrə daxili işlər orqanları əməkdaşları tərəfindən saxlanılan aktiv COVID-19 xəstələrinin sayı açıqlanıb. …

Bir cavab yazın