Cümə , Noyabr 22 2019
Ana səhifə / Kriminal / Banklar dolları 1.70 manatdan alır, növbəti kəskin ucuzlaşma gözlənilir

Banklar dolları 1.70 manatdan alır, növbəti kəskin ucuzlaşma gözlənilir

Xəbər verildiyi kimi son iki gündə Mərkəzi Bankın keçirdiyi hərraclarda dolların manata nisbətən məzənnəsi kəskin aşağı düşüb. Bir müddət əvvəl dolların 1.95 manata qədər qaxan rəsmi məzənnəsi bu gün Mərkəzi Bankda baş tutan hərrac nəticəsində 1,8251 manat səviyyəsində formalaşıb.

Mərkəzi Bankın hərrac nəticələrini elan etməsindən sonra Bakıda bəzi banklara baş çəkdik və məlum oldu ki, banklarda dolların qəbulu rəsmi məzənnədən də xeyli aşağı düşüb.

Belə ki, bir gün  əvvəl  1 ABŞ dollarına görə 1.77 manat ödəyən banklar indi bu rəqəmi 1.7 manata qədər endiriblər.   Bəs dolların kursunun kəskin ucuzlaşması əhali arasında ajiotaj yaradıbmı? Dolları olanlar valyutanın daha da ucuzlaşmasından ehtiyat edərək təcili dəyişməyə, yoxsa saxlamağa üstünlük verirlər?

Virtualaz.org müşahidə edib ki, bankların kassalarının qarşısında demək olar ki müştəri yoxdur. Nə dollar alana, nə satana rast gəlinmir, dolları olanlar hələ ki, gözləmə mövqeyindədirlər. “AccessBank”, “AzərTürk Bank”, “Bank of  Baku”dan müştərilərin əvvəlki günlərlə müqayisədə xeyli azaldığını dedilər.

“Dolları olanlar bugünkü hərracın nəticələrini gözləyirdilər. Bugünkü hərracda Mərkəzi Bank dolların məzənnəsini 1.87 manatdan 1.82 manata saldı. Ona görə də bu kurs insanlara sərf eləmir. Hələ ki, dollar gətirib dəyişənlər azdır, demək olar ki, yoxdur”, – deyə “AccessBank”dan bildirdilər.

“Bank of Baku”nun əməkdaşının sözlərinə görə, dolları dəyişmək üçün banka müraciət edənlər daha çox gündəlik xərclərini ödəmək üçün valyuta dəyişənlərdir: “Dolların kəskin düşməsi əhali arasında ajiotaj yaradıb. Yəqin ki, nahardan sonra gətirib dəyişənlərin sayı bir az artacaq. Dəyişən var, amma elə də çox deyil. Xatırlayırsınızsa, Türkiyədə prezident Ərdoğan dollardan imtina etdiyini demişdi. Həmin gün bizdə müştərilərdən dolların alışı daha çox olmuşdu, nəinki bu gün. O günlərlə müqayisədə cüzi məbləğ almışıq. Amma dəyişən var, bunlar daha çox gündəlik xərclərini ödəmək üçün valyuta dəyişən adamlardır, amma proses kütləvi deyil. Əhali hələ ki, əlində olan pulu saxlayaraq dolların qalxacağına ümid edir”, – deyə əməkdaş bildirib.

Növbəti müşahidə apardığımız “Nikoil Bank”da 1 dollar 1.70 manatdan qəbul edilirdi. Lakin ümumilikdə dolların məzənnəsinin necə dəyişəcəyi məlum olmadığı üçün insanlar həm almağa, həm də satmağa ehtiyat edirlər. Dollara tələbat azalması, bankların  dollarla bağlı təkliflərinin daha sərfəli olması “qara bazar”a tələbatı da kəskin azaldıb. Buna görə də, “qara bazar”da demək olar ki, durğunluq hökm sürürdü. “28 May” metro stansiyasının qarşısında qeyri-leqal dollar alveri ilə məşğul olanların bildirdiklərinə görə, dolların kursunun enməsi onların da işini çətinləşdirib.

“Biz dolları 1.75 manata alırıq, 1.78 manata satırıq. Amma özünüz də görürsünüz ki, yaxınlaşıb dollar dəyişənlər azdır. Dollar almaq istəyənlər ehtiyat edirlər ki,  birdən daha da ucuzlaşar. Almaq istəyən, satmaq istəyən gedir banka”, – deyə dollar alverçisi bildirir…

Bankların dolların qəbulu üçün məzənnəni Mərkəzi Bankın elan etdiyi məzənnədən xeyli aşağı müəyyən etməsi belə təxmin etməyə əsas verir ki, növbəti hərracda da dollar tələbat azalacaq və məzənnə aşağı düşəcək. Bu prosesin nə qədər çəkəcəyi isə hələ məlum deyil.

Həmçinin oxuyun

“Araz” marketin iki işçisi bıçaqlandı

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.APA xəbər verir ki, rayonun Zabrat qəsəbəsində yerləşən “Araz” …

Bir cavab yazın