Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / ”Banklar haqsız olduqlarından qorxuya düşüblər”

”Banklar haqsız olduqlarından qorxuya düşüblər”

Əkrəm Həsənov: “Əgər antikollektor qanunsuzdursa, o zaman Azərbaycanda hüquqi xidmət göstərmək qanunsuzdur”

“İctimaiyyətdə bank sektorunda baş verən proseslərlə bağlı gərginlik hiss olunur. Mərkəzi Bank bu gərginliyin aradan qaldırılması üçün müəyyən addımlar atırdı və indi də atır. Ən ciddi gərginlik xarici valyutada götürülən kreditlərlə bağlıdır. Əgər problem sistem xarakterlidirsə, məsələyə sistematik yanaşmaq lazımdır”.

Bu barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquqi siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə İşçi Qrupunun rəhbəri Rüfət Aslanlı deyib.

R.Aslanlı bildirib ki, maliyyə sistemi özü də yuxarıda qeyd edilən problemdən əziyyət çəkir. “Mərkəzi Bankın sədri Elman Rüstəmov da bildirib ki, maliyyə sektoru 9,3 milyard manatlıq öhdəliyini yerinə yetirməlidir. Söhbət banklarda yerləşdirilən əmanətlərdən gedir. Maliyyə sektoru, yəni banklar öhdəliyini icra etmək üçün verdiyi kreditləri yığmalıdır. Yaranmış vəziyyət qapalı dairəni xatırladır. Mən bura (iclasa – red.) gələrkən çox ciddi bir halla rastlaşdım. Deməli, Puşkin küçəsində üzərində “Antikollektor” yazısı olan bir ofis açılıb. Maraqlandım, dedilər ki, son zamanlar bir neçə şirkət yaranıb və onlar insanlara banklara olan borclarını qaytarmamağın yollarını öyrədirlər. Mən qayıdanda o şirkətlə məşğul olacağam… Mən belə başa düşürəm ki, biz oturduğumuz qayığı deşirik. Yaxşı, tutalım ki, borcunuzu qaytarmadınız. Fərz edək ki, sizin heç bankda əmanətiniz də yoxdur. Bəs bank kartı ilə maaş alan insanlar, pensiya alan yüzlərlə, minlərlə insan pulunu necə alacaq?! Bank deyəcək ki, pulum yoxdur, vəssalam! Çünki verdiyim kreditləri antikollektorlar sayəsində geri ala bilmirəm. İnsanlar anlamalıdırlar ki, borc götürülübsə, qaytarılmalıdır. Problemin müxtəlif həlli yolları var. Tutalım, bir insan 500 manat kredit götürüb və oğluna toy edib. Hazırda isə bu pulu ödəməyə imkanı yoxdur. Bank anlayır ki, onsuz bu pul qayıtmayacaq. Çıxış yolu nədir? Kreditlər klassifikasiya olunmalıdır: bir qismi restrukturizasiya olunmalıdır, bir qismi silinməlidir, bir qisminin faizlərinə yenidən baxılmalıdır və sair. Bankların aktivlərinin diaqnostikası aparılmalıdır”, – deyə o qeyd edib.

Rüfət Aslanlının Antikollektor Ofis barədə fikirlərini Meydan TV-yə şərh edən qurumu təmsilçisi Əkrəm Həsənov bildirib ki, 3 gündür fəaliyyət göstərirlər və bu müddətdə 100-dən çox vətəndaş onlara müraciət edib: “Halbuki, öz Facebook səhifəm istisna olmaqla heç bir reklam verməmişik”.

O, ümid edir ki, Rüfət Aslanlıya yanlış məlumat veriblər: “Biz, ümumiyyətlə, “vətəndaşlar borclarını qaytarmasınlar” deməmişik. Əksinə, borcların qaytarılmasını vurğulamışıq. Yalnız iki şərt çərçivəsində danışmışıq: Birincisi, qanunla verilən borclar qaytarılmalıdır. İkinci şərt isə vətəndaşın imkanıyla bağlıdır. Vətəndaşın imkanı yoxdursa və bank onu qorxudursa, o zaman biz vətəndaşı müdafiə edəcəyik. Buna görə də Antikollektor Ofisinin fəaliyyəti qanunsuz ola bilməz. Çünki Antikollektor Ofisi adi hüquq firmasıdır, sadəcə, çox dar ixtisaslaşmış. Yəni geniş yox, sırf bu sahədə xidmət göstərəcəyik. Əgər antikollektor qanunsuzdursa, o zaman Azərbaycanda hüquqi xidmət göstərmək qanunsuzdur”.

Əkrəm Həsənov hesab edir ki, banklar haqsız olduqlarından qorxuya düşüblər: “Necə olur ki, başqa hüquqi xidmət göstərən ofislər haqda heç nə deyilmir, amma bankların marağına kiçicik təsir edən kimi hələ fəaliyyətə başlamamış Maliyyə Bazarlarına Nəzarət Palatasının təyin edilməmiş sədri qanunsuzluqdan danışır?! Mən sənədlərimizi təqdim etməyə hazıram, buyursunlar. O zaman onlar qanunsuz fəaliyyət göstərmədiyimizi görəcəklər. Bütün hallarda mən Aslanlının fikirləri ilə tam tanış olandan sonra geniş açıqlama verəcəm. Çünki mənə dedilər ki, o, bizim haqqımızda başqa fikirlər də səsləndirib”.

Həmçinin oxuyun

3 azyaşlı uşaq anası məhkəmə zalında həbs edildi: əri ondan şikayətçi oldu

Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsində həyat yoldaşına balta ilə xəsarət yetirməkdə ittiham olunan Lalə İmaşova …

Bir cavab yazın