Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Bakının “maşın qəbristanlığı”ndakı qanlı avtomobillər

Bakının “maşın qəbristanlığı”ndakı qanlı avtomobillər

Dolların bahalaşması avtomobillərlə yanaşı ehtiyat hissələrinin də qiymətinin kəskin artmasına səbəb oldu. Avtomobillərin ehtiyat hissələri bazarında maşının ən xırda detalından tutmuş mühərrikinə qədər bahalaşmaya məruz qalıb.

Musavat.com-un müxbiri Nizami rayon ərazisində yerləşən avtomobillərin ehtiyat hissələri bazarına baş çəkib, satıcılarla həmsöhbət olub.

Bazarda durğunluq… Alıcı yoxdur…

Buranı ölkənin ən böyük ehtiyat hissələri bazarı hesab etmək olar. Burada hər növ avtomobilin istənilən detallarını burada tapmaq mümkündür. İstər təzəsini, istərsə də ikinci əl ehtiyat hissələri kifayət qədərdir. Hər mağazanın qarşısına qala-qalaq yığılmış avtomobil hissələri buranı maşın qəbiristanlığına bənzədir. Kənardan səliqəsiz görünsə də, hər sahibkarın mağazasının öz sərhədi var. Kimi xaricdən yeni gələn detalları yerbəyer edir, kimisi isə qəzaya uğrayan avtomobilləri sökərək, hissələrə ayırır. Bazarda əvvəlki aylarla müqayisə etsək, xeyli durğunluq hiss olunur.

Bazara ehtiyat hissələri əsasən xarici ölkələrdən gətirilir. Sahibkarlar Almaniya və Dubaydan köhnə avtomobillərin detalları gətirib burada bir qədər yeniləyərək satırlar. Adının çəkilməsini istəməyən sahibkar bazardakı durğunluğun səbəbini belə izah edir: “Bütün ehtiyat hissələri xaricdən dollarla alınıb, ölkəyə gətirilir. Çünki ölkədə bunların daxili istehsalı yoxdur. Dolların kursuna görə, ehtiyat hissələri bazarında qiymətlər dəyişir. Tutaq ki, xaricdən 10 dollara aldığımız bir detalı indi 30 manata satırıq. Kurs 0.78 qəpiklə olan zamanlar isə 10 dollara aldığımızı 15 manata satırdıq. Almaniyada ”zapçast”ın qiymətində heç bir bahalaşma yoxdur. Hər şey bizim pulun başındadır. Üstəgəl gömrük rüsumu da maya dəyərinin üzərinə gəlir və biz baha satmağa məcbur oluruq. Əks halda gərək işləməyək. Bazarın icarə haqqı, bizim gündəlik xərclərimiz qazancımız da bu ehtiyat hissələrinin qiymətinin üzərinə gəlir. Bundan daha böyük dərdimiz isə əlimizdəki vəsaitləri dollara dəyişməkdir. Hansı banka gedirsənsə, dollar almaq müşkül məsələyə çevrilir. Məcbur qalıb “qara bazar”lara üz tuturuq. Elə vaxtlar olub ki, dolları 2 manatdan almışıq. Bu həm işimizi axsadır, həm də cibimizə ziyan vurur”.

Ehtiyat hissələri satışı bazarının yanında “maşın qəbiristanlığı” yerləşir. Ağır qəzaya uğramış, təmiri mümkün olmayan avtomobilləri gətirib burada dəyər-dəyməzinə “metallom” kimi satırlar. Bazarda bir xeyli qəzalı avtomobillərə rast gəldik. Aydın oldu ki, bu cür avtomobillər sahibindən müəyyən qiymətə alınır, onların salamat qalmış ehtiyat hissələrini sökülür və satışa çıxarılır. Sahibkarlar bu işdən bir xeyli qazanc əldə edirlər.
Buraya bir “avtomobil qəbiristanlığı” adının verilməsi də təsadüfi deyil. Elə bahalı avtomobillər var ki, ağır yol qəzasından sonra tullantıya çevrilib. Ərazidə olduğumuz zaman “Mercedes” markalı avtomobilin lazımı detallarını sökən ustadan maraqlı və dəhşətli məqamları öyrəndik:

“Bizim işimiz belə avtomobilləri alıb, detallarını sökməkdir. İndi sökdüyüm maşının dəyəri təqribən 11-12 min manatdır. Keçən il dekabr ayında qarlı havada qəzaya uğrayıb. Sürüşüb, qarşı yola çıxıb, başqa bir avtomobillə toqquşub. İçərisində bir ailə olub, xoşbəxtlikdən bədbəxt hadisə baş verməyib. Yüngül travma alıblar. Bu maşını 4 min manata almışıq. Belə ucuz olmasının səbəbi ön hissəsinin yox vəziyyətdə olmasıdır. Ələ gələsi deyildi. Bir neçə gündür sökürəm. Verdiyimiz pulun mayasını çıxardandan sonra 1000 manat qazanc qalacağını hesablamışıq. Bunun üçün gərək səbirli olasan ki, incə, xırda detallar yarasız hala düşməsin, hamısı qazancdır”.

Qəzalı avtomobillərin bazara gətirilməsinə xüsusi diqqət edilir. Bunu üçün söküntü aparılan ərazilərə polis əməkdaşları nəzarət edir. Hər daxil olan avtomobil haqqında onlar xəbərdar edilir. “Metallom” maşınları sahibindən alarkən belə notariusa gedilir, aralarında müqavilə bağlanılır, etibarnamə alınır. Bu prosedurdan sonra həmin avtomobilin bazara girişinə icazə verilir. Banka borcu olan, yol hərəkəti qaydalarını pozan (radar) avtomobillər yarasız vəziyyətə düşsə də, söküntüsünə icazə verilmir.

Sahibinə məzar olan qanlı avtomobillər…

Burada sahiblərini ölümə aparan olan avtomobillərə də tez-tez rast gəlinir. Elə avtomobil var ki, aylar keçsə də, öz sahibinin qanı üzərindən getməyib. Bu dəhşətli mənzərədir… Belə avtomobillərə baxanda həyat insanın gözündə qaralır.

Həmsöhbət olduğumuz usta zaman-zaman belə durumlarla qarşılaşdığını dedi: “Yol qəzasında ölənlərin, yaralananların, yananların maşınını sökmüşəm. Çox təsirli bir hissdir. Biz bu maşınları sahibindən alanda xeyrini görmək üçün halallığını da alırıq. Nə baş verdiyini də soruşuruq. Kimisi qardaşını, kimisi anasını, kimisi azyaşlı uşağını həmin avtomobildə itirdiyini deyir. Ən dəhşətlisi odur ki, qəzaya düşən avtomobilləri sahiblərindən təhvil ala bilmirik. Çünki əksəriyyəti həyatını itirir… Qohumları gətirib verir bizə. Allah millətimiz qorusun, belə hadisələri heç kimə arzulamıram”.




Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın