Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Bank əmanəti, yoxsa dövlət istiqrazı?

Bank əmanəti, yoxsa dövlət istiqrazı?

Təbii, başlıqdakı sual vətəndaşlarımızın çoxu üçün maraqlı deyil. Çünki nəinki artıq pulları yoxdur, ümumiyyətlə borc içindədirlər. Bununla belə, hətta əlində cüzi vəsaiti olan da onu hansı alətdə saxlamağı düşünür və bundan narahatdır.
1. Evdə saxlasın? Təhlükəlidir! Böhran dövründə oğurluq və qarətlərin sayı həmişə artır. Uzaq başı pulun bir hissəsini saxlamaq olar.
2. Daşınmaz əmlak alsın? Heyfi gəlir! Axı daşınmaz əmlakın qiyməti düşür və böyük ehtimalla hələ xeyli düşəcək də.
3. Xaricdə əmlak alsın? Bunun üçün pulun çox, yanında isə peşəkar və etibarlı məsləhətçi olmalıdır. Xeyli miqdarda pula malik olanlar artıq çoxdan xaricdə mülk və digər əmlak alıblar.
4. Banka əmanət qoysun? Məsləhət deyil! Ona görə ki, bank sistemi çox ağır vəziyyətdədir (problemli kreditlərin həcmi dəhşətli səviyyədədir, bankların çoxu faktiki müflisdir). Son 6 bankın bağlanması onu göstərdi ki, Mərkəzi Bankın rəhbərliyini bank sisteminin sağlamlaşdırılması deyil, öz şəxsi mənafeləri düşündürür (bu barədə son günlər ərzində fikirlərimi bölüşmüşəm). Yalançı Elman Rüstəmovun rəhbərlik etdiyi sistemə necə etibar etmək olar axı? Onun imzası olan manata necə etimad etmək olar? Yanvar bitmək üzrədir, lakin hələlik heç bir bank ötən ilin 4-cü rübü üzrə hesabatını dərc etməyib. Halbuki, qanunvericiliyə görə bunu etməli idilər. Belə qeyri-şəffaf bank sisteminə necə etibar etmək olar? Əlbəttə, sağlam banklarımız var. Lakin qeyri-sağlam bankların da bazarda qalması sağlamları da müxtəlif xəstəliklərə yoluxduracaq. Bu qaçılmazdır!
Əmanətlərin tam sığortalanması sisteminə də etibar etmək olmaz. Çünki əmanətlərin dövlət təminatı yoxdur. Sığortanı Əmanətlərin Sığortalanması Fondu edir. Dövlət Fonda bir qəpik də vermir və onun öhdəliklərinə görə cavabdeh də deyil. Yəni sabah bir-iki bank da ləğv edilsə, Fond onun əmanətçilərinə heç nə ödəyə bilməyəcək (axı məbləğindən asılı olmayaraq bütün əmanətləri qaytarmalı olacaq!). Dünən həmin Fondun rəhbəri bunu faktiki etiraf edib və deyib ki, bu halda kredit alacaq. Amma deməyib ki, kredit ala bilməsə, nə olacaq? Onun yerinə mən deyim: bu halda əmanətlər batacaq! Fondun rəhbəri dünən digər bəyanat da verib: deyib ki, Bank of Azərbaycan sığortalanmış əmanətlərin həcmi haqda yanlış məlumat verib və əslində həmin məbləğ azdır. Bu biabırçılıqdır! Bəs Mərkəzi Bank hara baxıb? Nəyə nəzarət edir onda? Bu cür işləyən bank və əmanətlərin sığortalanması sisteminə etibar etmək olarmı?
5. Dövlət istiqrazı alsın? Hazırda Maliyyə Nazirliyi dövlət istiqrazları buraxır və bank sisteminə etibar etməyənləri pulunu istiqraza yerləşdirməyə çağırır (düz də edir, çünki pulun yastıq altında qalması doğrudan da iqtisadiyyatımız üçün pisdir). İstiqrazlar həm manatda (yüksək faiz dərəcəsi ilə), həm də dollarda (aşağı faiz dərəcəsi ilə) olacaq. Təbii, manat istiqrazı almaq təhlükəlidir. Ən azı yalançı Elman Rüstəmovun imzasının manat üzərində olduğu dövrdə, çünki Rüstəmovun vəzifədə qalması növbəti devalvasiya təhlükəsinin sovuşmamasından xəbər verir (neftin qiyməti artsa belə, çünki bizdə neftin hasilatının həcmi də düşür). Buna görə də yalnız dollar istiqrazlarının alınması məqsədəuyğundur.
İstiqraza qoyulan pulun batması təhlükəsi varmı? İstənilən pul qoyuluşunun batması təhlükəsi var! Sadəcə hər şey nisbidir. Bank əmanəti ilə müqayisədə dövlət istiqrazı daha təhlükəsiz alətdir, xüsusilə dollardadırsa. Əvvəla, ona görə ki, bu istiqrazlara görə dövlət məsuliyyət daşıyır. Dövlətin isə hazırda, deyilənə görə, 30 mlrd. dollardan çox ehtiyatı var. Düzdür, həmin ehtiyatın hamısı pulda deyil, xeyli hissəsi xaricdəki mülklərdə və digər əmlaklardadır. Lakin yenə də bu ehtiyatdır, sərvətdir.
Amma tutaq ki, sabah lap dövlətin maliyyə vəziyyəti ağırlaşdı, ehtiyatlar da əridi getdi. İstiqrazlara qoyulan pulları SSRİ-nin Əmanət bankına qoyulan pulların aqibəti gözləyə bilərmi? Ümumən, əlbəttə, gözləyə bilər. Lakin fərqlər də var. Əvvəla, istiqraza dollar qoyulacaq, deməli, dövlət əvvəl-axır pulu qaytarsa, dollarla qaytarmalı olacaq (SSRİ rublunun acı taleyi ilə müqayisədə bu, üstünlükdür). Digər tərəfdən, bu halda qarşınızda öhdəliyi hansısa bank deyil (lap dövlət bankı olsa da belə), dövlət özü daşıyacaq. Bu isə o deməkdir ki, uzaq başı istiqraz üzrə tələbinizi dövlətə olan borcla əvəzləşdirmək olar. Məsələn, tutaq ki, dövlət istiqraz üzrə öhədliyini icra etmir və pulunuzu sizə qaytarmır. Sizin də dövlətə borcunuz var: misal üçün vergi borcunuz, yaxud gömrük borcunuz və s. Bu halda əvəzləşdirmə tələb edə bilərsiz! Tutaq ki, sizin dövlətə borcunuz yoxdur (və ya azdır), amma başqa şəxsin belə borcu var. Bu halda istiqrazınızı ona sata bilərsiz (yəqin ki, bir qədər aşağı qiymətlə) və əvəzləşdirməni artıq həmin şəxs aparacaq. Əlbəttə, bütün bunlar o halda mümkündür ki, dövlət sivil qanun-qaydalara riayət edəcək və cığallıq etməyəcək…
P.S. Mütəxəssis olaraq mən dövlət istiqrazının bank əmanəti qarşısındakı üstünlüyünü açıqladım. Lakin onu da əlavə etməliyəm ki, bu alətlərin hər ikisi sələmçilik üzərində bərqərar olub. Sələmçilik isə hələ heç kəsə xeyir gətirməyib. Müasir qlobal iqtisadiyyatın problemlərinin kökü də məhz sələmçilikdir. O sələmçilik ki, bütün dinlər tərəfindən lənətlənib və Aristoteldən tutmuş digər filosoflar tərəfindən tənqid edilib.
Buna görə də pulun yerləşdirilməsinin ən düzgün və səmərəli yolu hansısa sahibkarlıq fəaliyyətinə (və ya əmlaka) qoyulmasıdır. Qərb sələmçiliklə deyil, ilk növbədə səhmdar cəmiyyətləri sayəsində inkişaf edib. İnsanlar birləşib, pullarını cəm edib və birgə fəaliyyətlə məşğul olub, nəticədə həm onlar, həm də dövlət qazanıb! Təəssüf ki, biz birləşə bilmirik. Əsas problemimiz də məhz budur…
Əkrəm Həsənov

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın