Ana səhifə / Kriminal / Banklar manatı baha satmağa razılaşıb – HƏRRAC

Banklar manatı baha satmağa razılaşıb – HƏRRAC

Mərkəzi Bank son aylarda ciddi və davamlı şəkildə depozit hərracları keçirir. Əksər hallarda hərracda lazımi qədər vəsait yığa bilmyən Mərkəzi Bank artıq buna nail olur. Son hərracda 50 milyon manatın cəlb edilməsi nəzərdə tutulsa da, tələb 52 milyon manat təşkil edib. Hərrac nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,98 faiz olub.

O da bildirilir ki, 2016-cı ilin iyun ayından etibarən Mərkəzi Bank likvidliyin sterilizasiyası məqsədilə milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə depozit hərraclarının keçirilməsinə başlayıb. Məqsədlərdən biri dollarlaşma səviyyəsinin azaldılmasıdır. Banklardakı izafi manat əlavə dollar alışlarına təkan verə biləcəyindən, Mərkəzi Bank həmin manat kütləsini yüksək faiz ödəyərək cəlb edir.

Ekspertlər isə musavat.com-a bildiriblər ki, Mərkəzi Bank bununla da manatın ucuzlaşmasının qarşısını ala bilməyəcək.

Ekspert Əkrəm Həsənov musavat.com-a açqılamasında bildirib ki, banklar yüksək faizlə manatın satılmasına razılaşıblar: “Banklara hər bir halda müəyyən qədər manat ehtiyatı lazımdır. Müştəri ödənişləri, əmanətlərin qaytarılması, cari inzibati xərclər üçün manat lazımdır. Xüsusən də ilin sonuna ödənişlər artır. Yəni pulun hamısını dollarda saxlamaq da olmur. Amma dəyərdən düşən manatı elə-belə saxlamaq banklara əlverişli deyil. Odur ki, bir hissəsini Mərkəzi Bankda depozitdə saxlayıb, faiz gəliri qazanmağı seçirlər. Buna görə də son depozit hərracında Mərkəzi Bank 14,98 illik faizlə planlaşdırdığı qədər depozit cəlb edib. Fikir verin, Mərkəzi Bankın minimal dərəcəsi 12,01 faizdir. Amma ancaq ən yüksək faizlə cəlb edə bilib. Yəni bankların şərti yüksək faiz olub”.

Ekspertin sözlərinə görə, hər bir halda bunun manatın davam edən devalvasiyasına ciddi təsiri olmayacaq: “Çünki digər tərəfdən, Mərkəzi Bank pul kütləsini artırır. Artan kütlə fonunda bu depozitlər cüzi məbləğdir”.

Ekspert Natiq Cəfərli isə musavat.com-a bildirib ki, Mərkəzi Bank çoxdan bu addımı atır, ancaq nəticəsizdir: “Amma son aylarda görürük ki, bunun bazara heç bir ciddi təsiri yoxdur. Manatın ucuzlaşması prosesi davamlı şəkildə gedir. Cəlb edilən vəsait də o qədər də böyük məbləğ deyil. Hər hərracda ortalama 45-50 milyon manat civarında vəsait cəlb olunur. Bu, o qədər də böyük bir məbləğ deyil. Bu yolla da manat kütləsinin azaldılması o qədər də effekt vermir. Ona qalsa, Mərkəzi Bank ötən ilin müvafiq dövrünə nisbətən təqribən üç dəfəyə yaxın nağd manat kütləsinin azalmasına nail olub. Kifayət qədər manat kütləsini azaldıb ki, dollara, valyutaya obrazlı desək, qatışıqlar azalsın. Amma bunun da ciddi təsiri olmadı. Hətta əks təsiri oldu. Manatın dövriyyəsinin azalması iqtisadi aktivliyə, ticarət dövriyyəsinə mənfi təsir göstərdi. İş yerlərinin bağlanmasına, insanların gəlirlərinin azalmasına səbəb oldu. Yəni Mərkəzi Bank bu alətdən istifadə edə bilır. Düşünürəm ki, gələcəkdə də istifadə edəcək. Amma bunun gələcəkdə effekt verməcəyəyi artıq indidən görünür. Son bir ayda çox israrla bu alətdən istifadə edir. Bu isə milli valyutanın dəyərdən düşməsinin qarşısını ala bilmir”.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın