Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Kriminal / Banka saxta dollar satmaq istəyən çinlilər səfirlikdən nümayəndə istədilər- Təfərrüat

Banka saxta dollar satmaq istəyən çinlilər səfirlikdən nümayəndə istədilər- Təfərrüat

Bakıda saxta dollar kəsən çinlilər hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul kəsməkdə təqsirləndirilən 1988-ci il təvəllüdlü Chen Vonq Lin, 1963-cü il təvəllüdlü Lin Zhi Fanq və Rusiya Federasiyası, Dağıstan Respublikasının vətəndaşı 1966-cı il təvəllüdlü Rəsulov Məhəmmədrəsul Muxtaroviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

Elan olunmuş ittiham üzrə hər üç şəxs özünü təqsirli bilmədiklərini, onlardan qanunsuz olaraq ifadə alındığını söyləyiblər.

Təqsirləndirilən şəxslər vətəndaşı olduqları ölkənin Azərbaycandakı səfirliyinin nümayəndəsinin məhkəməyə gəlməsini istəyiblər.

Məhkəmədə şahid qismində Elvin Binyətov ifadə verib. O, “Rabitə Bank”ın “Yasamal” filialının əməkdaşı olduğunu deyib.

Şahid söyləyib ki, hadisə zamanı həmin şəxslərdən Məhəmmədrəsul Rəsulov banka yaxınlaşıb və kassaya ABŞ dolları təqdim edib: “Digər şəxslər isə ondan əvvəl banka daxil olmuşdular. Sonra isə çölə çıxmışdılar. Kassada pullar yoxlanılan zaman saxta olduğu məlum oldu. Biz də akt tərtib edib, aidiyyatı quruma məlumat verdik”.

Məhkəmədə “Rabitə Bank”ın “Yasamal” filialının xəzinadarı Elçin İbrahimov da dindirilib.

Şahid söyləyib ki, M.Rəsulov banka gəlib, əməliyyat şöbəsində kartına 20 min dollar köçürmək istədiyini bildirib: “O, sonra kassaya yaxınlaşdı. Pulları yoxlayanda saxta olduğunu bildim. Pulların üzünə baxanda da saxta olduğu bilinirdi. Dollarların saxta olduğunu Rəsula deyəndə pulların ona məxsus olmadığını bildirdi. Çin vətəndaşları isə bankdan kənarda dayanmışdı”.

Məhkəmənin növbəti iclası oktyabrın 23-də davam etdiriləcək.

İttihama görə onlar Yasamal rayonu Şərifzadə küçəsində yerləşən “Rabitə Bank”ın “Yasamal” filialında külli miqdarda saxta dolları dəyişmək istəyərkən tutulublar.

Məlumata görə, onlar saxta 18900 ABŞ dolları olan əskinazları dəyişmək istəyərkən tutulublar. Onlar maddi subut ilə birgə saxlanılaraq polis idarəsinə təhvil veriliblər.

Hər üç şəxsə qarşı Cinayət Məcəlləsinin 204-cü (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …