Ana səhifə / Kriminal / Banklarda kredit faizi kəskin qalxdı

Banklarda kredit faizi kəskin qalxdı

Son iki ayda banklar tərəfindən manatla kredit verilməsi prosesi tamamilə dayanıb. Banklara üz tutan müştərilər ya dollarla kredit götürməyə məcbur olurlar, ya da əliboş geri dönürlər.

Bununla bağlı “Bizim Yol” qəzeti araşdırma aparıb. Kredit portfelinin ən böyüyünə sahib olan Azərbaycan Beynəlxalq Bankından kreditləşməni dayandırmadığını, hər iki valyutada vəsait ayırdıqlarını bildiriblər. Əvəzində isə manatla verilən istehlak kreditlərinin faiz dərəcələri ötən ilin sonunda orta faizlə 19-22 faiz arasında dəyişirdisə, hazırda 23-dən 26-dək yüksəlib. Əlbəttə, bu bankdan vəsait əldə etmək fiziki şəxslər üçün demək olar ki, mümkün deyil. Son rəhbər dəyişikliyinə görə, mart-aprel aylarında müştərilərə kredit verilişlərinin qeyri-rəsmi dayandırılması ilə bağlı məlumat verilir.

“AGBank” da manatla kreditləri dayandırmasa da, faiz dərəcələrini fantastik həddə çatdırıb. Belə ki, manatla alınan istehlak kreditləri 32,6 faizdən başlayır. Bankın kredit mütəxəssisləri bunu manat ətrafında yaranan risklərlə izah edirlər.

“Rabitəbank”dan da manatla kreditləri artıq bərpa etdiklərini bildiriblər. Əlbəttə, müştərilər üçün burada da sürpriz az deyil. Belə ki, bundan sonra istehlak kreditləri üzrə faiz dərəcələri 26 faizdən başlayır.

“Bank Standart” və “Kapital Bank”dan da milli valyutada kredit verdiklərini açıqlayıblar. Lakin burada faizlərin hələ ki, artmadığını söyləyiblər.

Digər banklar isə (“Bank of Baku”, “Azeri Türk Bank”, “Zamin Bank” və sair) ya ümumiyyətlə, kreditləşməni dayandırıblar, ya da yalnız dollarla müştərilərə xidmət göstərirlər.

İqtisadi-ekspert Rəşad Həsənov qəzetə bildirib ki, devalvasiyadan sonra manatla kreditləşmənin dayandırılması gözlənilən idi: “Hər bir vətəndaş onu ötən ilin sonundan başlayaraq, qarşıda çətin günlər gözlədiyini bilir. Neftin qiymətinin aşağı düşməsi ilə yanaşı, ölkədə hasilat da aşağı düşüb. Bütün bunların fonunda növbəti aylarda Azərbaycan manatının güclənə biləcəyini demək mümkün deyil. Təbii ki, banklar bu məsələlərə həssas yanaşır və bizdən daha geniş araşdırır. Analiz apararaq manatın yenidən devalvasiyaya uğramasının qaçılmaz olduğunu görür. Bunun üçün qarşıdakı iki il üçün hazırlıqlar görüb, itkilərini nəzərə almalıdırlar. Ən yaxşı variant olaraq kreditləri xarici valyutada verirlər”.

İqtisadçı əlavə edir ki, bankların borclanma mənbəyində də xarici valyutanın həcminin üstünlük təşkil etməsi onları bu addımı atmağa vadar edir: “Lakin manatla kreditləşməni həyata keçirmək kifayət qədər risklidir. Hazırkı situasiya vətəndaşın xeyrinə deyil. Amma bankların mövqeyindən yanaşsaq, haqlı görünürlər. Qanunvericiliklə də, hər hansı bir limit yoxdur. Bir müddət əvvəl 10 faizlik limit aradan qaldırılmışdı”.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın