Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Kriminal / Bakıda yenə dollar ajiotajı: məzənnə artır, alıcı çoxalır…

Bakıda yenə dollar ajiotajı: məzənnə artır, alıcı çoxalır…

Bu gün Bakının valyutadəyişmə məntəqələrində yenə ajiotaj yaşanıb.

Bir çox məntəqələr dollar satmaqdan imtina edib, yaxud da satışı əhəmiyyətli dərəcədə azaldıb. Səbəb növbəti devalvasiya narahatlığıdır. Valyutadəyişmə məntəqələri bu addımı dolların bahalaşacağı barədə gəzən şayiələrə əsaslanaraq atıb.

Öz növbəsində bu şayiələrə də əsas var. Belə ki, Amerika Mərkəzi Bankı (FED) dolların uçot dərəcəsini 0,25 faizdən 0,5 faizə qədər artırandan sonra mütəxəssislər bu qərarın dünya iqtisadiyyatına təsir göstərəcəyini bildirib. Azərbaycanlı iqtisadçı-ekspertlərin bəzilərinin də fikrincə, ABŞ-ın dollar qərarı manatın da vəziyyətini pisləşdirəcək.

Bütün bunlar, üstəlik neftin 37 dollara düşməsi də əhali arasında növbəti devalvasiya təşvişi yaradıb. Nəticədə 21 fevral devalvasiyasından sonrakı vəziyyət müşahidə olunur – hamı əlindəki manatı dollara dəyişməyə tələsir. Təsadüfi deyil ki, bankların valyuta mübadiləsi şöbələrində müştərilərin sayı bu gün xeyli artıb.

Bunu virtualaz.org saytına açıqlamalarında valyutadəyişmə məntəqələrinin əməkdaşları da təsdiqləyir ki, əvvəlki günlərlə müqayisədə dollar almaq istəyənlərin sayı bu gün xeyli çoxdur.

Virtualaz.org saytının müxbirinin bu gün bir neçə valyutadəyişmə məntəqəsində apardığı müşahidələr göstərir ki, artan təkcə müştərilərin sayı deyil, dolların satış qiyməti də Mərkəzi Bankın müəyyən etdiyi məzənnədən fərqlidir.

Belə ki, bu günə müəyyənləşdirdiyi rəsmi məzənnə 1,0499 AZN/USD olsa da valyutadəyişmə məntəqələrinin böyük əksəriyyətində bu rəqəm 1,06 AZN/USD-dir. Satış qiyməti isə əksər yerlərdə 1,07 AZN/USD nisbətindədir.

Növbəti devalvasiya təşvişi fonunda yayılan daha bir xəbərə görə, valyutadəyişmə məntəqələrində dollar qıtlığı yaranıb. Lakin valyutadəyişmə məntəqələrindən bu xəbəri təsdiqləmirlər.

“Zaminbank”ın valyuta mübadiləsi şöbəsinin əməkdaşı virtualaz.org saytına bildirdi ki, heç bir dollar qıtlığı yoxdur, amma alıcıların sayı artıb. Bir çox valyuta mübadiləsi şöbələrində olduğu kimi burada da qiymətlər Mərkəzi Bankın açıqladığı məzənnədən fərqlidir.

Dolların alış qiyməti – 1,06 AZN/USD, satış qiyməti – 1,69 AZN/USD-dir.

“Atrabank”ın valyutadəyişmə məntəqəsində oxşar vəziyyətlə rastlaşdıq. Orada da həm alıcı bolluğu idi, həm də dollar var idi. Amma dollar rəsmi məzənnədən fərqli qiymətə satılırdı: alış – 1,06 AZN/USD, satış – 1,07 AZN/USD.

“Yunayted kredo bank” və daha bir neçə valyutadəyişmə məntəqəsində də vəziyyət eynidir. Əməkdaşlar bildirir ki, dollar almaq istəyənlərin sayı xeyli artıb.

Baş çəkdiyimiz valyutadəyişmə məntəqələrinin yalnız birindən dolların satılıb qurtardığını, amma yeni partiyanın gələcəyini dedilər.

Valyutadəyişmə məntəqələrində söhbət etdiyimiz müştərilərin fikrinə gəlincə isə onların hamısının rəyi demək olar  ki, eyni oldu: növbəti “dollar zəlzələsi”ndən qorxurlar…

Həmçinin oxuyun

Həmcinslərin intim əlaqəsi: Bakı İslam Universitetinin dekanı niyə killer tutdu? – FOTO

2011-ci il oktyabrın 31-də Bakının Xətai rayonu, NZS qəsəbəsi Sovxoz küçəsində qətl hadisəsi baş verib. …

Bir cavab yazın