Ana səhifə / Kriminal / Banklar Elman Rüstəmova qarşı birləşir

Banklar Elman Rüstəmova qarşı birləşir

Bağlanan banklar məhkəmə yolu ilə qeydiyyatını bərpa edir, üstəlik birləşmək də istəmirlər

Ölkə banklarının ilin əvvəlindən bir-birinin ardınca bağlanmasının səngiməsi, Mərkəzi Bankın birləşmə təklifini   “saymaması” bank sektorunda maraqlı gəlişmələrin olduğunu göstərir. Üstəlik, bağlanan bankların bir neçəsinin artıq lisenziyasının geri verilməsi Mərkəzi Bankın banklara gücünün çatmaması kimi izah edilir. 
Məsələn, ötən ay bağlanmış banklardan daha birinin lisenziyası bərpa oluna bilər.  Söhbət “Atrabank”dan gedir. Bankdan verilən məlumata görə, məhkəmə lisenziyanın bərpa edilməsi ilə bağlı müvafiq qərar qəbul edib. Hazırda Mərkəzi Bankın bu qərarı icra etməsi gözlənilir. “Atrabank”ın lisenziyası bu il yanvarın 27-də “Qafqaz İnkişaf Bankı” ilə birlikdə ləğv edilib. Bir qədər sonra hər iki bank Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və fonddan verilmiş şəhadətnamə ləğv olunub.
Amma bəzi məqamlar “Atrabank”ın hələ “kitabının bağlanmadığını” göstərir. Məsələ bundadır ki, ilin əvvəlindən 7 bankın lisenziyası ləğv edilib. Bunlar “Bank of Azərbaycan”, “Gəncəbank”, “Yunayted Kredit Bank”, “NBC BANK”, “Atrabank”, “Qafqaz İnkişaf Bankı” və “Texnikabank”dır. Sonradan banklardan birinin- “NBC Bank”ın lisenziyası bərpa edilib. Digər banklardan isə “Bank of Azərbaycan”, “Gəncəbank”, “Yunayted Kredit Bank” və “Texnikabank”ın əmanətçilərinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiyaların qaytarılmasına başlanıb. Göründüyü kimi, “Atrabank” və “Qafqaz İnkişaf Bankı”nınəmanətçilərinə kompensasiyaların verilməsinə hələ başlanmayıb. Qeyd edək ki, bunun üçün həmin banklarda sığorta hadisəsinin baş verdiyi elan edilməlidir. Bununla belə, Əmanətlərin Sığortalanması Fondu hələ ki “Atrabank”da sığorta hadisəsinin baş verdiyini bəyan etməyib və bankın əmanətçilərinə kompensasiya ödənilməsinə başlanmayıb. Baxmayaraq ki, “Atrabank”dan sonra lisenziyası alınmış “Texnikabank”da bu proses artıq başlanıb.
Ekspertlər isə bildirirlər ki, banklar lisenziyanın ləğv olunmasına etiraz edirlər və bu səbəbdən onlar Mərkəzi Bank rəhbəri Elman Rüstəmova qarşı birləşirlər. Bankların öz problemlərini məhkəmə müstəvisinə daşıması isə onu göstərir ki, Mərkəzi Bank hər hansı araşdırma aparmadan ucdantutma bağlamaq prosesinə start verib. Bankın məhkəməyə üz tutub qalib gəlməsi isə Mərkəzi Bankın apardığı araşdırmalara şübhələri artırır.
İddialara görə, Mərkəzi Bank problemli bankları deyil, məhz arxasında “güclü əl olmayan” bankları bağlamaqda israrlıdır. Çünki bankların əksəriyyəti əslində problemlidir və Mərkəzi Bank onların arasında daha zəifini, “adamı olmayan” bankı seçərək bağlayır. Əslində isə ölkə banklarının yarıdan çoxu bağlanmağa namizəddir. Ekspertlərin fikrincə, banklar Mərkəzi Bank rəhbərinə qarşı birləşməklə vaxt udmaq və problemlərinin bir hissəsini həll etməyə çalışırlar.
Ekspert Natiq Cəfərli məsələ ilə bağlı bildirib ki, əslində bankların özlərinin durumu ağırdır və bəzi güzəştlərin olunması vacibdir: “Banklar çox praqmatik düşünürlər ki, onsuz da ödənilməyən kreditlərin həcmi aybaay artır. Dolların məzənnəsinin 1,55 olması, yaxud 1,05 olması əhəmiyyətini itirib. İnsanlar iş yerlərini və qazanclarını itirirlər deyə, kreditlərin geri dönüşündə ciddi problemlər yaranıb. Bəzi güzəştlərin elan olunması o ümidlədir ki, bəlkə kreditlərin geri qaytarılması üçün bir maraq yaranar. Bu kreditlərin bir hissəsini heç olmasa geri qaytara bilərlər. Çünki problemli kreditlərin həcmi 2 milyardı keçib. Mərkəzi Bankla banklar arasında da müəyyən konfliktin olduğu açıq-aşkar görünür. Çünki Mərkəzi Bank sərt monetar siyasət yeridir. Manatın imkanlarını məhdudlaşdırıb. Bankların özlərinin manat problemi yaranıb. Kreditləşmələr demək olar ki, dayandırılıb. Valyutadəyişmə məntəqələrinin bağlanması da banklara əlavə zərər gətirdi. Çünki valyutadəyişmə məntəqələrinin hamısı bankların tərkibində fəaliyyət göstərirdi.
Ola bilər ki, Mərkəzi Bankın atdığı addımlar bir çox bankların maraqlarına toxunur. Mərkəzi Bankla banklar arasında müəyyən konfliktin olması də normaldır. Çünki yeddiyə yaxın bank artıq bağlandı, bir çoxlarının bağlanması və yaxud da təmərküzləşməsi problemi hələ də ortalıqdadır. Mərkəzi Bank lisenziyaların geri çəkilməsində və yaxud da təmərküzləşmə prosesinin sürətlənməsində israrlıdır. Mərkəzi Bankın bu addımları bir çox bankların maraqlarına toxunduğundan, maraqların konflikti yaranıb. Amma məhz bu kredit məsələsini konfliktin nəticəsi olaraq görmürəm. Əslində banklar müəyyən dərəcədə, az da olsa, kreditlərin geri dönüşündə irəliləyiş əldə etmək istəyirlər. Çox güman, atılan addımlar bununla bağlıdır”.
Ekspert Əkrəm Həsənov isə musavat.com-a açıqlamasında qeyd edib ki, bankların Mərkəzi Banka qarşı birləşməsinin artıq heç bir əhəmiyyəti yoxdur: “Onsuz da Mərkəzi Bankın artıq bir aydan sonra banklarla bağlı bir çox səlahiyyətləri əlindən alınacaq və yeni yaradılmış palataya veriləcək. Palatanın bu yaxınlarda sənədləri təsdiq ediləcək. Onsuz da bundan sonra Elman Rüstəmovun banklar üzərində gücü, nəzarəti qalmır. Bir səlahiyyəti qalır- banklara kredit vermək. Banklar birləşsələr, yəqin o sahədə bundan sonra birləşə bilərlər”.
musavat.com

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın