Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Bakının keçmiş rəhbərinin qızı ilə bağlı ağılasığmaz faktın üstü açıldı

Bakının keçmiş rəhbərinin qızı ilə bağlı ağılasığmaz faktın üstü açıldı

Əlvan metal toplayıcıları şəhər əhalisinin müqəddəs hissləri ilə oynamaqda davam edirlər. Polis Azərbaycanın tanınmış dövlət xadimi, keçmiş Bakı İcraiyyə Komitəsinin sədri və Bakıdakı bir çox mühüm tikinti obyektlərinin inşasında böyük əməyi olmuş Əliş Ləmbəranskinin qızının büstünü oğurlayan şəxsləri saxlayıb.

Yasamal rayon Polis İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 28-ci bölməsinin əməkdaşları qəbiristanlıqlardan silsilə oğurluq edən şəxsləri saxlayıblar. Saxlanılan Sahib və Mikayıl Əsədullayev qardaşları 30-a yaxın bürünc barelyefi oğurladıqlarını etiraf ediblər.

Araşdırma zamanı məlum olub ki, Əsədullayev qardaşları, eyni zamanda, 1939-cu il təvəllüdlü Elmira Əlişovna Ləmbəranskayanın və 1976-cı il təvəllüdlü Allahverdiyev Namiq Mürvət oğlunun da qəbirüstü büstlərini oğurlayıblar. Onların hər ikisi Şərifzadə küçəsində yerləşən Yasamal qəbiristanlığında dəfn ediliblər.

Qeyd edək ki, Elmira Lənbəranskaya Azərbaycanın tanınmış dövlət xadimi, keçmiş Bakı İcraiyyə Komitəsinin sədri Əliş Cəmiloviç Ləmbəranskinin qızıdır. Azərbaycan SSR Nazirlər Soveti sədrinin tikinti məsələləri üzrə müavini, Ali Sovetin deputatı, Mərkəzi Komitənin üzvü olan Əliş Ləmbəranski Bakı şəhərinin əsas simvollarından olan binaların əksəriyyətinin tikilməsinə rəhbərlik edib.

Onlardan “Bağırov körpüsü”, “Dövlət sirki”, “Respublika sarayı”, “Qaqarin körpüsü” (Cavanşir), Məişət Kondisionerləri zavodu, Opera və Balet Teatrının bərpası, Yeni Bakı Neftayırma zavodu, Musiqili Komediya Teatrı, “Yaşıl teatr”, Gülüstan sarayı və başqalarını saymaq olar.

O, xaricdə gördüyü hər bir gözəl tikilini Azərbaycanda da təkrarlamaq istəyən, sənətinə vurğun böyük və bacarıqlı bir mühəndis olub. Deyilənlərə görə, xarici səfərlərin birində bir binanın tikintisindən xoşu gələn Ləmbəranski həmin binanın planını kibrit qutusunun üzərində çəkib. Bakıya qayıdanda isə həmin binanın oxşarını burada tikməyə nail olub. İndi isə onun “sənət əsəri” sayılan Bakıda qızının qəbirüstü abidəsini adi oğrular soyublar.

İstintaq Əsədullayevlərin yalnız bürünc oğurluğu ilə məşğul olduqlarını müəyyən edib. 7-15 min manat arası qiyməti olan barelyefləri qardaşlar kiçik hissələrə ayırıb əlvan metal qəbuletmə məntəqələrinə aparırlarmış ki, alıcıları onların haradan əldə edildiyini və kimə məxsus olduğunu başa düşməsinlər. Əsədullayevlər həmin bürüncü qəpik-quruşa satırlarmış.

Məlumata görə, Əsədullayevlərin valideynlərindən biri həmin qəbiristanlıqda dəfn edilibmiş. Onlar valideynlərini ziyarətə getmək adı ilə bürünc barelyefləri gözaltı edir, sonra qəbiristanlıqda adam olmayanda, onları qırıb aparırlarmış.

Faktla bağlı araşdırma davam edir. Saxlanılan şəxslər sözügedən qəbiristanlıq ərazisindən 30-dək analoji oğurluq faktı üzrə şübhəli bilinirlər.

Həmçinin oxuyun

3 azyaşlı uşaq anası məhkəmə zalında həbs edildi: əri ondan şikayətçi oldu

Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsində həyat yoldaşına balta ilə xəsarət yetirməkdə ittiham olunan Lalə İmaşova …