Bazar , Yanvar 24 2021
Ana səhifə / Kriminal / Bankların verdiyi kreditlərin həcmi niyə azalıb? – ŞƏRH

Bankların verdiyi kreditlərin həcmi niyə azalıb? – ŞƏRH

Bu ilin iyununda ölkədəki bankların müştərilərə verdiyi kreditlərin həcmi azalıb.

“APA-Economics” Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya əsasən xəbər verir ki, iyul ayının 1-nə bankların müştərilərə verdiyi kreditlərin məbləği 13 mlrd. 462,1 mln. manat təşkil edib. Bu da may ayı ilə müqayisədə 916,5 mln. manat və ya 6,37% azalma deməkdir.

Ümumiyyətlə, ilin əvvəlindən bankların müştərilərə verdiyi kreditlərin həcmi 2 mlrd. 476,2 mln. manat və ya 15,54% azalıb.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında bu azalmanın gözlənilən olduğunu deyib: “Çünki bir tərəfdən bankların problemli kreditlərin həcmində artımlar var. “Fitch” beynəlxalq reytinq agentliyinin qiymətləndirməsinə görə, problemli kreditlər bankların ümumi kredit portfelinin 24 faizini təşkil edir. Bu kifayət qədər böyük rəqəmdir. Banklar əvvəlki dövrlərdə yüksək faizlə verdikləri kreditləri geri almaqda çətinlik çəkirlər. Bankların problemli kreditlərin həcmi artdığı üçün bu, birbaşa kreditləşməyə təsir göstərir. O baxımdan kredit portfelində də azalmanın olması əslində gözlənilən idi”.

Onun fikrincə, digər tərəfdən, banklar əvvəlki illərdə verdikləri kreditlərin bir qismini geri ala bilmədikləri üçün kreditlərin verilmə şərtlərini ağırlaşdırıblar və bu da kreditlərə əlçatanlığa təsir göstərir: “Əvvəlki dövrlərlə müqayisədə banklar kredit almaq üçün daha ağır şərtlər müəyyənləşdiriblər. Bu da nəticədə kreditləşməyə təsir göstərir. Eyni zamanda, bankların cəlb etdiyi vəsaitlərin həcmində də azalmalar var. Banklar həm daxili, həm xarici mənbələrdən daha az vəsait cəlb edə bildikləri üçün daha az kredit təklif ediblər”.

İqtisadçının sözlərinə görə, kreditləşmənin azalması arzuolunan deyil: “Çünki kreditləşmənin azalması birbaşa həm real sektora, həm də xərcləmələrə təsir göstərir. Kreditləşmə həm də ev təsərrüfatların xərcləmələri baxımından vacibdir. Nəticə etibarı ilə kredit portfelinin kiçilməsi real sektora, eləcə də ev təsərrüfatlarının xərcləmələrinə mənfi təsir göstərir. O baxımdan həm MBNP, həm Mərkəzi Bank kreditləşmənin artırılmasına çalışmalıdır”.

Ekspertin qənaətincə, kredit portfelinin həcminin artırılması bank sektoru üçün prioritet olmalıdır: “Bunun süni şəkildə və inzibati yolla həyata keçirilməsi mümkün deyil. Mərkəzi Bank və Palata daha çox təşviqedici metodlar ilə, eləcə də, bankların likvidliyini artırmaqla onların kredit portfelinin artırılmasına nail olmağa çalışmalıdır”.

İqtisadçı-ekspert Sabit Bağırov isə açıqlamasında kreditlərin həcminin azalmasının səbəblərini belə açıqlayıb: “Birincisi, banklarda kifayət qədər manat resursları çatışmır. İkincisi, hazırda vətəndaşlarımız kredit almağa daha az meyillidir. Üçüncüsü, mövsümi xarakter daşıyan məsələlər var, yaydır və əhali istirahətdədir və s. Müəyyən problemlər də sahibkarlıq ilə əlaqəlidir. O da öz təsirini göstərir. Fikrimcə, bu səbəblər ola bilər”.

Ekspertin sözlərinə görə, ümumiyyətlə, kreditləşmənin azalması yaxşı hal deyil və bütün iqtisadiyyata, iqtisadiyyatın subyektlərinə təsir edir.

Həmçinin oxuyun

Azərbaycanda vəzifəli şəxslə bağlı cinayət işi başlandı – RƏSMİ

Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində işləyən Abuşov İntiqam Mirzağa oğlunun qanunsuz hərəkətləri …

Bir cavab yazın