Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Bank VTB-də ekstrasenslər işləyir, yoxsa dələduzlar? – İttiham

Bank VTB-də ekstrasenslər işləyir, yoxsa dələduzlar? – İttiham

21 fevral devalvasiyasının ildönümünə az qalıb. Həmin hadisə çox gözlənilməz idi. Çünki Mərkəzi Bankın sədri ondan bir neçə gün öncə xalqa söz vermişdi ki, devalvasiya olmayacaq. Amma ölkəmizdə ən azı bir bank var ki, onun yüksək vəzifəli işçiləri, deyəsən, devalvasiya olacağını qabaqcadan bilirdi. Belə ki, məndə olan məlumata görə, devalvasiya günü olan şənbə (21 fevral) ərəfəsində, yəni cümə günü (20 fevral) onlar manat əmanətlərini dollara çeviriblər. Söhbət çox iri məbləğlərdən gedir. Məsəslən, təkcə bir vəzifəli şəxsin əmanəti 100 000 manata yaxın olub.
Söhbət Rusiyanın törəməsi olan Bank VTB (Azərbaycan) ASC-dən gedir. Görəsən, bu bankın işçiləri devalvasiya olacağını haradan bilib? Bəlkə həmin işçilər ekstrasensdir və Elman Rüstəmovun gizli fikirlərini oxuya biliblər? Belədirsə, bəlkə onlardan istifadə edək? Qoy indi də öz xüsusi bacarıqlarından Vətən üçün istifadə etsinlər!
Əlbəttə, əgər sözügedən əməliyyat məhz fevralın 20-i olubsa! Çünki ola bilər ki, əməliyyat devalvasiyadan sonra köhnə tarixlə rəsmiləşdirilərək həyata keçirilib. Axı söhbət rəhbər şəxslərdən gedir. Bankın bütün sistemləri əllərindədir, istədiklərini edə bilərlər. Məsələn, təsəvvür edək ki, şənbə günü (21 fevral) devalvasiyadan xəbər tutan kimi həmin rəhbər işçilər tələsik banka gəlirlər və dünənki tarixlə aşağıdakı əməliyyatları rəsmiləşdirilər və günün sənədlərində bütün lazımi düzəlişləri edirlər (həm kağız, həm də elektron məlumat daşıyıcılarında): 1) manat əmanətlərini geri götürürlər; 2) geri götürülmüş manatı dolları çevirirlər (təbii, 0,78 məzənnəsi ilə!) və banka dollar əmanəti kimi yerləşdirirlər. Bununla da bankın digər əmanətçiləri və borclularından fərqli olaraq, devalvasiyadan heç bir zərər çəkmirlər!
Düzdür, bu halda söhbət artıq ciddi qanun pozuntusundan və banka (yəni onun əmanətçilərinə!) xeyli miqdarda vurulmuş zərərdən gedir. Ümid edirəm ki, əslində, belə olmayıb və VTB-nin işçiləri doğrudan da ekstrasens, yaxud da dahi maliyyəçidirlər. Bəlkə də Corc Sorosdan da dahi!
Buna görə də həmin şəxslərdən bir xahişim var. VTB əhaliyə və sahibkarlara külli miqdarda dollar krediti sırımış (o cümlədən qanunsuz olaraq da!) banklardan biridir. Qoy öz istedadlarından istifadə edərək həmin borclulara da kömək etsinlər…
P.S. Görəsən, 20 fevral tarixində VTB-də işçi olmayan daha neçə nəfər manat əmanətini dollara çevirib? Görəsən, digər banklarda da belə hallar olub? Ümumiyyətlə, 20 fevral tarixində manat əmanətini dollara çevirən başqa şəxsər olubmu?
Əkrəm Həsənov, bank işi üzrə mütəxəssis

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …

Bir cavab yazın