Ana səhifə / Kriminal / Bank kredit kartları niyə azalır? – 3 SƏBƏB

Bank kredit kartları niyə azalır? – 3 SƏBƏB

Azərbaycan banklarının təklif etdiyi kredit kartları kəskin azalıb. Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, son 3 ilin statistikasına əsasən bankların təklif etdiyi kredit kartları sürətlə azalıb. Belə ki, 2014-cü ildə ölkə üzrə kredit kartlarının sayı 1302 idisə,  2015-ci ildə 1010, 2016-cı ildə isə 631-ə qədər aşağı düşüb. İqtisadçı-ekspertlər bunun bir neçə səbəbinin olduğunu bildiriblər.

1. Son iki ildə kreditlərin verilməsi dayandığı üçün plastik kartlar da verilmir
İqtisadçı-ekspert Elman Sadıqov fins.az-a bildirib ki, bu  əsasən 3 amillə bağlıdır. Birincisi son iki ildə banklar tərəfindən həm kreditlər, həm də bunun üçün plastik kartların verilməsi demək olar ki dayanıb. Bu baxımdan kredit kartlarının azalması təbiidir.
2. Kredit kart sahibləri borcları geri qaytara bilmirlər
Digər məsələ ondan ibarətdir ki, bir çox aktiv kredit kartları  banklar tərəfindən  yüksək və yaxud orta məbləğdə verilib. İqtisadi durğunluq nəticəsində iş yerinin itirilməsi, müxtəlif səbəblərdən ödəniş qabiliyyətinin olmaması nəticəsində həmin kartlar üzrə ödənişlər edilməyib. Belə olan halda banklar  həmin kartları adi kreditə çeviriblər. Yəni restrukturizasiya ediblər. Məsələn müştərinin 2 min manatlıq kredit kartı varsa, müddətin sonunda həmin krediti ödəyə bilmirsə bir dəfəyə ödəmə imkanı olmadığından həmin krediti normal annuitet cədvəli ilə ödənilən kreditə çevirirlər. Yəni, bir il müddətində aylar üzrə ödəmə tətbiq edilir. Kredit kartlarının azalmasının ikinci səbəbi də budur.
3.Azərbaycanda banklar məcburi ödəniş tətbiq etmirlər
Kredit kartlarının azalmasının daha bir səbəbi bankların məcburi ödəmə tətbiq etməməsidir. E.Sadıqov bildirib ki, bir neçə bank tərəfindən tətbiq edilən taksit (hər hansı mal alışı və ya xidmət üçün ödənilən məbləğin hissə-hissə geri ödənişi) kartları istisna olmaqla Azərbaycanda adətən banklar kredit kartlarını VİP müştərilərə, xüsusi müştərilərə verirdi. Dünya ölkələrində isə adətən kredit kartları əmək haqqının 2-3 mislində gündəlik alış-veriş üçün, xərcləri qarşılamaq üçün verilir.Ayın sonunda da kreditlərdən bir hissəsinə məcburi qaydada ödəmə tətbiq edilir. Məsələn, ay ərzində kredit kartından 1000 manat alış-veriş edilirsə və ya nağd vəsait çıxarılırsa ayın sonunda onun 15-20%-ni banka geri qaytarmaq məcburidir. Bu vasitə ilə müştərinin ödəmə qabiliyyətini davamlı nəzarət altında saxlamağa, kredit kartlarından isə daha aktiv və təyinatına uyğun istifadə edilməsinə şərait yaradır. Amma Azərbaycanda cəmi bir-iki bank məcburi ödəniş tətbiq edir. Nəticədə həm daha böyük məbləğli kredit kartlarından bir dəfəyə istifadə üçün meyllər artır, həm də kredit kartından çıxarılan məbləğ yığılaraq sona qalır və axırda ödənilməsi çətinlik yaradan kreditə çevrilir. Qeyd edək ki, VİP müştərilərə verilən iri məbləğli kredit kartlarında vəziyyət azacıq fərqlidir. Bu kartlar üçün də aylıq məcburi ödəniş tətbiq olunur və bu kartlarda da ödənilməyən hissəyə ikiqat faiz tətbiq olunur. Lakin bu məbləğin ödənilməsi ödəmə qabiliyyəti yüksək olduğu üçün VİP müştəridən tələb olunmur.  VİP müştəri statusuna olan tələblər isə yüksəkdir və belə kartlar kütləvi verilmir.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın