Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Bank dollar satmırsa, vətəndaş nə edə bilər?

Bank dollar satmırsa, vətəndaş nə edə bilər?

Hazırda əksər kommersiya bankları dollar satmaqdan imtina edir. Bu barədə “Yeni Müsavat”ın redaksiyasına iş adamlarından məlumat olub. Onların sözlərinə görə, bazarda dollar ala bilmədikləri üçün idxal-ixrac əməliyyatları iflic vəziyyətində düşüb və məhz bu səbəbdən külli miqdarda ziyan çəkiblər.

Banklar hərraclarda Mərkəzi Bankdan və Dövlət Neft Fondundan dollar alsa da, ikinci mərhələdə onu satmır və saxlamağa üstünlük verirlər. Səbəb isə dolların günbəgün artan qiymətidir. Digər tərəfdən bankların bu cür davranması da bazarda dolların bahalaşmasına gətirib çıxarır.

Bəs, görəsən bankların bu addımı qanun pozuntusudurmu? İş adamları dolları ola-ola satmaqdan imtina edən bankı məhkəməyə verə bilərmi? Bu problemin həlli yolu nədir?

Hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov da açıqlamasında bildirdi ki, bank müştərilərdən dollar alırsa, yəni mübadilə xidmətini göstərirsə, həm də satmalıdır, bu şərtlə ki, dolları var. Ümumən isə valyuta satışı kommersiya fəaliyyətidir və bankı mütləq bu əməliyyatları aparmağa məcbur etmək olmaz. Normal şəraitdə bank valyuta alverindən gəlir əldə edir. Kim gəlir əldə etmək istəməz ki? Ancaq bu baş vermirsə, iki səbəb ola bilər. Əvvəla, dolların daha da bahalaşması gözləntisi var, buna görə də saxlayıb daha baha satmaq istəyirlər. Amma bunu da sonsuza qədər etmək olmaz. Çünki banka manat da lazımdır. Deməli, əsas səbəb bu deyil, amma səbəblərdən biridir”.

Ekspertin sözlərinə görə, əsas səbəb Fondun banklara tələb olunan qədər dollar satmamasıdır: “Banklara dollar ilk növbədə öz ödənişləri üçün lazımdır. Məsələn, xarici borcları ödəmək üçün. Digər tərəfdən, bankların iri müştərilərinə ilin sonu yaxınlaşdıqca dollar çox lazımdır ki, onlar da xarici ödənişlərini etsin. Bank niyə də bütün iri müştərilərinə dolları satmasın, əgər varıdırsa? Axı burada müştərini itirəcək. Deməli, Fond banklara dolları az satır. Əslində Fondun dollar satmaq vəzifəsi də yoxdur”.

Əkrəm Həsənov vurğuladı ki, banklara dollar satmaq vəzifəsi Mərkəzi Bankın üzərindədir: “Dolların məzənnəsini elan edibsə, həmin məzənnə ilə də satmalıdır. Satmırsa, deməli, məzənnəsi saxtadır, real deyil və devalvasiyaya getməlidir. Mərkəzi Bank isə nə kəskin və qaçılmaz devalvasiyaya gedir, nə də dollar satır. Nəticədə ölkə iqtisadiyyatı, ödəniş sistemimiz iflic vəziyyətə düşüb. Nəinki idxal-ixrac, heç daxili ödənişlər də icra olunmur”.

Hüquqşünasın sözlərinə görə, vətəndaş heç bir halda bankı dollar satmadığına görə məhkəməyə verə bilməz: “Yalnız Maliyyə Bazarlarına Nəzarət Palata sanksiya tətbiq edə bilər. Əgər məlum olsa ki, bank əhalidən dollar alır və dolları ola-ola satmır, bu halda sanksiyaya məruz qala bilər”

Bəs, çıxış yolu nədir?

Ekspert bildirdi ki, yeganə çıxış yolu banklara kifayət qədər dollar satmaqdır: “Ya Neft Fondu və Mərkəzi Bank bankların tələbatını indiki məzənnə ilə, ya da kəskin devalvasiya ilə yeni məzənnə ilə ödəməlidilər. Onlar isə ehtiyatlarını da qorumaq istəyirlər, devalvasiyaya da getmək istəmirlər. Yəni əhali və sahibkarlar burada heç nə edə bilməz. Dövlət qurumları bu məsələdə tədbirli olmalıdır”.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …

Bir cavab yazın