Ana səhifə / Kriminal / Bakının tullantı metal yığanları niyə işsiz qalıb… – REPORTAJ

Bakının tullantı metal yığanları niyə işsiz qalıb… – REPORTAJ

Bakıda bir sıra metal qəbulu məntəqələri fəaliyyətini dayandırılıb.

Hazırda şəhərin müxtəlif ərazilərindən toplanan metal tullantılarını yalnız “Bakı Steel Company”də təhvil alırlar. Qəbul məntəqələrindən birinin adının çəkilməsini istəməyən işçisi deyir ki, onların eşitdiyinə görə bu Ağ Şəhərdə mis kabellərin oğurluğu ilə bağlıdır. Bu səbəbdən qeyri-müəyyən vaxta qədər paytaxtın bütün metal qəbulu məntəqələrinə qəbulu dayandırmaq göstərişi verilib. Ancaq plastik materialların qəbuluna icazə verilir. Virtualaz.org qara və əlvan metalların qəbul məntəqələrinə baş çəkərək oradakı vəziyyəti öyrənib.

“Yanvarın 12-dən dayandırılıb, səbəbini bilmirik…”

Əvvəlcə Dərnəgül yolunda, Çermet körpüsünün yaxınlığında yerləşən qəbul məntəqələrinə üz tutduq. Qapını üzümüzə açan orta yaşlı kişi dedi ki, burada artıq metal alınmır. Səbəbi isə metalın qəbuluna qadağa qoyulmasıdır.

 “İndiyə kimi şəhərin müxtəlif yerlərindən metal hissələrini toplayıb gətirirdilər, biz də alırdıq. Amma yanvarın 12-dən Bakıda bütün metal qəbulu məntəqələrində metal qəbulu dayandırılıb. Niyə icazə vermirlər, onu da bilmirik. Düzdür, yığıb gətirənlər olur, amma biz götürmürük”, – deyə adını söyləmək istəməyən şəxs bildirdi.

“Ulduz” metro stansiyasının yaxınlığında yerləşən qəbul məntəqələrinin də çoxu bağlı idi. Onlardan ancaq bir neçəsində işçilər gözə dəyirdi. İşçilər məntəqənin həyətində qalaq-qalaq tökülmüş metalları yerbəyer etməklə məşğul idilər. Onlar da  bizimlə təmasdan qaçmağa üstünlük verdi, “rəhbərlikdən heç kim yoxdur, foto çəkməyə icazə yoxdur” deyərək uzaqlaşdılar. Bununla belə fəhlələrdən  öyrənə bildik ki, bəzi məntəqələrdə yalnız gecələr gizli şəkildə metal qəbul edilir.

 

Polis nəzarəti var, ancaq gecələr xəlvəti gətirənlər olur

“Polis nəzarət edir, heç bir maşın gündüz vaxtı metal boşalda bilmir. Ancaq gecələr xəlvətcə gətirənlər olur. O da ancaq kimin yuxarıda adamı varsa, o gizli gətirə bilir. Amma tutsalar 3 min manatdan 5 min manatada qədər cərimə edirlər. Düzdür, hələ tutulan görməmişəm, amma kimi tutsalar qanı batdı. Maşınları kənardan polislər güdür. Göz qabağında heç bir məntəqədə metal alınmır”, – deyə özünü Elman kimi təqdim edən fəhlə qeyd edir.

Səbəbi isə hərə bir cür izah etdi. Bəziləri bunu Ağ Şəhərdəki kabel oğurluğu ilə əlaqələndirsələr də, metal qəbulunun dayandırılmasını kiçik metal qəbul məntəqələrini aradan çıxarmaq üçün edildiyini deyənlər də tapıldı.

 

“Aya 600 manat qazancım olur, amma…”

Qapısı açıq metal qəbulu məntəqələrində işçilərin çoxu danışmaq istəməsə də, ürəkli olub həmsöhbət olanlar da tapıldı. Nəcməddin Məmmədov kimi. Deyir 6-7 ay əvvələ kimi qul bazarında fəhləlik etsə də, 6 aydır bu məntəqədə çalışır. Bir həftədən yuxarıdır ki, məntəqəyə dəmir gətirən maşınların girişinə icazə verilmədiyindən ancaq həyətdə qalan metalları toplamaqla məşğuldur. Hər gün tonlarla ağır dəmir parçalarını boşaldır və zavoda gedəcək maşına yükləyir. Qazancından narazılıq etməsə də, işinin əsl cəhənnəm əzabı olduğunu deyir: “Şükür Allaha pis qazanmıram, aya təxminən 600 manat qazancım olur. Bizə zibilləri gətirənlər əsasən qaraçılardır. Onlar da  Bakı kəndlərindən kilo-kilo toplayıb gətirilər. Tonu 140-150 manata onlardan alırıq, zavoda isə təxminən 160-170 manata satırıq. Hər tonda təxminən 10 manat çörəkpulu qalır. Hər gün səhər 9-dan axşam saat 5-6-ya qədər işləyirik. Günə bəzən olur 20 manat qalır. Heç narazılıq eləmirəm, elə adam var ki, heç ayda 100 manatlıq işi də tapa bilmir. Amma ağır işdir, üst-başım çirkin, zibilin içində. Bəzən özüm-özümdən iyrənirəm. Amma bunsuz da olmur, iki körpə uşağım var, onları bu dəmir-dümür daşımaqla dolandırıram”.

Nəcməddin deyir ki, bu işdə gərək sağlam olasan. Çünki fəhlə maşından ağır dəmirləri götürüb boşaldır, sonra onları başqa bir maşına qaldırır. Onun sözlərinə görə, ağır iş olduğundan bura fəhlə kimi gələnlərin əksəriyyəti 1-2 ay işləyib gedir. İşçilərin sözlərinə görə, bura Bakı ərazisindəki zibilliklərdən və köhnə tikililərdən başqa həm də Tərtər, Bərdə Yevlax, Ağdam, Füzuli, Beyləqan və sair rayonlardan da metal gətirilirdi. Indi artıq rayonlardan da şəhərə metal gətirilmədiyindən bu işdə çalışanların çörək pulu kəsilib.

Bir məntəqənin bağlanması azı 100 nəfəri işsiz qoyub

Fəhlələr məntəqənin bağlanmasından gileylənirdilər ki, məntəqənin sahibinin köməkçisi Şahin Xairov da gəlib çıxdı. Onun sözlərinə görə, əgər yaxın vaxtlarda qəbul bərpa olunmasa, dolanışıq çətinləşəcək. “Deyirlər ki, icazə verəcəklər, amma nə vaxt bilinmir. Amma icazə verməsələr, işimiz çox çətin olacaq. Çünki, bu dəmir tullantılarından nə qədər insanın çörəyi çıxır. Təkcə bizim qəbul məntəqəsinə qara camaat 10-15 tona kimi metal gətirirdi. Ən az olanda 5 ton olurdu. Gün ərzində 10 maşın gəlirsə, hərəsinin ailəsini, uşaqlarını götürsək,  gör nə qədər adam edir. Mənim özümün 3 uşağım var, onun (yaxınlıqdakı fəhlələri göstərir) 3 uşağı var, o birinin 4 uşağı var. Ən azı 100-ə yaxın insan buradan dolanır. Amma təkcə maşınla gətirənlər deyil, bizə araba ilə darta-darta gətirənlər də var. Onların bu işə hamından çox ehtiyacı var. Çünki zavoda necə aparacaqlar?”, – deyə Ş. Xairov deyir.

Plastik tullantıları toplayanlara problem yoxdur

Məntəqə sahibi deyir ki, bu müəssisə VÖEN-lə, tam qanun çərçivəsində işləyib və vaxtı-vaxtında dövlətə vergi də ödəyib.   Metal qəbulundan fərqli olaraq plastik tullantıların qəbul olunduğu məntəqələrin işi yaxşı gedirdi. Baş çəkdiyimiz məntəqəyə daxil olmaq üçün içəriyə yük gətirən və yükünü boşaldıb çıxan maşınları 5-6 dəqiqə gözləməli olduq.

Gətirdiklərini təhvil verən sürücü Əsədulla Kazımov deyir ki,  bunları özü toplamır.

Nərimanov rayonundan gətirdiyi plastik tullantıları toplayanlar qonşuluqda yaşayan uşaqlardır: “Məhəllədə uşaqlar kim nə tapdısa gətirib mənə təhvil verir. Çox olmur, hərəsi cəmi 2-3 kiloqram plastik tullantı gətirir. Maşınım dolanda mən də gətirib buraya təhvil verirəm. Onlardan 10 qəpiyə alırıq, burada 20-25 qəpiyə təhvil veririk. Bu 5-10 qəpik bizim çörək pulumuzdur”, – deyə Ə. Kazımov bildirir.

Həmsöhbətim deyir ki, əvvəllər qazancı daha çox olurdu, çünki hamının evində işlətdiyi yağ və ya meyvə şirələrinin plastik qablarını da gətirib təhvil verirdilər. İndi plastik qabları təhvil alan olmadığına görə, onlar da götürmürlər. Artıq plastik qablar Balaxanı zavodunda ayrılaraq təkrar emala göndərilir… (Virtualaz.org)

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın